Menu

Nəcməddin Sadıxovun səlahiyyətlərini artırmaq istəyirlər...

01.11.2013, 19:37
Nəcməddin Sadıxovun səlahiyyətlərini artırmaq istəyirlər...

Milli Məclisdə Azərbaycan Silahlı Qüvvələrində Baş Qərargahın səlahiyyətlərinin artırılması məsələsi qaldırılacaq

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahına Müdafiə Nazirliyinin tabeliyindən ayrılmamaq şərti ilə səlahiyyətlərin artırılması, xüsusi əlavə səlahiyyətlər verilməsi gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu təklif bir qrup deputat tərəfindən irəli sürülüb. Bu təklifin hərbi qanunvericilikdə, eyni zamanda müzakirəyə çıxarılması gözlənilən “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunda nəzərdə tutulması istənilir.

Məqsəd müasir standartlara, eyni zamanda NATO standartlarının tələblərinə uyğun olaraq Baş Qərargaha yüksək statusun verilməsi ilə ordu quruculuğu sahəsində keyfiyyət dəyişikliyinə, qüvvələrin daha səfərbər edilməsinə nail olmaqdır. Təkliflər layihəsinin hazırlanaraq “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanunun müzakirəsi zamanı gündəliyə salınması planlaşdırılır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, bir sıra deputatlarla yanaşı, o da bu təklifin əsas müəlliflərindəndir. Sovet stereotiplərinin tam aradan qaldırılmasının vacibliyini bildirən deputat qeyd edib ki, NATO ilə münasibətlərin inkişafı üçün hərbçilərlə hərbi sistemdə çalışan mülki şəxslərin vəzifələrinin tamamilə ayrılması üçün bu məsələ həllini tapmalıdır: “Müdafiə Nazirliyinin sosial-siyasi vəzifələri ilə hərbi qüvvələrin idarə olunması konkretləşməlidir. Bütün NATO ölkələrində ordu quruculuğu bu formadadır. Baş Qərargahın səlahiyyətləri konkretləşməlidir”.

****

Musavat.com qeyd edir ki, bu təklif hər nə qədər NATO standartları ilə izah olunsa da, heç şübhəsiz, Rusiyanın Azərbaycan Ordusindakı əsas adamı olan Nəcməddin Sadıxovun səlahiyyətlərinin artırılması məqsədi danışıyır. Yeni nazir Zakir Həsənov birbaşa Rusiyanın adamı olmadığı üçün indi Kreml qarşısında N. Sadıxovun orduya təsir və nəzarət imkanlarını daha da yüksəltmək ehtiyacı yaranıb. "Yeni Müsavat" qəzetinin 1 noyabr tarixli sayında da təsbit olunduğu kimi, Rusiya Azərbaycana cazib təkliflər verib; işğaldakı 5 rayonun qaytarılması barədə ən yüksək səviyyəli vəd ortadadır; bunların da irili-xərdalı qarşılıqları var. İddialar var ki, kiçik qarşılıqlardan biri də müdafiə nazirliyi ilə bağlıdır. İndi sadəcə, həmin sürəc həyata keçirilir.

NATO standartlarında isə, müdafiə naziri ümumiyyətlə mülki şəxs olmalıdır.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol