Generallar Paşinyanın, polkovniklər müxalifətin yanında...

Nemət Orucov

Azərbaycan Ordusunun Qarabağda işğalçı erməni ordusunu yenməsi və bir neçə rayonu işğaldan azad edərək minlərlə erməni döyüşçüsünü məhv etməsindən sonra İrəvanda siyasi ehtiraslar artan xətt üzrə inkişaf edir.

Vətəndaş müharibəsi astanasında olan Ermənistanda Baş nazir Nikol Paşinyanın Qarabağdakı işğalçı ordunu İrəvana çağırmasından sonra vəziyyət bir qədər də kəskinləşib. Müxalifət Paşinyanın bu addımını ciddi şəkildə tənqid edir və müxalifəti cəzalandırmaq üçün erməni ordusunu siyasi proseslərə cəlb etmək cəhdi kimi təqdim edir. Bu arqumentlə müxalifət erməni xalqını Nikol Paşinyana qarşı qaldırmağa və ordunu neytrallaşdırmağa çalışır.

Düşmən paytaxtında faktiki hər gün mitinqlər təşkil olunur, hakim “Mənim addımım” komandası vətənə xəyanətdə ittiham edilir.

Rusiya 10 noyabr razılaşmasından sonra İrəvanda baş verənləri kənardan müşahidə etsə də, Nikol Paşinyanın devrilməsi üçün müxalifətə yaşıl işıq yandırmır, bir növ imzalanan sazişin Paşinyan tərəfindən həyata keçirilməsinə zəmin yaradır. Razılaşmaya görə, erməni qüvvələri Kəlbəcər, Laçın və Ağdamın bir hissəsini azad etməlidir. Amma bununla yanaşı Moskva Ermənistandakı ABŞ dayaqlarının məhv edilməsi üçün atılan addımlara da etiraz etmir. Artıq bir neçə gün əvvəl paytaxtdakı Soros Fondunun ofisi dağıdılıb. Həmçinin Nikol Paşinyanın ABŞ səfirliyində gizləndiyi haqda xəbərlər tirajlanıb. Eyni zamanda Ermənistanda qərb dəyərlərini müdafiə edən təşkilatlar faktiki zəif duruma düşüb. Rusiya prezidenti Putinin son açıqlamaları, ələlxüsus Paşinyanın xəyanətdə ittiham edilməsinin əsassız olmasını elan etməsi erməni müxalifətinə mesaj da sayıla bilər.

Baş nazir Nikol Paşinyan isə nəyin bahasına olursa-olsun, vəziyyətə nəzarəti bərpa etməyə çalışır. Bunun üçün orduya nəzarət xüsusi əhəmiyyət kəsb edir. Paşinyan işğalçı və məğlub ordunu İrəvana çağırmaqla həm işğal altında olan torpaqların Azərbaycana verilməsinə - razılaşmanın şərtlərini həyata keçirməyə nail olur, həm də müxalifəti bir növ cəzalandıra biləcəyi mesajını verir.

Bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimin liderinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri və “Enaket” analitik mərkəzinin rəhbəri Tiqran Abramyanın erməni silahlı qüvvələrinə müraciəti təsadüfi sayıla bilməz. Abramyan Müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyana müraciətində Paşinyanı kəskin tənqid edir, onun son əməllərini ifşa edir və hər iki generala xəbərdarlıq edir ki, reputasiyalarını düzəltmək üçün son şansları qalıb. Açıq bildirir ki, Paşinyan ordunu daxili siyasi proseslərə cəlb etməyə çalışır.

İndi həm erməni müxalifəti, həm də erməni hökuməti ordu daxilində nəzarət uğrunda savaşır. Orduya sözü keçən tərəf də perspektivdə hakimiyyət məsələsini həll edə biləcək. Çünki ordunun küçələrə çıxacağı halda dağınıq polis qüvvələrinin onun qarşısını kəsəcəyi ehtimalı yoxdur.

Xatırladaq ki, Paşinyan 2018-ci ildə xalqı küçələrə çıxarmağı bacarsa da, son anda ordu daxilində olan keşişlərin və Qriqoryan din xadimlərinin prosesi dəstəkləməsindən sonra Serj Sarqsiyanı devirə bilmişdi.

Amma yeni tendensiya odur ki, prezident Armen Sarqsyan da artıq siyasi proseslərə daxil olub, faktiki Nikol Paşinyanı istefaya səsləyib, növbədənkənar seçkilərin vacibliyini qeyd edib. Keçmiş səfir, indiki prezidentin də bu mərhələdə iddiaları ortaya çıxır. Xüsusilə, Paşinyanın xalq arasında olmaması Sarqsyanın əl-qolunu açır.

Proseslərin əlaməti və detalları göstərir ki, hazırda ordu generallarının əsas hissəsi Nikol Paşinyanın yanındadır. Paşinyanın ən gərgin günlərdə Müdafiə Nazirliyində olması, baş qərargah rəisinin müxalifət liderlərini kabinetinə dəvər edib hədələməsi bunun göstəricisidir.

Ordudakı orta-bağlayıcı zabit korpusu isə müxalifətin (Moskvanın) yanındadır. Paşinyan ordu daxilində bağlayıcı zabit heyətini dəyişə bilməyib. Buna nail olmaq üçün daha çox müddət hakimiyyətdə olmaq lazım gəlirdi.

Üstəlik, ordunun döyüşkən və idarəedilməz populyar simalarının mütləq əksəriyyəti (Qarabağda hərbi cinayətlər edənlər) Azərbaycan Ordusunun 44 günlük əməliyyatı nəticəsində məhv edilib.

Erməni tərəfi gizlətmir ki, onlar bir neçə ildən sonra bu məsələyə - Azərbaycan qarşısında məğlub olmalarına qayıdacaq, məğlub ordunu yenidən qurub Azərbaycan torpaqları uğrunda mübarizəyə başlayacaqlar. Deməli, yaxın illərdə geniş maliyyə imkanları olmayan Ermənistanda əsas məsələ ordu olacaq. Müxalifət də anlayır ki, ordu onun yanında olmasa, uğur əldə etmək mümkünsüzdür. Hətta Rusiyadan dəstək alınsa belə, xalq arasında dayaqlarını itirməyən Paşinyanı yola salmaq mümkün olmayacaq. İndi kəskin siyasi ehtirasların müşahidə edildiyi Ermənistanda parael proses - orduya nəzarət uğrunda mübarizə də başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar