Menu

Hər şeydən öncə Vətəndir! - UNEC professoru

02.10.2020, 21:09
Hər şeydən öncə Vətəndir! - UNEC professoru

Torpağı Vətən edən Azərbaycan əsgəri bu gün şanlı tariximizin daha bir qürurverici səhifəsini yazır.

Azərbaycan Ordusu illərdir ki davam edən düşmən işğalına birdəfəlik son qoymaq əzmi və rəşadəti ilə irəliyə atılaraq düşmənə sarsıdıcı zərbələr endirir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz üçrəngli bayrağımızı qısa zamanda zəbt edilmiş torpaqlarda dalğalandırmaq əzmindədir.

Xalqımız bu müqəddəs amal uğrunda Ali Baş Komandanınətrafında yumruq kimi birləşərək müsəlləh əsgər kimi döyüşmək əzmi nümayiş etdirir.

Bütün bunlar ömrünü elmə həsr edən ziyalı vəelm adamı kimi məni də çox qürurlandırır, haqq işimizin uğurla nəticələnəcəyinə tam əminlik yaradır. Qısa zamanda əldə etdiyimiz uğurlar da göstərir ki, qələbə mütləq şəkildə bizimlədir. Güclü Azərbaycan Ordusu, möhkəm özüllər üzərində qurulmuş iqtisadiyyat, milli birlik, ən əsası xalqımızın qələbə əzmi qarşısında düşmənin uzun müddət tab gətirməsi qətiyyən mümkün deyil. İndi bəzi havadarlarınınbelə üz çevirdiyi Ermənistan məğlubiyyətə məhkum olduğunu yaxşı anlayır. Bu ölkədə mövcud olan despotik hakimiyyət məğlubiyyət məngənəsində çırpınır, erməni cəmiyyəti isə parçalanmış durumdadır.

Yaranmış vəziyyətdə torpaq nisgilinə son qoymaq üçün xalqımızın iradəsi, Ordumuzun gücü, qüdrətidüşməni ruhən, mənən hər keçən gün daha da çox sarsıdır. Bütün bunlar 30 ildən çox davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq uzaqda olmadığının əyani təsdiqidir. İndi hamı qələbəyə töhfəsini verməyə, milli birlik, həmrəylik göstərməyəçalışır və bura ölkədə fəaliyyət göstərən siyasi partiyalar da daxildir. 

Təsadüfi deyil ki, cəbhə zonasında Ordumuzun düşmənə qarşı əks-həmlə əməliyyatları başladıqdan sonra ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaydı, bu məsələdə hakimiyyət və xalqla birlik nümayiş etdirdi. Bu bəyanat Azərbaycanda yaşanan siyasi birliyin təcəssümü olmaqla yanaşı, həm də siyasi mövqeyinə baxmayaraq mütləq çoxluğun vahid amal ətrafında birləşməsinin əyani göstəricisi oldu. 

Ermənistanın işğalçı siyasətinin şiddətlə qınandığı bəyanatda siyasi partiyalar qələbə uğrunda Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarını yüksək səviyyədə bəyan etmiş oldular. Lakin təəssüf ki, dövlətə və xalqa qarşı müxalifətçilik ənənəsindən əl çəkməyən Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları milli və siyasi birliyə kölgə salmaq kimi xəbis niyyətlərini büruzə verdilər: onlar siyasi partiyaların birgə bəyanatına qoşulmaqdan imtina etməklə, milli hisslərdən, vətənpərvərlik ruhundan uzaq olduqlarını nümayiş etdirdilər.

Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti kimi mən də həmin partiyaların bu mövqeyini qınayır, birliyimizə xələl gətirmək cəhdlərini qətiyyyətlə pisləyirəm. İşğal altında olan ərazilərin azad edilməsi üçün hakimiyyəti indiyədək hərbi gücdən istifadə etməməkdə ittiham edən radikal partiyalar bu addımları ilə qeyri-səmimiliklərini bir daha nümayəş etdirdilər. Radikal müxalifətin vətənpərvərlik mövzusu ilə uzun illər ərzində görüntü yaratması, bu məsələdə səmimi olmaması da xüsusi qeyd olunmalıdır. Münaqişənin ədalətli həllinin hər bir Azərbaycan vətəndaşının ən ümdə məsələsi olması fonunda radikal müxalifətin bu mövzudan çirkin “siyasi məqsədlər” üçün istifadə etmələri sadəcə, acı təəssüf hissi doğurur.

İstənilən halda Qələbə bizimlədir: Azərbaycan Ordusunun başladığı əməliyyatları tezliklə başa çatdıracağı, işğal altında olan torpaqlarımızı azad edəcəyi şübhəsizdir. Buna da tam əminik ki, üçrəngli bayrağımız qısa zamanda Şuşada, Xankəndidə və düşmən tapdağından azad edilmiş digər torpaqlarımızda dalğalanacaq!

Professor ƏLİCAN BABAYEV

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

“İqtisadi nəzəriyyə” kafedrasının müdiri,

iqtisad elmləri doktoru

Şərhlər

Səbuhi 2020-10-02 22:21:33

QƏLƏBƏ BİZİMLƏDİR İNŞALLAH İNŞALLAH İNŞALLAH

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol