“AzPolitika.info”-ya qarşı Azərbaycan hakimiyyətinə bağlı hansısa dairələrin élan olunmamış müharibəsi davam edir. İyun ayının 21-dən başlayan və 4 aydan artıq da davam edən şiddətli haker hücumu 9 oktyabr prezident seçkilərindən 3 gün sonra – oktyabrın 12-də tamamilə dayanmışdı. Lakin 2 həftəlik fasilədən sonra AzPolitika.info daha böyük təxribatla üzləşib. Belə ki, oktyabrın 29-dan səhər saatlarından etibarən, “Delta Telekom” internet operatoru Azərbaycan ərazisində ”AzPolitika.info” saytına girişi blok edib. İlk gün bu şirkət saytımızın yayımında yaranmış problemin onlardan qaynaqlandığını ümumiyyətlə dandı. Lakin bir gün sonra etiraf etdilər ki, “AzPolitika.info”nu bloka salıblar.
Oktyabrın 31-də şirkətin İP şöbəsinin müdiri Atəş Rzayevin “AzPolitika.info”-nun electron poçtuna göndərdiyi məktubda bildirilirdi ki, 30.10.2013 tarixində “AzPolitika.info”nun hosting olunduğu serverin İP adresindən bir çox özəl və dövlət qurumlarına böyük həcmdə hücumlar olmuş, nəticədə bəzi dövlət qurumlarında problemlər baş vermisdir. “Bu halda bu hücumarın qarşısının alınmasının yeganə yolu, bu şəkildə İP adresin bloklanmasıdır”, deyə daha sonra məktubda bildirilirdi.
Lakin “AzPolitika.info”nun yerləşdiyi hostinq şirkətinin administratoru bizim serverdən hücum ehtimalını rədd edir. Onların araşdırmasına görə, bu hücum Azərbaycandan təşkil olunur, lakin əməliyyat elə qurulur ki, hücum AzPolitika.info-nun İP-sindən təşkil olunur kimi görünür. Belə ki, Azərbaycandan AzPolitika.info-nun serverinə təşkil olunan Ddos tipli hücumu serverdə qurulmuş hücum əleyhinə proqram qarşılayır və geri qaytarır. Hücumu təşkil edənlər isə bizim İP-dən geri qayıdan “axını” müxtəlif saytlara yönəldirlər. Həmin saytların administratorları hücumun AzPolitika.info-nun İP-sindən gəldiyini görün “Delta Telekom”a şikayət edirlər. “Delta” da bu şikayətləri əsas götürərək “AzPolitika.info”nun İP-sini bloklayır. Bu, faktiki olaraq “Azpolitika.info”ya torba tikməkdir. Hazırda ölkədəki internet istifadəçilərinin mütləq əksəriyyətində "AzPolitika.info" açılmır.
Bizə xidmət göstərən hostinq şirkətinin ekspertləri bu kiberəməliyyatı pozmaq üçün tədbirlər görürlər.
“AzPolitika.info” olaraq bəyan edirik ki, fəaliyyətimizi davam etdirmək niyyətindəyik. 4 aydan artıqdır hansısa qüdrətli dairələrin “AzPolitika.info”nu məhv etmək planı bu günə qədər baş tutmadığı kimi, bundan sonra da reallaşmayacaq. Bu hücumlar, əməliyyatlar uzaq başı bizə bir neçə günlük problem yarada bilər. Xaricdə fəaliyyət göstərən texniki heyətimiz bu təxribatların qarşısını almaq iqtidarındadır və alacaq da.
Bir daha “AzPolitika.info” ilə qanunsuz yollarla hesablaşmaq niyyətində olan dairələri bu cinayət xarakterli, Azərbaycan dövlətini dünyada biabır edən əməllərdən əl çəkməyə çağırırıq.


Şərhlər