Menu

“Bu, Sudanda yüz ilin rekord daşqınları hesab edilir” – Bakıdakı diplomat

18.09.2020, 16:00
“Bu, Sudanda yüz ilin rekord daşqınları hesab edilir” – Bakıdakı diplomat

“Sudanda Mavi və Ağ Nil çayının daşması nəticəsində 111 mindən çox ailə, ümumilikdə 600 min insan fəlakət zonasından köçürülüb. Fəlakət zamanı 100-dən çox insan həyatını itirib, 50-yə yaxın insan yaralanıb”.

Bunu “AzPolitika.info” saytına Sudanın Azərbaycandakı Səfirliyinin Müvəqqəti işlər vəkili xanım Avadiya Ahmed Yahia ölkəsindəki daşqınlarla bağlı vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, 200 mindən çox ev qismən və ya tamamilə məhv olub.

Avadiya Ahmed Yahia bildirib ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və digər ölkələr, eləcə də bir sıra beynəlxalq təşkilatlar Sudana yardımlar etsə də, ölkənin hələ də köməyə ehtiyacı var: “İnsanların sığınacaqlarda (mobil enerji generatorlarına əlavə olaraq çadırlar, ağcaqanad torları, yorğanlar, döşəklər, branda), günlük yeməyə (qarğıdalı, un, düyü, yağ və s.), sanitariya cihazlarına, mobil tualetlərə, dərmanlara, vaksinlərə və s. ehtiyaclar var”.

Diplomat əlavə edib ki, ştatlarda daha çox yağış yağacağı gözlənilir. Sudan Meteoroloji İdarəsi, sentyabr ayında daha çox yağış yağacağını proqnozlaşdırıb və bu da daha çox daşqına və yerdəyişməyə səbəb ola biləcəyi ehtimalını artırır. Onun sözlərinə görə, səlahiyyətli qurumlar və humanitar təşkilatlar hələ də hesab edir ki, hər gün davam edən yağışlar və müxtəlif əyalətlərdə daşqının təsiri nəticəsində bəzi itkilər və ziyanlar var.

Xatırladaq ki, sentyabrın 6-da Sudanda baş verən təbii fəlakət 1946 və 1988-ci illərdən bu yana görünməyən son 100 ilin rekord səviyyəli daşqını hesab edilir. Daşqınlar, uzun sürən leysan yağışlar və davam edən böyümə templəri nəticəsində Sudandakı 18 əyalətdən 14-ü bu vəziyyətdən ziyan çəkib. Sudan hökuməti ölkəni təbii fəlakət bölgəsi elan etdi və ölkə daxilində üç aylıq fövqəladə vəziyyət elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol