Bir çox ölkələr Avropaya təbii qaz tədarük etmək uğrunda böyük mücadiləyə girişiblər. Ancaq bəlkə də bu, təbii qaz satışından daha çox geostrateji mübarizə alətidir. Çünki enerji resursları üzərində inhisar əldə etmək istəyənlər yaxşı anlayırlar ki, bu həm də siyasi təsir vasitəsdir.
Almaniya başda olmaqla, Avropa ölkələri mavi enerjiyə olan ehtiyaclarını müxtəlif istiqamətlərdən təmin edirlər. Məsələn, Almaniyanın qaz idxalında Rusiya mühüm yer tutur. Bu bazar uğrunda Rusiyanı ortadan vurub çıxarmaq istəyən ölkələr içərisində ABŞ-ı da görmək olar. Belə görünür ki, bu məsələdə ABŞ yeganə ölkə olmayacaq. Bilindiyi kimi, Aralıq dənizinin şərq hissəsində zəngin qaz yataqları uğrunda Türkiyə ilə Yunanıstan arsında ciddi gərginlik yaşanır. Yunanıstan bu mübarizədə Misir, İsrail və Fransa tərəfindən ciddi dəstəklənir. Belə bir mübahisəli vəziyyət sözsüz ki, Rusiyaya sərf edir. Moskva öz qazına alternativ mənbələrin bazara daxil olunmasını qətiyyən həzm etməz. Analitiklər belə hesab edirlər ki, Kreml Türkiyə və Yunanıstan arasında yaranmış mübahisənin uzanmasında maraqlıdır.
Polşanın “Biznes Alert” saytı “Türkiyə və Yunanıstan arasındakı rəqabət Rusiya kontekstində” başlıqlı məqaləsində Aralıq dənizində baş verənlərin Kremlin maraqlarına uyğun gəldiyinə toxunur. ”Azpolitika”həmin məqələni təqdim edir:
- Köhnə münaqişə yeni mərhələdə
Afina ilə Ankara arasında uzun illərdir davam edən münaqişənin fonunda meydana gələn yeni mübahisə predmetinin səbəbi Aralıq dənizinin şərq hissəsində karbohidrogen yataqlarının tapılmasıdır. Yunanıstan mübahisəli dəniz zonalarını özünün qitə şelfi hesab edir, Türkiyə isə yunanların iddialarını tam əsassız sayır.
Ümumi vəziyyətə neqativ formada təsir göstərən səbəblərdən biri də türklərin yaşadığı Şimali Kiprin statusunun həll edilməməsidir. Yunanlar adanın şimal hissəsinin müstəqilliyini tanımaq istəmirlər. Elə buna görə də Yunanıstan Kipr adasının şimal akvatoriyasında tapılan faydalı qazıntılara türklərin haqqı olmasını qəbul etmir.
Əgər hadisələrə siyasi razılaşma nöqteyi-nəzərindən yanaşsaq, onda bu istiqamətdəki ən mühüm addımın Kipri, İsraili və Yunanıstanı birləşdirən “EastMed” qaz kəmərinin tikintisi olduğunu görərik. Lakin buna baxmayaraq, həmin coğrafiyada yerləşən Şimali Kiprin statusu və eləcə də Türkiyənin iddiaları indiydək həll olunmamış qalır. Gərginləşən mübahisəyə digər ölkələr də qoşulublar. Fransa Yunanıstanın tərəfini saxlayır və avqust ayında Aralıq dənizinin şərq hissəsinə “Lafayet” freqatını və həmçinin də iki “Rafal” qırıcı təyyarə yollayıb. Fransadan verilən rəsmi bəyanatda deyilir ki, göndərilən bu hərbi texnikalar Yunanıstan Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirir. Çox güman ki, bu addım Fransa və Türkiyə arasında Liviyada baş verən qarşıdurmayla əlaqədardır. Liviyada Paris və Ankara hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı qrupları dəstəkləyir.
Avqustun sonunda vəziyyət o dərəcə ciddiləşmişdi ki, NATO-nun baş katibi Yens Stoltenberq baş verənləri şərh etmək məcburiyyətində qalmışdı. O, bəyan edib ki, alyans mübahisəli dəniz rayonunda keçirilən hərbi təlimlərin gedişində baş verə biləcək təhlükəli insidentin qarşısını almaq üçün tədbirlər görəcək.
Türkiyə özünün “Oruc Rəis” seysmik kəşfiyyat gəmisini və onu müşahidə edən hərbi gəmiləri mübahisəli rayondan çəkdikdən sonra gərginlik nisbətən səngiyib (Ankara “Oruc Rəis” gəmisini həmin akvatoriyaya yenidən göndərəcəyini bildirir). Yunanıstan tərəfi bunu müsbət addım adlandırıb. Amma Türkiyə tərəfi bu regiondakı karbohidrogen yataqlarına olan haqlarından imtina etməyəcəyini bəyan edir.
- İki tərəfin dalaşmasından Moskva uduşlu çıxır
Ankara və Afina arasındakı mübahisə on illərdir davam edir, amma onlar arasındakı yeni münaqişə Rusiya Federasiyasının aktivliyi kontekstindən xüsusi xarakter alır. Son on ildə Rusiya Aralıq dənizinin şərq sahilində öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Onun potensialının yüksəlməsi iki hadisə ilə əlaqədardır. Birincisi, bu Krımın 2014-cü ilin fevral-mart ayında işğalıdır və məhz həmin hadisədən sonra regionun sürətli hərbiləşdirilməsinə başlanıldı. Yarımadada yeni hərbi obyektlərin meydana gəlməsi ilk növbədə Qara dənizdəki potensialın inkişafına xidmət edir. Qara dəniz donanmasının yeni freqatlar, sualtı qayıqlar və raket kreyserləri vasitəsiylə gücləndirilməsi geniş regional miqyasdakı qüvvələr nisbətinə təsir göstərən faktordur.
Onu da xatırlamaq lazımdır ki, Rusiya və Türkiyə birgə qaz kəməri tikintisi sferasında və həmçinin də müştərək hərbi əməkdaşlıqda maraqlıdırlar. Belə ki, Ankara “S-400” zenit-raket kompleksləri alıb.
İkincisi, bu Rusiyanın 2015-ci ildən Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlıdır. Həmin hərbi əməliyyatlar çərçivəsində Suriya limanlarından istifadə etmək imkanı qazanan Rusiya gəmiləri daimi olaraq Aralıq dənizinin şərq hissəsinə yerləşiblər.
Yunanıstan və Türkiyə arasındakı münaqişə Moskvanın maraqlarına o planda sərf edir ki, baş verənlər hər iki ölkənin sıx bağlı olduqları təşkilatları zəiflədir. İlk növbədə, bu, NATO-ya aiddir. Çünki Şimali Atlantika Alyansı Kremlin başlıca təhlükəsi və əsas hərbi rəqibidir.
Sonrakı təşkialt Avropa Biriliyidir. Ankara Avropa Birliyinin üzvü deyil, lakin Türkiyə onun mühüm əməkdaşlarından biridir, xüsusən də miqrant böhranı məsələsində Tükiyə ilə Avropa Birliyi arasında sıx bağlantı qurulub. Miqrantlar Avropaya əsasən Yunanıstan sərhəddindən gedirlər. Bu problemin həlli istiqamətində konkret razılaşma əldə edilməməsi bütün Avropa Biriliyindəki sabitliyi laxladar.
Bütün bunların mühüm aspekti “EastMed” qaz kəmərinin çəkilməsidir. Bu qaz kəməri Avropa Birliyinə təbii qaz tədarük mənbəyinin gələcək diversifikasiyasına xidmət edəcək. Maraqlıdır ki, bu qaz kəməri layihəsinə investisiya qoyuluşunu nəinki təkcə Brüssel, həm də Vaşinqton dəstəkləyir. Yeni qaz kəməri ilə Avropaya ildə 20 milyard kubmetrədək qaz nəql edilə bilər ki, bu, enerji təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Moskva heç nəyin dəyişməməsində maraqldır. Avropa Birliyi üzv ölkələri üçün “EastMed” Rusiyadan yan keçməklə xammal əldə etmək yolunda növbəti strateji element olacaq.
Vaqif NƏSİBOV


Şərhlər