"Ermənistan silahlı qüvvələrinin çox ciddi itkiləri var" - "Bu yüksəklik peşəkarlıqla azad olunub"

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ali Baş Komandanın rəhbərliyi ilə əks-həmlə və əks-hücum əməliyyatları həyata keçirilir. Bu əməliyyatların məqsədi Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsi və ölkəmizin müdafiəsinin təşkil olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, uğurlu əməliyyatlar çərçivəsində növbəti bir yüksəklik də azad edilib. Bu, Murovdağ silsiləsindədir. Artıq Füzuli-Cəbrayıl istiqamətində yeddi kəndimiz Ermənistanın işğalından azad edilib. 

Ermənistan silahlı qüvvələrinin çox ciddi itkiləri var. Lakin düşmən həmişə olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Azərbaycan Silahlı Qüvvələri Cenevrə Konvensiyalarını və beynəlxalq humanitar hüququ əsas götürərək legitim hərbi hədəflərə qarşı özünün hədəf seçimində və hədəflərin zərərsizləşdirilməsində bu prinsip və meyardan çıxış edir.

Prezidentin köməkçisi vurğulayıb ki, Murovdağ silsiləsində Murov yüksəkliyi çox çətin iqlim, relyef və hava şəraitində Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı nəticəsində azad olunub. Bu, 3 min metrdən yuxarıda yerləşən yüksəklikdir. Silahlı Qüvvələrimiz belə bir şəraitdə çətin əməliyyatı uğurla həyata keçirərək böyük yüksəkliyi və onun ətrafında olan digər yüksəklikləri də düşməndən azad ediblər.

Hikmət Hacıyev deyib ki, mövcud vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən də narahatlıq ifadə olunur. Bu narahatlığı Azərbaycan Respublikası da bölüşür. Çünki Azərbaycan Respublikası işğala məruz qalan dövlətdir. Azərbaycan Respublikası həmişə bəyan edirdi ki, Ermənistan Respublikasının Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunu davam etdirməsi vəziyyətin hər an gərginləşməsinə səbəb ola bilər.

Biz Tovuz hadisələrindən bu günə Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi istiqamətində silsiləvi addımları görürük. Prezident, Ali Baş Komandan tərəfindən BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, Ermənistan növbəti təxribatlara hazırlaşır. 

Beynəlxalq ictimaiyyət bununla əlaqədar xəbərdarlıq edildi. Bu gün biz bunun şahidi olduq. Amma Azərbaycan Silahlı Qüvvələrinin ayıq-sayıqlığı və yüksək peşəkarlığı, qısa müddət ərzində toparlanaraq düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirməsi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı daha geniş miqyasda zərərin yetirilməsi və mülki insanlar arasında təşviş yaradılmasına xidmət göstərəcək addımların qarşısının alınmasında əhəmiyyətli oldu.

“Silahlı Qüvvələrimiz tərəfindən mübarizə davam etdirilir, düşmənə layiqli zərbələr vurulur. Məqsədimiz Azərbaycan Respublikası ərazilərinin azad edilməsidir. Bu gün dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan edilib. Vətəndaşlarımızdan xahiş edirik ki, hərbi vəziyyətin tələblərinə ciddi şəkildə riayət olunsun”, - deyə Hikmət Hacıyev vurğulayıb.

635x100

Şərhlər

t.ədalət 2020-09-27 20:25:58

Murovdağ və Kəlbəcəri təslim edən rusistLəR,görəsən nə düşünür..

Son yazılar