ABŞ prezidenti Donald Tramp deyib ki, Sudan və İsrail Vaşinqtonun vasitəçiliyi ilə aralarındakı münasibətlərin normallaşdırılmasına dair razılaşma əldə ediblər. Trampın sözlərinə görə daha azı beş ərəb ölkəsi İsraillə sülh sazişinin imzalanamasını istəyir.
ABŞ prezidenti bunları oktyabrın 23-də İsrail və Sudanın baş nazirləri ilə üçtərəfli telefon danışıqlarında bildirib.
İsrail baş naziri Benyamin Netanyahu təsdiq edib ki, onun ölkəsi Sudanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır və bu, yeni eranın başlanğıcıdır. Sudanın baş naziri Abdalla Hamdok deyib ki, onun hökuməti Sudan xalqının maraqlarına cavab verən beynəlxalq münasibətlərə can atır.
Bundan bir neçə həftəəvvəl Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsrailllə münasibətlərinin normallaşdırılmasına dair saziş imzalayıblar. Bu həftənin əvvəllərində Donald Tramp bildirmişdi ki, ABŞ Sudanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxara bilər, lakin bunun üçün Sudanın amerikalı terror qurbanlarına təzminat ödəməsi şərtdir.
Ağ Ev oktybrın 23-də təsdiq edib ki, Sudan terror qurbanları və onların ailə üzvlərinə yardım fonduna 335 milyon dollar ödəyib.
Daha bir ərəb ölkəsinin İsraillə münasibətlərini normallaşdırmaq qərarı noyabrın 3-də keçiriləcək seçkiyə hazırlaşan Donald Tramp üçün xarici siyasət uğuru sayıla bilər.Fələstin Azadlıq Təşkilatı bu razılaşmanı fələstinlilərə “arxadan zərbə” adlandırıb.


Şərhlər