İsveçrə əcnəbilərin İsveçrə bankında hesabları ilə bağlı məlumatları avtomatik paylaşmaq üçün tezliklə Aİ və bəzi ölkələrlə danışıqlar aparacaq.
Oktyabrın 8-də hökumətin bildirdiyinə görə, məlumatlar beynəlxalq standartların formalaşması, parlament və seçicilərin təsdiqindən sonra - ən tezi 2018-ci ildə paylaşılacaq.
Bu barədə "Reuters" xəbər verir.
Qeyd edək ki, 2 trilyonluq aktivlərə nəzarət edən İsveçrə dünyanın ən böyük ofşor maliyyə mərkəzidir. Büdcəsi tükənmiş ölkələr vergidən yayınma hallarının qarşısını almağa çalışırlar. Ona görə də Aİ və ABŞ bank məxfiliyinə son qoyması üçün İsveçrəyə təzyiq göstərir.
Avtomatik məlumat mübadiləsi sisteminə görə, şəxs xarici ölkədə hesab açan kimi öz ölkəsindəki vergi orqanı bundan dərhal xəbər tutacaq. Xatırladaq ki, mayda İsveçrə vergi məlumatlarının paylaşılması üçün digər ölkələrə qoşulmağa, həmçinin beynəlxalq standart formalaşan kimi İsveçrə bankında məxfiliyə son qoymağa razılaşmışdı.
"Əməkdaş ölkələrlə danışıqlar qısa vaxt ərzində başlayacaq. İlk informasiya mübadiləsi 2018-ci ildə həyata keçiriləcək. Münasib bir vaxtda parlamentin və güman ki, seçicilərin lazımi qanun və müqavilələri təsdiqləməsindən sonra bu baş tutacaq", - oktyabrın 8-də hökumət bildirib. Hökumət danışıqlar aparılacaq qeyri-Aİ ölkələri haqqında məlumat verməyib.


Şərhlər