Menu

“Müharibədən sonra bölgəyə dövlət tərəfindən böyük dəstək paketi olacaq” – Vahid Əhmədov

14.10.2020, 20:00
“Müharibədən sonra bölgəyə dövlət tərəfindən böyük dəstək paketi olacaq” – Vahid Əhmədov

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumata görə, sentyabrın 27-dən, müharibə başlayandan bəri Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib. Agentlik bildirib ki, quruma, əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarından müraciət edilib.

Məlumatda deyilir ki, atışma nəticəsində daha çox ailə təsərrüfatlarına, ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə, çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.

Xatırladaq ki, son beş ildə Azərbaycanın müdafiə xərcləri iki dəfədən çox artıb və 2020-ci ilədə bu rəqəm 3 milyard 800 milyon manatdan çox olub. Bu il müdafiə xərcləri ümumi dövlət büdcəsi xərclərində təqribən 12 faiz paya malikdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Vahid Əhmədov bildirib ki, cəbhə bölgəsində iqtisadiyyat sərbəst deyil, mütəmadi atışmalar var, mülki əhali, onların təsərrüfatı bombalanır.

Vahid Əhmədovun qənaətinə görə, 2016-cı ildən fərqli olaraq, bu dəfə hərbi əməliyyatlar dayandıqdan sonra bölgəyə dövlət tərfindən böyük dəstək paketi olacaq.

"Yeni tikintilər, istehsal sahələri, mədəni obiyektlər baxımdan - bərpa işləri aparılacaq," - Vahid Əhmədov deyib.

Millət vəkili əlavə edib ki, müharibənin iqtisadiyyata ciddi təsiri olsa da, indi Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil, indi dayanıqlı iqtisadiyyata malik bir dövlətdir: "Azərbaycanın kifayət qədər xarici ehtiyatı var. Artıq Azərbaycan 10-dan çox Avropa dövlətinə neft-qaz ixrac edir, ona görə də Azərbaycan üçün iqtisadi ziyanın öhdəsindən gəlmək ciddi problem olmayacaq". Millət vəkilinin fikrincə, müharibə üzun çəkə bilməz və bu problem qısa müddətdə öz həllini tapmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol