“BİT EFFEKTİ” VƏ MİLYARDER RUHU...

Məhəmməd Talıblı

Zənginlik sərvətə sahib olmaq deyil, bu sərvətdən istifadə etmək bacarığıdır.

Napoleon Bonapart

Erməni əsilli rusiyalı iş adamı Qrant Ağasyanın “bit effekti” sayılacaq iddiasına cavab yazmışdım. Həmin cavabın əsas məğzini Azərbaycan və Ermənistan iqtisadiyyatlarından çıxarılanları açıq fərqlə izah etməyə çalışmışdım. Amma bu gün erməni əsilli milyarderin fikirlərinə başqa kontekstdə baxmağa çalışacam. 

Q.Ağasyanın yazır: “Biz, dünyanın ən müxtəlif ölkələrindən olan erməni sahibkarlar bu müharibəni birdəfəlik bitirlmək, sövdələşmə aparmaq üçün hazırıq. Biz bu torpağı qiymətləndirməyə və ona olan iddiaları tamamilə və həmişəlik azərbaycanlı həmkarlarımızdan almağa hazırıq. Biz erməni sahibkarlar bu vəsaiti toplayacağıq, həmin torpağı alacağıq və orada yaşayan insanlara verəcəyik.”

Bit dünyada başından dəfələrlə yuxarı tullana bilən canlı sayılır. Təsəvvür edin ki, bir insan özündən 30-50 metr hündürlüyə tullana bilir. Bitin bütün canlılardan belə bir elastikliyə sahib olmasını Ağasyanın başından yuxarı tullanması və danışması ilə müqayisə etmək olar.

Dünyada torpaqların satın alınması ilə bağlı bir çox təcrübələr və örnəklər var. Yunanıstan son illərdə xarici borclanma həddinin ifrat həddə olması ilə bağlı dərin böhran keçirəndən sonra ona aid adalarını satmaq təşəbbüsündə bulundu. Bir dövlət daxilində etnik azlığa aid torpaq sahələrinin pulla satınalınması kimi tarixdə hallar olub. 1948-ci ildə İsrail dövləti Fələstində yaradılanda zəngin yəhudilər pul qarşılığında bu torpaqları alması kimi iddialar da mövcuddur. Bir çox iddialara görə yəhudilər bu torpaqlara savaşla deyil, pulla torpaqlara sahib olublar.

Məni narahat edən Q.Ağasyan adlı bir erməninin bu cür danışması deyil. Danışmağın sərhəddin hamı eyni dərəcədə bilmir. Lakin məni narahat edən Azərbaycan əsilli iş adamlarının “aş və iş” davasında meydanda görünməmələridir. Bir erməni niyə ona aid olmayan torpaqları satın almaq iddiasında bulunduğu halda, başqa bir Rusiyada yaşayan Azərbaycan əsilli milyarderlər oxşar təşəbbüslə çıxış edib demir ki, Ermənistanın işğalında qalan torpaqların azad olması üçün biz Milyarderlər İttifaqı olaraq bir araya gələrək gücümüzü səfərbər edirik. Silahlı qüvvələrimizin yardım fonduna pullar köçürürük. Müharibədə yaralananların ailələrinə pullar göndərik. Döyüşlərdə qəhrəmanlıqları ilə seçilənlərə ev, maşın hədiyyə edəcəyik və s.

İqtisadiyyatı güclü edən ölkələrin təbii resursları deyil, zəngin insanlarıdır. Ölkənin nə qədər varlı insanları varsa, bir o qədər güclü istehsalı və ixracı olar. Böyük vergi ödəyiciləri olar. Zənginlik dövlətlərin valyuta ehtiyatlarında, qızıl rezervlərində deyil, həm də zəngin insanlarındadır. Bunu unutmamız lazım...

Dünyada 1800 nəfər insan vardır ki, onların milyarlarla ölçülən sərvətə malikdirlər. Bunlardan yalnız 6 nəfəri azərbaycan doğumludur. Onlar toplam olaraq 25,6 mlrd. dollarlıq sərvətə sahibdirlər. Bu sırada V.Ələkbərov (12,5 mlrd.), Q.Nişanov (4,4 mlrd.), A.Ağalarov (1,8 mlrd.), M.Məsimoğlu (1,5 mlrd.), T.İsmayılov (1,5 mlrd.). 

Maraqlıdır ki, əslən Quba rayonundan olan bir nəfər yəhudi əsilli (Z.Bensionoviç) vardır ki, onun sərvəti 3,9 mlrd. dollardır. Onun cəmi bir neçə il bundan qabaq çəkdirdiyi bircə şəkli var. Onu küçədə kimsə, görsə, tanıya bilməz. Mən arzu edirəm ki, Azərbaycanın çoxlu sayda zəngin insanları olsun və onları təkcə bizlər yox, bütün dünya tanısın. Bu həm də Azərbaycanın tanıtımıdır! 

Əgər dünyanın tanıdığı zəngin şəxslər bu ölkə üçün əlini daşın altına qoymayacaqsa, “quyruğunu” duzlu suya toxundurmayacaqsa, onda onun zənginliyindən bir bir afrikalıya nə qədər faydası olacaqsa, azərbaycanlıya da bir o qədər faydası olacaq.

Bir alim öz hərbi təcrübəsizliyinin fərqinə varmadan döyüş meydanına atılmaz. Bir qadın vətənpərvərlik duyğusu ilə müharibədə əsir düşməyə tələsməz. Bir alim qələmi və düşüncəsi ilə informasiya müharibəsinin ön sırasında yer alar. Duyğusal qadın emosional coşqusunu arxa cəbhədə əsgərlərə yardım etməsi ilə sübut edər. Ağıllı və tədbirli davranış bu cür olur. Bir milyarder isə torpaqları uğrunda əli silahlı vuruşmaz. Zəngin insanlar müharibədə pulu ilə vuruşar. Kisəsinin ağzın açıq səxavət nümayiş etdirər və xeyriyyəçi adın qazanar. Zəngin olmağın vazkeçilməz dəyərlərlə necə silahlandığını sübut edər.

Azərbaycanlı milyonçular və milyarderlər siyasi müstəvidə prezidentlərin ətrafında pərvanə kimi dövrə vuraraq “mərc yarışı” keçirməməlidirlər. Onlar ən gözəl qadın “ovu” üzrə çempionatda ad çıxarmalı da deyillər. Həmin mahir ovçuların hədəfinə gələn “gözəlçələr” üçün imarətlərə səxavətlə pul xərcləmək yerinə, daha çox ictimai fayda doğran fəaliyyətlərə önəm verməlidirlər. 

Şəxsi həyat onların öz işidir. Gerçək milyarder şəhid ailələrinin himayədarı və tələbatlarının təminatçısı kimi şərəfli adı qazanmaq üçün xeyriyyəçilik ənənəsini yaşatmalıdır. Onlar adlarını tarixə belə yazmalıdırlar. Bu yükü daşıya bilmək estafetini bir an belə yerə qoymamalıdırlar.

Axı bizim mesenat babalarımız olub. Xeyriyyəçiliyi bir ənənə halına gətirən mənəvi meyarlarla yaşayan zəngin nəsillərimiz olub. Düzdür Sovet sistemi bütün dəyərlərimizi deformasiyaya uğratdığı kimi bu ənənəni də yarımçıq saxlatdı. Amma sadə insanların sosial dayanıqlaşması davam etdi. “Əl tutmaq Əlidən qalıb” aforizmi bizləri bir an belə tərk etmədi.

XX əsrin əvvəllərində ADR-in kiçik bir zamanlıq fürsətində bizim milyonçu babalarımız bizlərə mənəvi bir miras olaraq ötürmüşdülər. Cumhuriyyətimizə dayaq olan Hacı Zeynalabdin Tağıyev ənənəsi var. 

O, sadəcə bir neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), ticarət və yük gəmilərinin sahibi deyildi. Təkcə мilyonçu, меsenat deyildi. Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri olmuşdu. Zeynalabdin Tağıyev xeyriyyəçilik irsini yarada bilmişdi.

Neft hasilatçısı və xeyriyyəçi Musa Nağıyev ruhu bizə yad örnək deyil. Dəyirmanlar kralı kimi tanınan Ağabala Quliyevin ölçüyəgəlməz mesenat fəaliyyətləri kimi ciddi örnəklərimiz durur. Nabat Aşurbəyova qadın nümunəsi olub. Nеft mədənlərinə sahib olmuş bu xanım şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləməkdən başlamış Sabunçu xəstəxanasında kasıb və yеtimlərin müalicəsini öz üzərinə götürməyə qədər uzun bir xeyriyyəçilik izi qoyub. Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Teymur bəy Aşurbəyov və daha kimlər...

İndiki zəngin azərbaycan əsillilər - Araz Ağalarov, Vahid Ələkbərov, Telman İsmayılov, Füzuli Məmmədov (Frenk) və daha kimlər... Sizlərin restoranlarda oxutdurduğunuz “Qarabağnamə”lərinizin vətəprvərliklə hər hansı bir əlaqəsinin olduğunu düşünürsünüzsə, yanılırsız. Sizin yerinizin göründüyü və zənginliyinizi sübut etməli zaman indidir. İndi bu ölkəyə nə qədər bağlı və yaxın olduğunuzu sübut edə bildiyinizi heç zaman edə bilməyəcəksiniz.

Torpaqlar qaytarılandan sonra həmin yerlərdə hətta Qarabağı xəritədə görən xarici investorlar da sərmayə yönəltməkdə maraqlı olacaq. Əlverişli iqtisadi şərtlərin elan olunduğu zonalarda investorlar “hürkək quşlar” olmurlar. 

Əksinə onlar daha çox dövlət təminatına alınmış olurlar. Siz indidən heç olmasa hətta torparlar qaytarılandan sonra belə həmin ərazilərdə investisiya qoyacağınızı heç olmasa arzu olaraq ifadə etdinizmi? Sizlər gözləyirsiniz ki, Qarabağın taleyi tam olunandan sonra bu mövzudan dən vurasınız?

Müharibə qurtarandan sonra üçrəngli bayrağı yellədənlər çox olacaq, amma indidən bayrağı ucalara qaldırmağa kömək edə bilənlərdən olun!

Unutmayaq: gözəl əllər “Qarabağ” adında ağır daşın altına qoyulan “əllərdir”...  

635x100

Şərhlər

Ali 2020-11-21 22:58:03

Gətirdiyiniz bioloji fakt bitə yox BİRƏyə aiddir.

Son yazılar