Fəlsəfə bizə lazımdırmı?

Etibar Əliyev, millət vəkili

Bu gün Beynəlxalq fəlsəfə günüdür. 

Bir dəfə yunan filosofu Pifaqordan soruşurlar ki, o, müdrikdirmi? Pifaqor belə cavab verir: Mən müdrik deyiləm, “filosofam” Yəni müdrikliyi sevirəm.

Fəlsəfə - yunan sözüdür və Azərbaycan dilində “müdrikliyə məhəbbət” deməkdir. Bu, eyni zamanda, həm qədim, həm də cavan elmlərdən biridir, çünki mütəfəkkirlərin irəli sürdükləri ideyalar heç vaxt qocalmır. Biliklər qocala bilər, lakin müdriklik, dünyaya təəccüblə baxmaq, heç kimin görə bilmədiyi şəkildə görmək bacarığı, özünün, bəşər cəmiyyətinin, tarixin mənasını dərk etməkdir. Bütün bunlar fəlsəfə deməkdir.

Fəlsəfənin öyrənilməsi bizə dərk olunmuş həyat, xeyir və şər haqqında müdrik məsləhətləri bilmək, özünün cəmiyyətdə yerini, vəzifəsini və insanın kainatda yerini dərk etmək, tale, xoşbəxtlik kimi fenomenlərə münasibətlərini işləyib hazırlamaq imkanı verir. Nə fizika, nə biologiya, nə də dilçilik belə məsləhətləri vermir: Bu elmlərin öyrənilməsi nəticəsində insan mütəxəssis kimi formalaşır, fəlsəfəni bilmək isə insanı daha ağıllı edə bilər. Ağıllı olmaq öz həyatından düzgün istifadə etmək, yerini bilmək, öz əməllərinin nəticələrini öncədən görmək, xoşbəxt olmaq, həyatda səhvsiz yaşamaq deməkdir. Görünür, orta məktəblərdə fəlsəfəni tədris edən Avropa ölkələri heç də yanılmayıblar.

İnsanın mənəvi həyatı elm, din, incəsənət və fəlsəfəyə söykənir. Cəmiyyəti elmsiz və incəsənətsiz təsəvvür etmək mümkün olmadığı, kimi fəlsəfəsiz də təsəvvür etmək olmaz. Filosoflar, yəni insanın, cəmiyyətin, bütövlükdə dünyanın mövcudluğunun son səbəblərini axtaran, bəşər cəmiyyətinin haraya istiqamətləndiyini, tarixdə tərəqqinin olub-olmamasını, yaxud idrakın kainatda daim mövcud olacağını: kainatın özünün nə olduğunu, insanın zamanda və məkanda, onun sonsuzluğunu və qanunları necə dərk olunmasını öyrədən –insanlar olmasa cəmiyyət qeyri - mümkündür. Kainatın, təbiətin mənşəyinin və inkişafının qanunlarını öyrənən fizik, həyatın necə meydana gəldiyini və canlının cansızdan nə ilə fərqləndiyini başa düşmək istəyən bioloq, bəşər dillərinin qohumluğunu və bizim dillə danışmağımız yox, dilin bizim vasitəmizlə danışması qənaətinə gələn dilçi fəlsəfi düşüncə tərzinə malik olmalıdır.

Fəlsəfə insana deyir: düşün, nə üçün yaşadığını, nəyə görə dünyaya gəldiyini, müsibətlərinin, bədbəxtliklərinin səbəblərini, onlardan ötrü cəmiyyətin, yaxud özünün günahkar olduğunu başa düşməyə cəhd et; hamıdan yaxşı sənin özünün həyata keçirə biləcəyin işi axtar; nifrətə və qəzəbə yol vermə, məhəbbətlə yaşa və necə olursa-olsun yaxşılıq etməyə çalış; qoy qeyri-kamilliyin sənə əziyyət versin; özünə səmimi şəkildə baxmağı bacar, axı məziyyətlərinin və yaxşı cəhətlərinin böyük hissəsisini özün uydurmusan, yaxşılıq etməyi bacar: bunun özü də bir sənətdir.

Beləliklə, fəlsəfə insana insan olmağı, yaşamaq sənətini, dünyanı dərk etmək sənətini, insanların arasında yaşamaq sənətini, ölümdən qorxmamaq və cəsarətlə öz taleyinə baxmaq sənətini öyrədir. Biz fəlsəfəni öyrənərək bu xüsusi, ola bilsin ki, ən vacib sənəti öyrənirik.

İnsanın kamilləşməsi missiyyasını təkcə fəlsəfə üzərinə götürməyib; bununla ədəbiyyat, təsviri incəsənət, musiqi, insanı tərbiyələndirən və onun xasiyyətinə yumşaqlıq gətirən din də məşğul olur. Onlardan fərqli olaraq fəlsəfə təbiətin və cəmiyyətin dərk olunması metodlarını tapmağa, bəşəriyyətin mənəvi təcrübəsini ümumiləşdirməyə və onların bəzi qanunauyğunluqlarını üzə çıxarmağa çalışır. Bununla yanaşı, fəlsəfə özünü anlayış və kateqoriyalar sistemi vasitəsilə ifadə etməyə çalışır ki, bu baxımdan o, fizika və kimya kimi konkret elmlərə bənzəyir.

Bu da çox vaxt fəlsəfəni elm adlandırmağa əsas yaradır. Lakin əgər elmdən danışarkən ciddi və dəqiq, məntiqi cəhətdən bir-birilə bağlı və təcrübədə yoxlanıla bilən anlayışları və qanunları nəzərdə tuturuqsa, fəlsəfə, əlbəttə biliyin tamamilə xüsusi sahəsidir. Fəlsəfi müddəaların çoxu təcrübə yolu ilə sübut olunmur və təcrübənin nəticəsi deyil: təcrübə yolu ilə həyatın və şüurun inkişaf edən təbiətdən doğulduğunu, Allahın dünyanın əsası olduğunu, insan azadlığının zəruriyyət kimi insan təbiətindən meydana gəldiyini sübut etmək olmaz.

