"15 sentyabr 1918-ci il Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir" - Vüqar Rəhimzadə

"15 sentyabr 1918-ci il ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu təsdiqləyir. 102 il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi ermənilərdən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri sözün əsl mənasında azərbaycanlı qardaşlarına kömək oldular. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1132 şəhid verib. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir."

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə bildirib ki, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir: «2018-ci ildə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri həmin paradda Türkiyə Silahlı Qüvvələrinin «Türk Ulduzları»nın uçuşlar edib səmada Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəklini çəkmələri bir daha dünyaya mesaj oldu: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır, dostluqları, qardaşlıqları əbədidir, sarsılmazdır, ulu öndər Heydər Əliyevin «bir millət iki dövlət» tezisi bütün dövrlər üçün aktualdır, illər keçdikcə daha da möhkəmlənir. Möhtərəm Prezidentimiz İlham Əliyev paradda bildirmişdir: «Bu gün minlərlə Bakı sakini şəhərin küçələrində bu paradı, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir. Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri deyil, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir.»

V.Rəhimzadə tarixə qısa nəzər salaraq bildirib ki, həmin dövrdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı oldu. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu.

«Şəhidlər Xiyabanında 1918-ci ildə həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır» söyləyən Vüqar Rəhimzadə bildirib ki, təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından şərəflə çıxan Türkiyə-Azərbaycan dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: «Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşdırılan enerji layihələri nəinki iştirakçı, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına dəstəkdir. BTC və BTƏ neft-qaz kəmərlərini həyata keçirməklə regional iqtisadi inkişafın əsasını qoyan Türkiyə-Azərbaycan birliyi bu gün çoxtərəfli çərçivədə özünü nümayiş etdirir. TANAP, TAP layihələri deyilənlərin təsdiqidir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, Azərbaycanın mövqeyini ən yüksək səviyyələrdə dəstəkləyən Türkiyə işğalçı dövlətlə sərhədlərin açılması məsələsi gündəmə gətiriləndə daim Dağlıq Qarabağ probleminin ədalətli həllini əsas şərt kimi irəli sürür. Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimində dövlətimizin başçısı İlham Əliyevin «Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir» fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən qardaş Türkiyəyə dəstəyini böyük qətiyyətlə ifadə etməsi dost ölkədə böyük rəğbətlə qarşılandı. Türkiyənin Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkə olduğunu xüsusi vurğulayan möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycanın heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.»

Baş redaktor məhz keçilən yolun zəngin uğurlarına, ən əsası bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək bu fikri böyük inamla ifadə edib ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək, bir sözlə, bu birliyin işığı daha geniş coğrafiyanı əhatə edəcək. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar