BÖYÜK ALİMİN QARABAĞ DӘRDİ

Əziz bildiyim insanları nə vaxtsa unutmağım və yaxud yaddan çıxartmağım qeyri-mümkündür. Azərbaycanın düçar olduğu üzücü döyüşlər, apardığı müharibə, dünyanı cənginə alan epidemiya belə insanın qəlbində olanları, az da olsa, unutdura bilmir. Əksinə ürəyində özünə əbədi yurd salmış düşüncələrinlə bağlı müəyyən hadisə, yeniliklə bağlı xəbər eşitdikdə isə qəlbində lövbər salmış düşüncələr yenidən təzələnir və günün yeni xəbərinə çevrilir.

Getdikcə hava işıqlanır, narahatlıq səngiyir, mühit sakit erasına qayıdır. Yenidən qış da gələcək, ancaq bir zamanlar işığına milyonlar üz tutan, yaratdıqları milyonların istinad nöqtəsi olan görkəmli şəxsiyyətlərlə biz bir daha həyatda qarşılaşa bilməyəcəyik. Lakin onların yazıb-yaratdıqları daim bizim köməyimizə çatacaq və sakit axıb gedən şəffaf bulaq suyu kimi onunla qidalanacağıq.

Belə dahi şəxsiyyətlərdən biri də (dəqiq desək, birincilərdən biri) noyabrın 27-də əbədiyyətə qovuşmasının beş ili tamam olan görkəmli türkoloq alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.

Yaşasaydı bu il may ayının birində 84 yaşı tamam olacaqdı. Yaşasaydı bu gün dünyaya göz açdığı doğma torpağının - Cəbrayılın erməni işğalından azad olunması xəbərini eşidib bütün intizarına, yurd həsrətinə son qoyulacaqdı. Ancaq çox təəssüf….

Vətən sevgisi, yurda, torpağa bağlılıq bütün normal insanlarda olub, var və olacaqdır.

Ancaq elə insanlar var ki, onların yurd sevgisini, torpağa, onun insanlarına olan tükənməz məhəbbətini sözlə ifadə etmək qeyri-mümkündür.

Bu sevgi kimin hansı sahədə çalışması, hansı sənətlə məşğul olması ilə bağlı olan məsələ deyil. Bu sevgi insanın cisminə ana südü, yaşadığı torpağın havası, suyu və s. ilə daxil olmuş, heç bir cihazla ölçülə bilməyən xarüqüladə bir mənəvi sərvətdir. Və bu sadaladıqlarımın hamısı akademik Tofiq Hacıyevin şəxsiyyətində bütün qabarıqlığı ilə öz əksini tapmışdı.

Akademikin yurda, torpağa, ğözümüzün nuru Qarabağa, üzük qaşı sayılan Şuşaya olan sevgisi onu yaxından tanıyanların söylədikləri xatirələrdə daha qabarıq şəkildə özünü göstərir. “Qarabağ həsrətli Tofiq müəllim” başlıqlı bir məqalədə Rəhilə Quliyeva “Türklük bilimində bir ömür” (Ankara, 2016, səh.125) yazılır: “Tofiq müəllim həmişə şən, gülərüz görünürdü, çöhrəsi nurani idi. Lakin o üzüntülər içərisində gülümsəməyi bacaran böyük insan idi. Onun qəlbində dağ boyda həsrət, gözlərində dərin bir kədər var idi. Nə idi bu həsrət, bu üzüntü, bu kədər?! Bu həsrət – Qarabağ həsrəti …idi.”(səh.129)

Müəllif bunun ardınca Tofiq müəllimin Qarabağ torpağına, qədim Şuşaya sevgi və bağlılığının ölçüyəgəlməz olduğunu göstərmək üçün faktlara əsaslanaraq yazısına davam edir:

