Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

***

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

***

Azərbaycan Ordusu Ağdərə və Tərtər bölgələri istiqamətində irəliləyir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə deyib ki, artıq Fizuli və Cəbrayıl rayonunun bir çox kəndləri işğaldan azad olunub: "Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib".

A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cərbayaıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb..

O bildirib ki, birazdan azad edilən kəndlərin siyahısı açıqlanacaq.