Menu

İşğaldan azad yerlərdə görüləcək işlər... - “Fərman zamanında imzalanıb”

02.11.2020, 11:04
İşğaldan azad yerlərdə görüləcək işlər... - “Fərman zamanında imzalanıb”

Oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman verib. Sənəddə bu il sentyabrın 27-dən sonra azad olunmuş ərazilərdə Azərbaycanın inzibati ərazi bölgüsünə uyğun, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qeyd olunub. Bu işin təşkili Daxili İşlər Nazirliyinə tapşırılıb.

Fərmana görə, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti iləəlaqələndirməlidir.

Habelə, müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılmalıdır.

Müvəqqəti komendantlıqlar bir sıra vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər. Bura mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, ictimai qaydanın, təhlükəsizliyin qorunması, aşkar edilən hərbi texnikanın, silahın inventarlaşdırılması və mühafizəsi daxildir.

Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları ilə birlikdə də bəzi vəzifələri yerinə yetirməlidir. Bu vəzifələr də minalardan təmizləmə, Azərbaycana qarşı terrorçuluq, casusluq, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınmasından ibarətdir. Həmçinin, bu sırada kənd təsərrüfatı və daha bir çox sahələr üzrə də vəzifələr var.

Milli Məclisin deputatı Elman Məmmədovfərmanda hər şeyin əhatə olunduğunu və heç bir çatışmazlığın olmadığını düşünür: “Fərman zamanında imzalanıb və mükəmməldir. Sənəd işğaldan azad olunan ərazilərdə asayişin, təhlükəsizliyin təmini, hərbi vəziyyətin tətbiqi vəərazilərin bərpasınıəhatə edir. Fərman beynəlxalq aləmə və işğalçıya mesajdır ki, biz 30 ildə dağıdıb viran qoyduğunuz yerləri bərpa edib inkişafa nail olacağıq”.

Elman Məmmədov xatırladıb ki, sənəddə hansı dövlət strukturlarının işə cəlb olunacağı da məlumdur, çünki siyahısı verilib: “Tədricən bütün bərpa işlərinə başlanacaq, ilk növbədəərazilərin təhlükəsizliyinə baxılacaq, ANAMA ( Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) işləməlidir. Məsələ ondadır ki, Ermənistan ordusu həmin ərazilərdə tələlər qoya bilər, zəhərlənmə təhlükəsi yaradar, ona görə su hövzələləri də təmizlənməlidir. Tam təhlükəsizlik şəraiti yaradılandan sonra bərpa nəqliyyatı, rabitə, infrastruktur işlərinə başlanacaq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Azadlıq” radiosuna açıqlamasında dövlət başçısının fərmanını ilkin mərhələ üçün normal qiymətləndirib. Onun sözlərinə görə, əsas məsələ həyati vacib obyektlərin yaradılmasıdır: “Bura infrastruktur daxildir, paralel olaraq komendatura strukturunun yaradılmasıdır, çünki həmin ərazilərdə hələ təhlükə qalır. Eyni zamanda, mina axtaranlar ərazilərə cəlb olunmalıdır. Bütün bunlar Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə işləyəcək. Fərmanda Kənd Təsərrüfatı Nazirliyinin də adının keçməsi indiki mərhələdə kifayətedici sayıla bilər. Bundan sonra artıq başqa mərhələ başlanacaq”.
İlham İsmayıl bildirib ki, növbəti mərhələ insanların köçürülməsidir və bunlar hələ nəzərdə tutulmayıb: “Hələ insanların yaşayış dövrünə qədər hazırlıq işi aparılmalıdır və fərman bunu nəzərdə tutur. Ən çətin mərhələ ondan sonradır, yəni ərazilərin sahiblərinin, köçkünlərin qayıtması”.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol