Menu

YADDAŞIMIZIN DİRÇƏLİŞİ - Millət vəkilinin yazısı

31.10.2020, 11:23
YADDAŞIMIZIN DİRÇƏLİŞİ - Millət vəkilinin yazısı

Etibar Əliyev

millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru

Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı Erik Kandelin “Yaddaşın axtarışında” kitabı son dövrlər mikrobiologiya sahəsində yazılmış maraqlı kitablardan biri sayılır. Kitab qəliz elmi dildə yazılmayıb. Kitabın dili o qədər gözəldir ki, Ziqmund Freydin məşhur nəzəriyyəsindən tutmuş, molekulyar biologiyanın keçdiyi yol haqqında müfəssəl bilgilər əldə etmək olar. Ancaq bu böyük alimi elmin bu istiqamətinə gətirən hadisə insanın qanını dondurur və bunun bizə də birbaşa aidiyyatı var.

Həmin kitabdan bir parça:

“Yaddaş məni həmişə vəcdə gətirib. Siz məktəbə getdiyiniz birinci günü, ilk görüşünüzü, ilk sevginizi yada salın. Siz bu hadisələri elə-belə yada salmırsınız. Onların baş verdiyi atmosferi: şəkilləri, səsləri və iyi, ətrafdakı insanları, günün vaxtını, danışıqları, emosiyaları və s. sanki hiss edirsiniz. Onlar bizi başqa zaman və məkana cəmlənmiş məhdudiyyətdən xilas edir və bizə tamam başqa ölçülərdə sərbəst hərəkət etmək imkanları yaradır.

Zaman boyunca düşüncənin səyahəti məni oturub bu cümlələri yazdığım zamanı tərk edib 67 il bundan əvvəlki Venada olan evimizə aparır.

Bu gün 1938-ci il, noyabr ayının 7-dir. Ad günümdür. Valideynlərim, çoxdan onlardan xahiş etdiyim məsafədən idarə olunan, batareya ilə işləyən göy maşını mənə hədiyyə ediblər.

Artıq 2 gündür ki, mən bu maşını kənardan idarə etməklə kiçik otaqlarımıza, oradan mətbəxə, sonra isə əks istiqamətə gəzdirirəm. Lakin mənim bu sonsuz sevincim çox çəkmədi. İki gündən sonra gecə yarısı qapımızı bərk döyməyə başladılar. Anam qapını açdı. İçəri daxil olmuş iki nəfər özlərini nasistlərin polisi kimi təqdim etdilər və hansısa əşyaları götürüb evi tərk etmək əmrini verdilər. Biz dəyişəklərimizi və tualet əşyalarımızı, böyük qardaşım Lüdviq isə topladığı marka və sikkə kolleksiyasını götürdü. Əşyalarımızı götürdükdən sonra bizi yaşlı bir yəhudinin evinə gətirdilər.

Bir neçə gündən sonra bizi evimizə qaytardılar. Buna səbəb, atamın 1-ci Dünya müharibəsində almanlar tərəfdən döyüşməsi faktı oldu. Lakin qayıtdığımız ev, tərk etdiyimiz evə bənzəmirdi. Evi yağmalamışdılar: anamın şubasını, qiymətli əşyaları, mətbəxdəki gümüş dəstləri, atamın pencəklərini və mənim distant idarə etdiyim möcüzəli göy maşınımı aparmışdılar.

Bunları xatırladıqca elə bil ki, həmin evimizdə maşınımı inamla sürürəm, qapımızın bərk döyülməsini, nasistlərin bizi evi tərk etməyimiz barədə əmrini eşidirəm. Yağmalanmış evimizə necə gəlməyimizi, atamın yoxa çıxması, sonra qayıtması mənim ən güclü uşaqlıq xatirələrimdir.

Sonra Xolokostu yaşayan yəhudilərin bir devizi yadımdan çıxmadı: “Heç zaman unutmamalıyıq!”. Mənim elmi işim bu devizin bioloji əsaslarını - beynimizdə baş verən prosesləri yada salmağa vadar etməsini öyrənmək oldu”.

Erik Kandelin təsvir etdiyi mənzərə bütün işğal olunmuş ərazilərimizin kəndlərində, şəhərlərində baş verib. Fərq ondan ibarətdir ki, erməni faşistləri gecə ikən kəndlərə, şəhərlərə hücum çəkib insanları vəhşicəsinə qətlə yetiriblər. Barbarlar onlara zəruri əşyalarını götürməyə imkan verməyiblər. 

Bizlər 30 ildir ki, doğma torpaqlarımızın üzünə həsrət qalmışdıq. Ağlı kəsən uşaqdan tutmuş yaşlılara qədər hamının yaddaşında Qarabağ xatirələri həkk olunub. Erməni işğalından 30 il ötməsinə baxmayaraq, yaddaşımız pozulmadı. Allahdan Qarabağ həsrəti ilə dünyasını dəyişən bacı və qardaşlarımıza Rəhmət diləyirəm.

İndi biz doğma torpağımıza qayıdırıq, Qarabağ yaddaşımızı canlandırır. Erməni faşizminin vəhşiliklərinə düçar olan bacı-qardaşlarımızın və hamımızın devizi bir az fərqli də olsa, belə idi: “Biz heç zaman unutmayacağıq!”.

Bəli, biz unutqanlıq sindromunu yaşamadıq. Yaddaşımızla, gücümüzlə, cəsurluğumuzla, qüdrətimizlə Qarabağın ruhunu dirçəldəcəyik. Ruhları bərpa olunmuş şəhərlərimiz və kəndlərimizdə yeni nəsil istedadlar yetişəcək. Tarix göstərir ki, bu torpağın xüsusiyyəti belədir…

Yaddaşımızı canladıran, şəhər və kəndlərimizi murdarlardan xilas edən Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə eşq olsun!

Şərhlər

Cavanşir müəllim 2020-10-31 14:11:09

Əla yazıdı,var ol!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol