“DAYANMAQ FİKRİMİZ YOXDUR...” – “Şuşaya qayıdacağımız gün uzaqda deyil”

Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov gündəmin əsas mövzusu ilə bağlı “AzPolitika.info”-nın suallarını cavablandırıb.

- Sadiq müəllim Rusiyanın təşəbbüsü ilə Moskvada Azərbaycanın və Ermənistan Xarici İşlər nazirləri arasında elan olunmuş atəşkəs bəyanatına münasibət birmənalı deyil. Siz bu haqda nə düşünürsünüz? 

- Əvvəla, mən xalqımızı Qarabağdan bir-birinin ardınca gələn qələbə xəbərləri münasibətilə təbrik edirəm. Ali Baş Komandan bu gün (Oktyabrın 14-də-red.) daha 8 kəndin işğaldan azad olunduğunu elan etdi və daha ciddi uğurların qeydə alındığını anons etdi. Heç şübhə etmirəm ki, bunlar daha böyük qələbələrimizin müjdəçisidir - Şuşaya qayıdacağımız gün uzaqda deyil!

Sualınıza gəldikdə, əlbəttə, hər birimiz Ermənistan ordusunun ən qısa müddətdə işğal etdiyi ərazilərimizdən çıxarılmasını istəyirik. Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycan ordusunun erməni təxribatlarına cavab olaraq başlatdığı hərbi əməliyyatlar da məhz bu məqsədi daşıyır. Prezident də bütün görüşlərində, müsahibələrində xüsusi olaraq vurğulayıb ki, biz öz torpağımızdayıq. Əgər erməni əsgəri bizim torpaqdan çıxarsa, bu münaqişə də bitər. Əks halda Azərbaycan ordusu onlar iti qovan kimi torpaqlarımızdan qovacaq və qovur da. Ancaq bu o demək deyil ki, biz danışıqlardan tamamilə imtina etməliyik. Bu, mümkün də deyil. Əvvəla, hər bir sivil dövlət kimi Azərbaycanın da beynəlxalq təşkilatların, regionda təsirə malik iri dövlətlərin çağırışlarını eşitməzdən gəlməsi doğru olmaz. İkincisi, biz haqlı tərəf olduğumuzdan danışıqlardan, müzakirələrdən heç vaxt qaçmamışıq. Əksinə, Ermənistan rəhbərliyi danışıqlardan imtina edirdi ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları onları yenidən müzakirələr üçün yalvarmağa məcbur etdi. Ancaq artıq bu müzakirələr Azərbaycanın diktə etdiyi şərtlər altında keçiriləcək. Elə qeyd etdiyiniz Moskva görüşündə də bu, özünü göstərdi. 11 saat davam edən müzakirələrdən sonra bəyan edilən razılaşmada Azərbaycanın tələbləri öz əksini tapdı. Buna görə də Moskvadakı danışıqların nəticələri birmənalı olaraq Azərbaycanın xeyrinədir. Sənəddəki müddəalara da baxdıqda bunu gömək mümkündür. 

Birincisi, danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Hansı ki, həmin prinsiplərdə Ermənistanın silahlı qüvvələrinin torpaqlarımızdan çıxması əks olunub. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verdiyindən Paşinyan ondan imtina etməyə çalışırdı. Moskva görüşərində bir daha öhdəlik kimi üzərinə götürdü. 

İkincisi, danışıqların formatının dəyişilməz qaldığı qeyd edildi. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi İrəvan öz məqsədinə nail ola bilmədi. Ermənistan rəhbərliyi çalışırdı ki, “dqr”-i danışıqlar prosesinə qatıb, onu legitimləşdirsin. Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi və Ordumuzun sarsıdıcı zərbələri sayəsində bu mümkün olmadı. Buna görə də, Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.

- Ancaq Ermənistan rəhbərliyi heç vaxt öhdəliklərinə əməl etməyib. Bu razılaşma da onlara sadəcə vaxt qazanmaq üçün lazımdır. Ona görə də ictimaiyyət Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxana qədər heç bir sazişin imzalanmamasının tələb edir...

- Elə Azərbaycan dövlətinin də, Prezidentinin də mövqeyi belədir. Dövlət başçısı da qeyd edib ki, müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu, sadəcə humanitar məqsədlər, əsasən də döyüş meydanında qalan düşmən cəsədlərinin götürülməsinə imkan vermək üçün müvəqqəti razılaşdırılmış atəşkəsdir. Sülh sazişi üçün rəsmi İrəvan Moskva görüşlərində bir daha öhdəlik kimi üzərinə götürdüyü prinsiplərə əməl edərək, Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxmasına dair konkret qrafik təqdim etməlidir. Ancaq Ermənistan hakimiyyəti bunu etməkdən yayınmaq üçün, atəşkəs sazişinə də əməl etmədi. Atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş tutmuş danışıqların mahiyyətinə zidd hərəkətlər edirlər. Atəşkəsdən bir neçə saat sonra ermənilərin Azərbaycan şəhərlərini, rayonlarını, mülki əhalinin yaşadığı binaları, iş yerlərini artilleriya, raket atəşinə tutması, mülki insanları öldürməsi Paşinyan hakimiyyətinin cinayətkar mahiyyətini bir daha ortaya qoydu. Dünya da bunu təkrar gördü. Ancaq təəssüf ki, hələ də beynəlxalq təşkilatların ciddi reaksiyasını müşahidə etmirik. Ermənilərin faşist əməllərinin sərhəd tanımadığını hər kəs görməlidir.

- Atəşkəs sazişindən qısa müddət sonra ermənilərin Gəncə şəhərinə raket atması da onların heç bir öhdəliyə əməl etmək niyyətində olmadıqlarını göstərdi...

- Tamamilə doğrudur. Atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, danışıqlara başlayaq. Lakin Ermənistan bu şansdan da istifadə etmək istəmədi. Mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etdi, gecə saatlarında Gəncə şəhərini “Toçka-U” raketi ilə atəşə tutdu. Bu fakt da bir daha göstərir ki, Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncəni bombalamaq əmrini şəxsən Paşinyan verib. Bu, həm də onun acizliyini və ağır psixoloji durumda olmasını göstərir. Azərbaycan ordusu qarşısında aciz qalan, bütün cəbhə boyu məğlubiyyətə uğrayan ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Ermənilərdən fərqli olaraq Azərbaycan mülki əhali ilə müharibə aparmır. Prezidentin də qeyd etdiyi kimi, biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik və veririk.

- Beynəlxalq ictimaiyyət necə, sizcə, Ermənistanın bu vandalizminə lazımi reaksiya verirmi?

- Bilirsiz, biz həm də erməni diasporuna qarşı mübarizə aparırıq. Prezidentin də qeyd etdiyi kimi, illərdir biz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Ermənistan öyrəşib ki, dünya erməniliyi, islamofob dairələr onun hər bir addımına bəraət qazandıracaq, Azərbaycanı təcavüzkar kimi göstərəcək. Təssüf ki, belə ölkə rəhbərləri, beynəlxalq təşkilatlar da var. Fransa Prezidenti Makronun heç bir ölçüyə sığmayan açıq erməni təəssübkeşliyi, Azərbaycan əleyhinə fəaliyyəti buna əyani sübutdur. Ancaq əvvəlki dövrlərdən fərqli olaraq Ermənistan dünya ictimaiyyətini yalanları ilə Azərbaycana qarşı qoya bilmir. Müasir dövrdə internetin imkanları düzü olduğu kimi təqdim etməyə və yalanı qısa müddətdə təkzib etməyə şərait yaradır. Azərbaycan dövləti də bu imkanlardan yüksək səviyyədə istifadə edir. Həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolunda olduğumuz hər kəsə çatdırılır. Bu işdə Türkiyə dövlətinin və mediasının da rolu çox böyükdür. Prezident İlham Əliyev də real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığı üçün Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir. Yəni, dünya bu gün həqiqətin Azərbaycanın tərəfində olduğunu bilir. Ancaq yenə də beynəlxalq ictimaiyyət Ermənistanın vandalizm aktlarına qarşı lazımı şəkildə səsini ucaltmır. Bu da ikili standartlardan xəbər verir. Məhz bu ikili standartlara görə illər boyu beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacibdir. Bu dəstək Azərbaycanı təkləməyə, haqlı mücadiləsindən əl çəkdirməyə imkan vermədi.