“Qarabağdan – Şuşadan söhbət düşəndə Tofiq müəllim göz yaşlarına hakim kəsilə bilmirdi. O, Cəbrayılda doğulsa da, Şuşasız yaşaya bilmirdi, hər il ailəsi ilə birlikdə Şuşaya gələr, orada həm istirahət edər, həm də yaradıcılıqla məşğul olardı… Ölümündən bir neçə ay əvvəl kafedrada bir nəfərin dissertasiya işinin müzakirəsi keçirilirdi. Müzakirədən sonra... söhbət yenə də həmişəki kimi Qarabağdan, erməni faşistlərinin mənfur əməllərindən və Qarabağın “tacı”, “Cənnət məkanı” Şuşadan düşdü. Tofiq müəllim qəhərlənsə də, Şuşanın gözəlliyindən …xarı bülbülündən…elə danışırdı ki, hamı əfsunlanmışdı” (Yenə orada).

Sonra müəllif akademik Tofiq Hacıyevin Qarabağ, Şuşa haqqında söylədikləri fikirlərə geniş yer verir və göstərir ki, akademik hələ o zamanlar inanırdı ki, çox çəkməyəcək, Qarabağ düşmən tapdağından azad olunacaq, onun nəvə və nəticələri bu yerlərə üz tutub onun saf havasının, gözəl mənzərələrinin qonağı olacaqdır. Akademikin bu arzularını qələmə alan müəllif yazısına davam edərək yazır: “O torpaqlarımızın alınacağına, bu həsrətə son qoyulacağına əmin idi. Hər rastlaşanda mənə təskinlik verər və deyərdi ki, darıxma, yenə də Şuşanın təmiz, saf havasını ciyərlərimizə çəkəcək, bütün ağrı, həsrətlərə son qoyacağıq”. (Yenə orada, səh.30).

Doğrudan da, görkəmli şəxsiyyətin Şuşa - Qarabağ ilə bağlı söylədikləri bu gün öz təsdiqini tapdı. Təəssüf ki, akademik bu günlərin canlı şahidi ola bilmədi.

Müəllif Tofiq Hacıyev haqqında olan məqaləsində daha çox onun itirilmiş torpaqlardan söhbət gedərkən keçirdiyi həyəcan və əzabların mimikasındakı əksindən danışır. Düşmən tapdağında olan Qarabağdan bəhs olunduqda daha çox susmağa üstünlük verən insanın daxilində baş qaldıran kinin, nifrətin, torpaqları düşməndən təkbaşına ala bilməyən və bu “gücsüzlüyünü” özünə bağışlaya bilməyən, torpaq, yurd həsrəti ilə alışıb yanan bir insanın içindəki təlatümün onun simasında yaratdığı gərginlik və iztirabdan danışılır.

Məqalə demək olar ki, yurdundan, Vətənindən didərgin düşən, onu geri qaytarmağa gücü çatmayan bir insanın üzündə, duruşunda və danışığında öz əksini tapan yaşadığı hisslərin təsvirindən ibarətdir.

Akademik Kamran İmanovun erməni vəhşiliyi və saxtakarlığından bəhs edən “Erməni(yad) el(li) nağılları” kitabı haqqında yazdığı “Gerçəklə nağılın dialoqu” (“Ədəbiyyat qəzeti” 16 yanvar 2015-ci il) məqaləsində kitabın məziyyətlərindən danışarkən, bədnam qonşuların Azərbaycan vətəndaşlarına – Azərbaycan türklərinə bəslədikləri nifrətin necə də sonsuz olduğunu görüb, onu hər an duyan və bu hadisələrin şahidi olan bir insan kimi danışır. Kamran İmanovun əsərinin məziyyətlərindən danışarkən, orada öz əksini tapan və erməni saxtakarlığını ifşa edən detalların dəqiqliyini təsdiq edir və xalqımızın özünə, ədəbiyyatına, mətbəxinə və ümumiyyətlə, bu xalqın özünə düşmən kəsilmiş bu çörəkitirənlərin nankorluqlarından danışır. Öz danışıqlarını tarixi məxəzlərdən əldə etdiyi faktlarla təsdiqləməyə çalışır.

Məqalə müəllifi ermənilərin Azərbaycana qarşı yersiz iddia və hücumlarını faktlara əsaslanaraq, diqqət mərkəzinə gətirir. Ermənilərin Azərbaycan nağıllarından başlayaraq yurdlarını, kənd və şəhərlərini özününküləşdirməyə çalışdıqlarını əsaslarla sübut edir. Akademik bununla bağlı yazır: “Ermənilərin türklərə qarşı böhtanları, qarayaxmaları haqqında az yazılmayıb. Ermənini görənlər tezliklə onların mənəvi varlığına (əslində yoxluğuna) nüfuz edə biliblər. Biliblər ki, ermənilərin bu xasiyyəti sadəcə çirkin mənəviyyatsızlıq deyil, beyinlərində ancaq irtica virusları gəzdirmək xəstəliyidir. Hətta xəstəliyə o dərəcədə yoluxublar ki, fəxrlə özlərinə orijinal bir millət kimi “erməni xəstəliyi” deyilən bir marka da yapışdırıblar və deməli, bunlar xəstə olmaları ilə fəxr edirlər. Daha buna nə deyəsən. Deməli, doğrudan, bu millət xəstədir”.

XX əsrin əvvəllərində özlərinə qədim Azərbaycan torpaqlarının doqquz min kvadratkilometrində respublika qurub, bu gün onu iyirmi doqquz min kvadratkilometrə çatdıran və bununla da gözləri doymayan, Azərbaycanın Qarabağ torpaqlarını işğal edib özününküləşdirməyə çalışan bu mənfur millətin acgözlüyü və türklərin hesabına dirçəlib, sonradan onlara düşmən kəsilməsi haqqında antitürklərdən biri olan Şərq üzrə tanınmış tarixçi İ.Dyakonovun fikirlərini misal gətirir: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır”.

Tofiq müəllim kitabda İ.Dyakonovun bu fikrinə əsaslanan K.İmanovun “Daha kim qaldı ki, deməsin. İndi Ermənistan adı ilə tanınan ərazi erməni etnosunun vətəni deyil” fikrinə əsaslanaraq ermənilərin bu torpaqlara sonradan gəldiyini, onların qaraçılar kimi oturaq həyat keçirmədiklərini, həmişə gəzərti olduqlarını vurğulayaraq bununla bağlı kitab müəllifinin aşağıdaki fikrini nümunə gətirir: “Tarixən erməni didərgin bir əşirət olub, qaraçılar kimi köçəri camaat olub. Onlar hətta qaraçılarla da müqayisəyə gəlməzlər: qaraçılar özləri gəzəri olublar, ancaq erməniləri həmişə məskun olduqları dövlətlərin torpaqlarından qovublar, vətən sözü onlara yaraşmır”.

Akademik bu fikirləri K.İmanovun fikirlərinə əsaslanaraq yazır. Bu fikirlər torpağı 25 ildən artıq erməni əsarətində olan Vətən övladının vulkan kimi püskürən nifrətinin kükrəyən əks-sədasıdır. Həm kitab müəllifi, həm də bu kitab haqqında fikir söyləyən akademikin çörəkitirən, girəvə tapan kimi çörəyini yeyib, torpağında yaşadığı xalqa xain çıxan bir toplumun, üzdəniraq ermənilərin kimliyini göstərən kiçik bir detaldır.

Yazıda öz əksini tapan faktlardan məlum olur ki, ermənilər Azərbaycan türklərinin təkcə torpaqlarına göz dikməyiblər, onların qədim incəsənət, ədəbiyyat nümunələrini də özününküləşdirməyə çalışıblar. Azərbaycan mətbəxini, mədəniyyət nümunələrini öz adlarına çıxmaqla kifayətlənməyən ermənilər, şifahi xalq ədəbiyyatı nümunələrini də öz adlarına çıxmaqdan çəkinməyiblər.