Yunan filosofu Platon fəlsəfəni tamın, ümuminin dərk edilməsi kimi başa düşürdü. Aristotel isə fəlsəfəni biliklərin universal sistemi hesab edir, bütün yerdə qalan elmləri onun hissələri adlandırırdı.

Böyük Kanta görə fəlsəfə insana bu suallara cavab verməyə yardımçı olmalıdır. Mən nəyi bilməliyəm? Mən nə etməliyəm? Mən nəyə ümidli olmalıyam? İnsan nədir və onun varlığının mahiyyəti və təyinatı nədən ibarətdir?

Alman filosofu həyat fəlsəfəsinin görkəmli nümayəndəsi A. Şopenhauer hesab edir ki, fəlsəfə sənətlə elm arasında orta mövqe tutur, daha dəqiq desək, onları birləşdirir.

İngilis riyaziyyatçısı və filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bertran Rassel isə fəlsəfəni elmlə din arasında yerləşən sahə, yəni dəqiq biliklərlə dini biliklər arasında vasitəçi hesab edirdi.

Əgər fəlsəfə elm olmağa cəhd göstərir, elmi təqlid edir, elmi ifadələr və anlayışlarla silahlanırsa deməli, elmi biliklərin daşıyıcısıdır. Biz bu və ya digər filosofun həyat yolu ilə tanış oluruq. Antik və orta əsrlər mütəfəkkirlərinin öz ideyalarını ifadə etməyə cəhd göstərdikləri əsas anlayışlar və kateqoriyaları bilirik. Fəlsəfə sirr daşıyıcısı olduğuna görə sənətdir.

Sirr dərk oluna bilməyən, lakin yaşanan nəsnədir. Beynimizdə nə qədər hüceyrə olduğunu, orada hansı proseslərin getdiyini bilirik, ancaq başımıza fikrin hardan gəldiyini bilmirik. Bu sirdir. Əgər bunu bilsəydik, hamımız dahi olardıq. Ən böyük sirr insanın özüdür və onun bütün həyatı onun nə olduğunu üzə çıxarmaq prosesidir. Bu aydınlaşdırma prosesində fəlsəfənin rolu danılmazdır.

Bir zamanlar bütün elmlər fəlsəfənin tərkibində idi. Əslində, heç bir elm yox idi, yalnız fəlsəfə vardı və ilk filosofları müdriklər adlandırırdılar. Öz zəmanələri üçün onlar riyaziyyat, fizika, astronomiya, sahələrində xeyli biliyə malik idilər, o cümlədən, fəlsəfə ilə də məşğul olurdular. Konkret biliklər artdıqca onları bir başda saxlamaq qeyri-mümkün oldu. Və elmlər fəlsəfədən ayrılmağa başladılar. Fizika və riyaziyyat, həmçinin həndəsə ilk müstəqil elmlər oldu. Yeni dövrdə biologiya və kimya müstəqil elmlər kimi meydana gəldi. Bu proses XX əsrə qədər davam etmişdir. Fizikin, filoloqun, yaxud bioloqun diplomunda “Fəlsəfə doktoru” sözləri yazılır, halbuki onların artıq fəlsəfə ilə heç bir əlaqələri yoxdur. Digər tərəfdən bu, həmin elmlərin uzun illər fəlsəfənin tərkibində olmasını xatırlatmaqdır.

Əgər bütün elmlər fəlsəfədən ayrılıbsa onda fəlsəfənin payına nə qalmışdır? Onun payına əbədi, ilk növbədə onların başlıcası - “insan nədir”, “onun mövcudluğunun mənası nədir” sualları düşür. Bu suallarla müqayisədə bütün elmi, texniki və sosial nailiyyət və ixtiralar uşaq oyuncaqlarıdır. “Özün dərk et” bütün fəlsəfənin əsas çağırışıdır.

Lakin özünü dərk etmək heç də orqanizmimizdə fermentlərin sayı, yaxud baş-beyin nahiyəsində nə qədər neyron olduğunu bilmək demək deyil. “Özünü dərk et”mək nə fermentlərə, nə neyronlara, nə bizim fiziologiyamıza, nə də bizim psixologiyamıza müncər oluna bilməyən əsl təbiətimizi üzə çıxarmaqdır. Əsl insan təbiəti, fövqəlinsanın təbiətidir. Bütün dinlər də belə bir müddəadan çıxış edərək göstərir ki, insan Allaha yaxınlaşdıqca daha çox insan olur, heyvana yaxınlaşdıqca insanlığını itirir.

Bəli, fəlsəfə bizə lazımdır? Problem onun tədris olunmasındadır: bunu da hələ ki bacarmırıq...

635x100

Şərhlər

Yusif müəllim 2020-11-21 23:10:25

Çox sağ ol, Etibar müəllim! Qısa və kionkret şıkildə bu elmin mahiyyətini şərh etdin. Mənim fikrimcə. fəlsəfənin ayrı- ayrı elementlərini orta məktəbdən "insan və dünya" fənni kkimi öyrətmək lazımdır. Hər növbəti iuşağın yaşına uyğun bir az da artaıraraq yuxarı siniflərdə tam "fəlsəfə" adında tədris etmək lazımdır. Fəlsəfəni bilmək həm də digər fənnləri öyrənməyi asanlaşdırır.

Son yazılar