Almaniya və Fransa pilotsuz təyyarələri Ukraynadakı atəşkəsə nəzarət üçün bölgəyə göndərməyi düşünür.
Bu yolla onlar ölkədəki gərgin vəziyyətin stabilləşməsinə və Rusiya təcavüzündən qurtulmasına kömək etmək istəyirlər. Bu haqda “Financial Times” yazır.
Lakin plan qüvvəyə minməzdən öncə Rusiya, Ukrayna və ATƏT-in digər 55 üzvü ilə razılaşdırılmalıdır.
“Biz indi təkcə ATƏT-in özünün yox, ətraf ölkələrin də reaksiyalarını gözləyirik. Bu məsələ ilə bağlı siyasi və leqal sualların hər biri cavablandırılmalıdır”, - deyə Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
Qeyd edək ki, pilotsuz təyyarələrin bölgəyə göndərilməsi zamanı Fransa 150, Almaniya isə 200 nəfərdən ibarət dəstəni Ukraynaya göndərəcək.
Fransa xarici missiyaların yerinə yetirilməsi üçün heyət göndərməyi əvvəldən etsə də, Almaniya üçün II Dünya müharibəsindən sonra bu addım yeni bir addım kimi görünür.
ATƏT ümumi baxışda Ukraynadakı vəziyyətin stabilləşməsini və diplomatik həll yolunun baş tutmasını dəstəkləyir. Belə ki, BMT-nin məlumatına görə, son atəşkəs müqaviləsi imzalansa da, bölgədə artıq 331 nəfər həlak olub.
Növbəti həftə Milanda keçiriləcək Avropa-Asiya sammitində alman kansleri Angela Merkel və digər Aİ liderlərinin Rusiya və Ukrayna prezidentləri ilə bir araya gəlib, sözügedən məsələni müzakirə etməyə şansları olacaq.
Qeyd edək ki, rəsmi Kiyev və separatçılar arasında davam edən müharibə nəticəsində 3600 nəfərdən çox insan həlak olub.


Şərhlər