Nankor ermənilər hər biri bir türk tayfasının adı ilə bağlı şifahi xalq şeiri janrı olan varsağını da öz adlarına çıxmağa çalışmışlar. Məqalədə göstərilir: “Gəraylının xüsusi forması olan varsağı varsaq qıpçaq tayfasının şeir yaradıcılığıdır, mahnı forması Azərbaycanın qədim Manna dövlətinin Mahan tayfasından gəlir.”

Bir ona heyfsilənirəm ki, Tofiq müəllim ermənilərin varsağı şeir formasını mənimsəmək istədiklərindən bəhs edərkən qeyd etməyib ki, əgər sizin zəngin şeir janrınız olsaydı, tərifini göylərə çıxardığınız, 18-ci əsrdə yaşayıb yaradan aşığınız (qusanınız) (Akademik qusan sözünün də türk sözü olduğunu və qoş-maq sözündən düzəldiyini qeyd edir) Sayat Nova özündən sonra qoyub getdiyi, təqribən 220 şeirin 68-ni erməni, 34-nü gürcü, 120-ni isə Azərbaycan türkcəsində yazmazdı.

Akademik Tofiq Hacıyev məqalədə bu məsələ ilə bağlı yazır: “K.İmanovun istinad etdiyi alman səyyahı (Hakhauzen) XIX əsrin ortalarında yazırdı ki, Kiçik Asiya yarımadasında (Türkiyədə) toyları ən çox erməni aşıqları aparırlar. Deməli, erməni türkün şeir və musiqisi ilə özünə yaşayış təmin etməklə kifayətlənməyib, həm də onun yaradıcılığına sahib çıxır. Hətta görkəmli rus türkoloqu V.Qvardlevski 1920-ci illərdə ermənipərəst ermənişünaslara qarşı varsağı şeir formasının və həmin adla aşıq melodiyasının məhz türkə məxsus olması haqqında xüsusi məqalə yazmışdır.”

Məqalədə ermənilərin Molla Nəsrəddin lətifələrini də özününküləşdirməyə çalışdıqlarından söhbət açılır.

Akademik kitabda erməni dilinin müəyyən müddətdən sonra türk dilinin təsiri altına düşməsindən, illər keçdikcə türk sözlərindən daha çox istifadə etdiklərindən söhbət açır. Məqalədə yazılır: “Kitabda erməni dilinin tarixən türk dilinin təsirinə düşməsi də elmi əsaslarla verilir. Qədim erməni dili (qrabar) Hind-Avropa dil sistemi üzrə qurulduğu halda, yeni, aşxarabar ermənicəsinin sintaksisi tamamilə türkcənin təsiri ilə formalaşmışdır. Artıq bu, erməninin oğurluqla mənimsəməsi deyil, türkcənin gücü və Şərqdə ümumünsiyyət vasitəsi kimi fəaliyyət göstərməsinin nəticəsidir”. (Yenə orada)

Akademik Qabilin 1996-cı ildə “Gənclik” nəşriyyatında çap olunan “Hava necə olacaq…” kitabı haqqında yazdığı “Çadırlara alışmayın…” adlı məqaləsində də kitabdakı şeirlərə əsaslanaraq Qarabağ, xalqın Qarabağın əsarətdə olan torpaqları ilə bağlı fikir və düşüncələrini ürək ağrısı ilə qələmə alır. Məqalə “Ədəbiyyat qəzeti”nin 21 mart 1997-ci il tarixli nömrəsində dərc olunmuş, Qarabağ yaraları hələ qaysaq bağlamamış xalqın arzu və istəklərindəki ümidsizliyin müvəqqəti, keçəri olduğuna inamın artırılmasına stimul yaratmışdır.

