Eldar Sabiroğlu, 

keçmiş millət vəkili və ehtiyatda olan polkovnik

Düşmən aldığı zərbələrdən artıq özünü itirib. 

Paşinyan bu gün bir daha erməni silahlı bölmələrində böyük itkilərin olduğunu, saysız-hesabsız hərbi texnikanın və infrastrukturun Azərbaycan Ordusu tərəfindən sıradan çıxarıldığını etiraf etdi.

Özünü yazıq görkəmə salan baş nazir, beynəlxalq birlikdən hərbi-siyasi dəstək almaq üçün, utanıb-qızarmadan yalvarışlar edir. Düşmən ölkə Azərbaycanın güc və qüdrəti qarşısında diz çökmək üzrədir. Mən bunu gəlişi gözəllik naminə demirəm.

Otuz ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni və onun havadarlarında belə bir fikir formalaşmışdı ki, artıq hər şey bitib, Qarabağ bir daha Azərbaycanın olmayacaqdır. Bütün beynəlxalq tədbirlərdə də bu yaramazlığı nümayiş etdirirdilər. Hətta xatırlamış olarsınız, Rusiyanın Soçidə keçirdiyi bir tədbirdə Nikol Paşinyan çıxışının sonunda həyasızcasına nöqtədən danışmışdı. Bizim Prezidentimiz də həmin toplantıda ona yekə bir nida göstərmişdir. İndi bu nidanın ağrısını və biabırçılığını çəkə bilmir...

O zaman bu nidanın gücünə içimizdəki bəzi özündənrazılar da ironiya ilə yanaşmışdılar. Yenə də bəzi mövqelərə baxarkən təəssüfümü gizlədə bilmirəm. Onlar sətiraltı düşüncələri ilə İlham Əliyevin yıxılmasını daha çox arzuladıqlarını nümayiş etdirirlər. Amma artıq bu mümkün olan bir şey deyil…

Ali Baş Komandanımız elə bir tarix yaratdı ki, onu bir daha xalqın ürəyindən çıxarmaq barədə fikirləşməyə belə dəyməz.

Hamımız əl-ələ verərək, onun düşmən üzərində başlatdığı bu qələbəni sona çatdırmasına kömək etməliyik. Xalq və İlham bu gün yekdildir. Düşmən Ermənistanın məğlubiyyət planı məhz bu iki birliyin sayəsində baş tutub.

Paşinyanı vahimə içərisində saxlayan, onun yuxusunu qaçıran və qorxudan, Silahlı Qüvvələrimizə döyüş əmri verən və onu məharətlə idarə edən Ali Baş Komandanımız İlham Əliyevin məhz xalqdan aldığı sarsılmaz gücdür.

Eşq olsun Ordumuza! 

Eşq olsun İlham Əliyevə! 

Eşq olsun qəhrəman xalqımıza!!!