"ATƏŞKƏS SÜLH DEYİL VƏ OLA BİLMƏZ!" - “Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb”

"Təəssüf ki, Ermənistan tərəfindən humanitar əsaslarla atəşkəs rejimindən süni şəkildə istifadə edilir. Atəşkəs özlüyündə sülh deyil və heç bir zaman da ola bilməz”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, hazırkı şəraitdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul edilmiş atəşkəs rejimidir.

H.Hacıyev vurğulayıb ki, bundan sonra diplomatik sahədə fəaliyyət davam etdiriləcək:“İlham Əliyevin rəhbərliyi altında əsas hədəf Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün çalışacağıq”.

Prezidentin köməkçisi biıdirib ki, Ermənistan atəşkəs rejimini pozmaqda davam edir:  “Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildən artıqdır davam etməkdədir. Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin müvəqqəti atəşkəslə bağlı qəbul etdiyi bəyanatdan sonra bu gün də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları davam etməkdədir”.

Onun sözlərinə görə, bu açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir: “Ermənistan müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan ordusu da özünümüdafiə prinsipi əsasında düşmənə cavab verir”.

Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarından sonra Azərbaycan silahlı qüvvələrinin 10 gün ərzində hərbi əməliyyatları uğurla davam edib.

Onun sözlərinə görə, son bir il ərzində baş verən proseslər onu göstərir ki, Ermənistanın münaqişənin həllində maraqlı deyil: “Onlar hər bir vəchlə Azərbaycanın işğal olunmuş ərazilərinin anneksiyası və ilhaqını həyata keçirməyə çalışırdılar. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi danışıqlar prosesinə çox ciddi zərbə vurub.

2016-ci ilin Aprel döyüşlərində ermənilərə vurulmuş zərbəyə baxmayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan bəzi şəxslər hələ də illüziyalarla yaşayaraq, özlərini “qalib” formasında hiss etməyə çalışır və danışıqlar proseslərini uzatmağa, işğal prosesini daha da gücləndirməyə əsaslanmış xətt yürütməyə çalışırdılar”.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına cavabı ilə onların illüziyaları darmadağın edilib: “Ermənistanın ən döyüşkən hərbi hissələri darmadağın edildi. 30 il ərzində Ermənistan bu hərbi sistemi, o infrastrukturu formalaşdırmışdı. Coğrafi baxımdan kiçik bir ərazidə Ermənistan tərəfindən böyük silah, texnika və sursatla təchiz edilmişdi. Azərbaycan silahlı qüvvələri sıx atəş altında belə uğurlu əməliyyat həyata keçirdi. Ermənistanın hücumlarına cavab olararaq yenə də cavablar verilir”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın əks-hücumu ilə status-kvo dəyişdirildi” -deyə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, 30 il ərzindən işğala əsaslanan status-kvo saxlanılırdı:“Bu status-kvonun möhkəmləndirilməsi əsasında Ermənistan tərəfindən həyata keçirilən addımlara layiqli və əsaslı cavab verilmirdi. Bu cəzasızlıqdan da istifadə edən ermənilər işğal siyasətini günbəgün gücləndirirdi. Ermənistan tərəfindən dəfələrlə Azərbaycan torpaqlarında məskunlaşma siyasəti aparılırdı. Buna cavab verilmirdi.

Ermənilərin heç vaxt yaşamadığı Cəbrayıl şəhərində, digər işğal olunmuş ərazilərdə süni məskunlaşma siyasəti aparılırdı. Ermənistanın bu addımına heç bir cavab verilmirdi. Ermənistan Azərbaycana qarşı aparılan bu müharibənin başa çatdığını düşünürdü. Amma artıq status-kvo dəyişdi.

Bir sıra torpaqlar işğaldan azad edilib. Artıq təmas xətti anlayışı yoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistan təmas xəttini guya qondarma rejimlə Azərbaycan arasında sərhəd anlayışı kimi təqdim etmək istəyirdi. Artıq belə bir anlayış da yoxdur”.

H.Hacıyev qeyd edib ki, Ermənistanı sülhə məcburetmə əməliyyatının birinci mərhələsi başa çatıb: “Beynəlxalq ictimaiyyət tərəfindən çağırışlar var. Çağırışlara cavab olaraq Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Ceyhun Bayramov Moskvadakı görüşdə iştirak etdi. Müvəqqəti atəşkəs Cenevrə konvensiyasından da irəli gələn addımdır. Amma görünən odur ki, Ermənistan bundan da istifadə edir, atəşkəsi pozur və xarici jurnalistlər də yerlərdə bunu qeydə alır”.

Prezidentin köməkçisi bildirib ki, heç kim Azərbaycanla şərtlərlə danışa bilməz: “Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğal altında olan Cəbrayıl şəhəri və kəndləri, o cümlədən, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut yaşayış qəsəbəsi və ətraf kəndləri də işğaldan azad edilib”.

Onun sözlərinə görə, bu, Ermənistan üçün böyük psixoloji zərbədir:“Onlar bunun psixoloji zərbəsini yaşamaqdadırlar. Onlar başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayıb və heç zaman da barışmayacaq. İşğal olunan ərazilərimizi tam şəkildə işğaldan xilas etmək uğrunda mübarizəmiz davam edəcək.

Münaqişələr yalnız hərbi deyil, hərbi-siyasi yolla da davam etdirilir. Əsgərlərimizin yerlərdə qazandığı uğurları siyasi, diplomatik vasitələrlə də uğurlara çevirməliyik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında diplomatik cəbhədə də üstünlüyümüz davam edir”.

H.Hacıyev qeyd edib ki, bu günə kimi münaqişənin həllində Ermənistanın Baş naziri Nikol Paşinyan yeddi şərtlə çıxış edirdi: “O israr edirdi ki, danışıqların formatı dəyişdirilməli və qondarma rejim danışıqlar prosesində iştirak etməlidir. Onlar Azərbaycana işğal nəticəsində yaradılmış qondarma rejimi və nəticələrini sanki qəbul etməyə çalışırdılar.

30 ildir danışıqlar prosesində onların bu kimi fəaliyyətinə göz yumurdular. Bu gün hərbi müstəvidə dəyişdirilmiş status-kvodan irəli gələrək, diplomatik status-kvo dəyişdirilir. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz”.

Prezidentin köməcisi qeyd edib ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayanadək Cənubi Qafqaz regionunda davamlı sülhün olması qeyri-mümkündür: 

Onun sözlərinə görə, bu problemin gələcəyə saxlanması yox, bu gün həll olunması lazımdır: “Dünən İlham Əliyev Azərbaycan xalqına müraciətində nəyin nə zaman edilməsi ilə bağlı fikirlərini çatdırdı. Bu gün ölkəmizə qarşı müxtəlif təzyiqlər var.

Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə, xalqımızın milli maraqları əsasında sinə gərməkdədir və axıra kimi də sinə gərəcək. Çünki prezidentimizin siyasətində Azərbaycan Respublikasının milli maraqları ən hakim maraqlardır.

Biz bu kimi təzyiqləri çox görmüşük. Bundan sonra da istisna deyil ki, bu təzyiqlər olacaq. Təəssüflər olsun ki, beynəlxalq dairələrdə də müəyyən qərəzli yanaşma görürük”.

H.Hacıyev deyib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur: “Tələbimiz ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsidir. Əgər Ermənistan atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə prinsipindən istifadə edərək, cavab vermək məcburiyyətindədir”.

Prezidentin köməkçisi vurğulayıb ki, danışıqlar konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır: “Azərbaycan Respublikasının tələbi odur ki, münaqişənin həlli istiqamətində danışıqlar olacaqsa, konkret məzmun, gündəlik və vaxt çərçivəsi olmalıdır”.

