“Ali Baş Komandan İlham Əliyevin xalqa dünənki müraciəti möhtəşəm idi. Səmimiyyət, qətiyyət və qürur hissi ilə dolu bu müraciət cəbhədən ard-arda gələn zəfər xəbərlərinə xüsusi bir məna, rəng qatdı və xalqımıza bayram sevinci bəxş etdi. Dövlətimizin, Şanlı Ordumuzun və Ali Baş Komandanımızın sayəsində inanılmaz hisslər yaşayırıq”.
Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov “AzPolitika”-ya açıqlamasında belə deyib.
“Mən bu tarixi müraciətdə həm qətiyyətli Prezidenti, Ali Baş Komandanı, həm də sıradan bir Azərbaycan vətəndaşının öz hisslərini içdən gələn formada ifadə etməsini gördüm. Bəli, Ordumuz düşməni torpaqlarımızdan iti qovan kimi qovur! Neçə gündür hamımız öz hisslərimizi məhz bu cür ifadə edirik”, - deputat qeyd edib.
S.Qurbanov hesab edir ki, cəmi bir həftədir davam edən müharibə həm işğalçı dövlətin rəhbərliyi, həm də Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün gələcəyi görmək, düşünülmüş qərarlar qəbul etmək üçün kifayət qədər aydın mənzərə yaradıb. “Mən, bir Azərbaycan millət vəkili kimi Qarabağda yaşayan vətəndaşlarımıza səslənmək istərdim: Uzun illərdir sizə ancaq bədbəxtliklər bəxş etmiş bir cinayətkar rejimdən üz çevirin və öz dövlətinizin yanına qayıdın! Bunu etdikdən sonra normal dövlətdə insan kimi yaşamaq nədir, görməyə başlayacaqsınız!”.
“AzPolitika”


Şərhlər