- Sizin fikrinizcə, Türkiyənin münaqişənin həlli ilə bağlı bundan sonra aparılacaq danışıqlarda iştirakı mümkün olacaqmı?

- Bu problemin həllində qardaş Türkiyənin rolu əvəzolunmazdır. Prezidentimiz də birmənalı şəkildə qeyd edib ki, münaqişənin siyasi yolla həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Bu gün Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz getdikcə artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində əhəmiyyəti böyüyür. Ona görə də, dünyada və regionda söz sahibinə çevrilən Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Qarabağ münaqişəsinə dair danışıqlarda da Türkiyənin iştirakı artıq bir zərurətdir. Düşünürəm ki, Türkiyə problemin həllində iştirak edəcək.

- Sadiq müəllim, Ermənistan silahlı qüvvələrinin danışıqlar yolu ilə Qarabağdan çıxacağına heç kim inanmır. Ona görə də hamı Azərbaycan ordusunun bu missiyanı qısa müddətdə başa çatdırmasını gözləyir...

- Azərbaycan atəşkəs rejiminə əməl etsə də, Ermənistanla mənasız və nəticəsiz danışıqlar aparmaq niyyətində olmadığın artıq bəyan edib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvonun dəyişilməsi artıq bir faktdır. Bu, Ordumuzun əldə etdiyi böyük uğurdur. Status-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Ermənistan silahlı qüvvələrinin zəbt etdikləri mövqelərdən çıxarılması rəsmi İrəvanın geri çəkilməsi deməkdir. Əgər onlar bu reallığı qəbul etməyəcəksə, Ordumuz sahədə öz sözünü deməkdə davam edəcək. Ali Baş Komandanımız da vurğuladı ki, bizim dayanmaq fikrimiz yoxdur, Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.

Dağlıq Qarabağ ərazisindəki strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır. Prezident İlham Əliyev bu gün daha 8 kəndin işğaldan azad olunduğunu elan etdi. İnanıram ki, çox qısa bir zamanda Ali Baş Komandanın rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycan xalqı Dağlıq Qarabağa öz dinc həyatına qayıdacaqdır. Prezidentimizin qeyd etdiyi kimi, tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı, mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüş səsini qaytaracaqdır. 

Elman İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

Dadasova Qumru 2020-10-16 23:59:14

Gözel dogma yurdum Azerbaycanim menim Şuşada bizimdi bizim menufuz ermeni ele gedeceki hallal torpaqlarimizdan .surune sure çikacalar .Ele bilirler haram yolarla aldiqlari torpaqlar ebedi sizindi .onu ancaq xeyalinizda görersiz . Butun oki harda mendi insana layiq olmuyan uzder ne varsa sizdedir .nifrete layiqsiz .sadece dusmenlerimiz çikin o gözel torpaqlarimizdan sadce o iyrenc ruhunuz oralada dolaşmasin ve dolasmiyacaqda. Qarabag Azerbaycandir!

Qumru 2020-10-16 13:33:05

Allah yar olsun ölke bascimiza ve ordumuza guc quvet versin amin .sebirsizlikie butun torpaqlarimizin alinmasini sebirsizlikle gözdeyirem amin

Mirzə 2020-10-15 10:10:33

Müharibədən ölümdən qorxmuruq. Diplomatik cəhətdən də qorxmamalıyıq.

Son yazılar