Dünən Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməyə Demokratik Qüvvələrin Milli Şurası etiraz edib.
Qurumun yaydığı bəyanatda bildirilir ki, bu Qətnamə beynəlxalq hüquqla və beynəlxalq münasibətlərin universal prinsipləri ilə ziddiyyət təşkil edir: "Eyni zamanda 1997-ci ildən başlayaraq Fransa Respublikasının ATƏT-in Minsk Qrupunda 23 illik həmsədrliyini şübhə altına alır. Birmənalı formada qeyd etməliyik ki, Senatın qətnaməsi Fransa dövlətinin ərazi bütövlüyünü tanıdığı Azərbaycan Respublikasının suveren hüquqlarına müdaxilə etmək, onu şübhə altına almaq xarakteri daşıyır. Bu qətnamə münaqişə bölgəsində sülhə və sabitliyə deyil, gərginliyə xidmət edən, ərazi bütövlüyü BMT və ATƏT tərəfindən tanınmış Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfdən tanınmış ərazi bütövlüyünü pozmaq cəhdidir".
Sənəddə qeyd olunur ki, Fransa Senatında belə bir Qətnamə qəbul etməklə Paris Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupunun həmsədrlərindən biri kimi öz tərəfsizliyini itirib, tərəflər arasında vasitəçi olmaq missiyasını etibardan salıb. "Şübhəsiz ki, məsələ yalnız bununla məhdudlaşmır, bu ədalətsiz qətnamənin qəbul edilməsi müstəqillik dövründə pozitiv inkişaf yolu keçmiş Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrinə ciddi təhlükə yaradır" - deyə bəyanatda vurğulanır.
Müəlliflər qətnaməni qətiyyətlə pisləyir, bu ədalətsiz, qeyri-obyektiv, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin universal prinsipləri ilə daban-dabana zidd olan sənədə qarşı kəskin etirazını ifadə etdiklərini qeyd ediblər.
"AzPolitika.info"


Şərhlər