Onun sözlərinə görə, işğala əsaslanan status-kvonun dəyişdirilməsindən irəli gələrək, bugünkü vəziyyətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ondan ibarət olmalıdır ki, yaranan imkanı real fürsətlərə çevirək: “Azərbaycan mahiyyətli və nəticəyönümlü danışıqları dəstəkləyir. Biz heç bir zaman imitasiya xarakterli danışılqarın tərəfdarı olmamışıq. Bundan sonra da belə cəhdlər olarsa, qəbul etməyəcəyik”.

“Hədəfimiz işğalın aradan qaldırılmasıdır”, - deyə H.Hacıyev qeyd edib.

“Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi artıq masadadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak edir” -deyə, Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazla qonşu ölkədir: “Burada baş verən gərginliklər Türkiyəni də ciddi narahat etməkdədir. Türkiyə hər bir fürsətdə Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində öz səylərini davam etdirir.

Hesab edirik ki, istər Minsk Qrupu formatı, istərsə də Minsk Qrupunun fəaliyyətini dəstəkləyəcək mexanizm çərçivəsində Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir.

Əminik ki, Türkiyə də bu prosesə öz əsaslı töhfəsini verəcəkdir ki, nəhayət, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılması təmin olunsun. Bu, bütün region dövlətlərinin marağında olan məsələdir”.

H.Hacıyev qeyd edib ki, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxararsa, hərbi əməliyyatların dayandırlması və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olnması həyata keçirilə bilər: “Təəssüf ki, bu günə qədər bunu anlamırlar”.

635x100

Şərhlər

H. Haciyeve sual 2020-10-11 01:57:16

H. Haciyev, bu suala cavab verin : ELAVE 30 il GOZLEMEK LAZIM OLACAQMI ki, ishqalchi Ermənistanı sülhə məcbur etmə əməliyyatının BUTUN mərhələsi başa çatsin........???????????

H. Haciyeve sual 2020-10-11 01:57:16

H. Haciyev, bu suala cavab verin : ELAVE 30 il GOZLEMEK LAZIM OLACAQMI ki, ishqalchi Ermənistanı sülhə məcbur etmə əməliyyatının BUTUN mərhələsi başa çatsin........???????????

Əjdər Sadıqov 2020-10-10 22:20:46

. Mən rus xalqına hörmətlə yanaşıram. Amma Rusiyanın siyası rəhbərliyi haqqında belə bir fikir var: Rusiya ilə bağlanmış müqavilənin dəyəri, onun yazıldığı kağızın qiymətindən çox deyil. Bu gün atəşkəsə çağırır və həmin zamanda ermənistana silah göndərir

Hacı 2020-10-10 20:52:19

...heç olmasa bir düzgün məlumat verin görək nə baş verir.

Ələkbər 2020-10-10 20:25:49

Atəkəs düşmənin taqətdən salındığı,artıq müqavimət halı qalmadığı halda qarşı tərəfə müraciəti əsasıda baş verir.Düşmən tərəfi birbaşa və ya tərəfdaşları tərəfindən müraciət edir.Digər hallarda atəşkəs yalnız bəzi mübahisəli hallarda müvəqqəti razılıq əsasındaolur.Ancaq Bizdə belə hallar yoxdur.

3 həmsədrə 2020-10-10 19:33:11

minsk qrupunun hər bir həmsədrinin üzlərinə tüpürürəm. Hər üç həmsədr nakişi, alçaq, yaramazın yekəsidirlər. TFUUUUUUUUUUUUUUUUUUUUU

Vətəndaş 2020-10-10 18:32:26

Bu sülh deyil,27 il bundan bağlanmış məğlubiyyət aktinin davamıdır. Bəsdirin millət çaşqın vəziyyətdədir,artıq itirəcək bundan artıq heç nə yoxdur

Son yazılar