Məqalənin adından da (“Çadırlara alışmayın”) görünür ki, müəllif hələ torpaqlarımızın təzə işğal olunduğu vaxtlarda da bu torpaqların erməni işğalı altında şox qalmayacağına, qədim Oğuz yurdunun xalqımızın igid övladları tərəfindən nə vaxtsa işğaldan azad olunacağına inanmışdır. O, Qabilin “Çadırlara alışmayın” şeirindən bəhs edərək yazır: “Bu gün Qabil müstəqil dövlətinin itirilmiş torpağını qorumaq üçün xalqını səfərbərliyə çağıran döyüşçü şairdir. Keçid dövrünün burulğanlarında iqtisadi münasibətlərin yaratdığı çörək əndişəsində Qabil yenə şair sözünü deyir. Xalqını süstləşməyə qoymur. Qabil haray çəkir:

Barışqanlıq cinayətdir Lap bir anlıq - cinayətdir, Alışqanlıq cinayətdir, Çadırlara alışmayın.

Şairin misraları sadəcə şeir deyil, Xocalı harayıdır. Şuşa naləsidir. Vətən sızıltısıdır. Bu bəndlər bayrağımıza yazılmalı, çadır şəhərciklərinin girəcəyində, ortasında, üstündə bərkidilməlidir.”

Akademik göstərir ki, Qabilin şeirinin bu bəndini oxuyanın torpaq dərdi, yurd dərdi sanki bir tufana çevrilib onun köhnəlməyən dərdlərini yenidən təzələyir. Ona görə də məqalə müəllifi “Çadırlara alışmayın” şüarının çadır şəhərciklərinin bir yerində vurulması ilə razılaşmır, həmin şüarı çadır şəhərciklərinin hər yerindən asmağa, insanları doğma yurda qayıtmağa tələsdirir.

Bu, təkcə şair istəyi deyil, bu istək həm də hər bir elm adamının – alimin, yurd itkisi ilə barışmayan, ona tez qovuşmağa çalışan bir Vətən sevdalısının könül hayqırtısıdır.

Şairin şeirlərini təhlil edən Tofiq Hacıyev misralara əsaslanaraq öz içindən keçən göynərtiləri, bəzilərinin bu torpaq itkisinə biganəliyini belə ifadə edir: “Restoranların qarşısından keçərkən düzülmüş maşınların səfində şair müharibə əhvalı görmür. Toylarda, mağarlarda, çal-çağırlarda müharibə havasını duymur.”

Bu fikirlər şairin şeirinə əsaslanan məqalə müəllifinin şahidi olduğu hadisə və qarşılaşdığı insan etinasızlığına, laqeydliyinə üsyanıdır. Torpaq həsrətini özünün baş dərdi sayan Azərbaycan ziyalısının yurduna, Vətəninə olan sevgisinin publisistik ifadəsidir.

Məqalənin sonunda akademik Qabil şeirlərinə əsaslanıb öz daxilində yaşatdığı fikirlərini də dilə gətirib yazır: “Şeirləri ilə Qabil bu günün tarixini yazır, tarixi-etnik psixologiyamızın bugünkü böhranını təhlil edir. Bircə o istək qalır ki, deyək, döyüşçülərimiz Qabilin şeirlərini, “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” marşını oxuya-oxuya Qarabağ uğrunda döyüşə getsinlər!”

Mən də bu yazını oxuyandan sonra düşündüm ki, yerin behişt olsun, ustad, bu gün Ali Baş Komandanımız başda olmaqla qəhrəman ordumuz bizi, o cümlədən bütün Azərbaycan xalqını Sizin, eyni zamanda şair Qabilin arzuladığı səadətə qovuşdurdu!

Kaş ki, bu Qələbə sevincimizi Sizinlə birgə yaşasaydıq! Təəssüf! Çox təəssüf... Ustad!

Sərdar Zeynal, 

filologiya elmləri doktoru

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar