“The Times”:“Putin və onun quldur rejiminin vaxtı bitir”
Hələ ABŞ-dakı prezident seçkilərindən öncə də analitiklər demokratların namizədi Co Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə, Rusiya ilə münasibətlərdə ciddi gərginlik yaşanacağını vurğulayırdılar. Görünən odur ki, hazırda Rusiyanın geostrateji cəhətdən ətrafı daralmağa başlayır. Moskva Ukraynanı faktiki olaraq itirdikdən sonra növbə Belarusa və Moldovaya da çatıb. Kreml isə, bütün baş verənlərdə Qərbi günahlandırır.
“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Times” qəzeti “Putin və onun quldur rejiminin vaxtı bitir” başlıqlı məqaləsində Rusiya-ABŞ münasibətlərinin və şəxsən Vladimir Putinin gələcək taleyinə toxunur.
Elə bu məqalənin özü Qərbin Vladimir Putinə münasibətini aydın şəkildə göstərir. Həmin məqaləni qısa ixtisarlarla diqqətinizə çatdırırıq:
“Moskvadakı siyasi icmalıçılar Vladimir Putinə “Co Bayden yeni Barak Obama olacaq” deyəndə, yəqin ki, Putinin ürəyi düşüb. Hazırda 68 yaşlı Kreml rəhbəri “Covid-19” infeksiyasından qalın divarlı, plastik tunelli girişi olan və oraya gedənlərin güclü dezinfeksiya edildiyi Moskva ətrafındakı mikrobsuz villada tənha həyat sürür. Belə hiss olunur ki, o, böyük dövlətlərin növbəti çəkişməsinə hazır deyil.
Rusiya lideri ilə Obama arasında xüsusi məhəbbət yaranmadı. Obama prezident seçilməmişdən üç ay əvvəl Putin Gürcüstana soxulmuşdu. 2011-ci ildə Putin Obama administrasiyasını Moskvadakı küçə iğtişaşlarını qızışdırmaqda günahlandırmışdı.

2014- cü ildə isə, Krım və Ukraynanın şərq hissəsi rus qoşunları tərəfindən zəbt edildi və bundan sonra Obama Putini “Böyük səkkizlik”dən qovdu. Barak Obama öz memuarlarında Putini kiçik şəhərdən olan dələduzla müqayisə edir.
Əgər Baydenin prezidentliyi Obama dönəminin təkararı olacaqsa, onda Putin yenidən öz qınına çəkiləcək. Ancaq əgər Bayden Trampın yanaşmasını davam etdirərsə, bu zaman sövdələşmələr də mümkündür.
İyirmi ildən sonra havadan yenə eyni sual asılı qalıb - Putin getsin, yoxsa qalsın? Əgər gedirsə, onda nə vaxt və hansı şərtlərlə?
Saxtalaşdırılmış Konstitusiya Referendumu ona daha iki müddət seçilmək imkanı verir. Əgər o, hər iki dəfə qalib gəlsə, deməli, 2036-cı ilədək hakimiyyətdə qalacaq. Onda Putinin 84 yaşı olacaq. Əksər siyasətçilər və Putinin özü də yəqin ki, bunun dəlilik olduğuyla razılaşar.

Putin keçən ay heç bir gizli eyham vurmadan hamının qarşısında birdən-birə etiraf etmişdi: ”Sözsüz ki, mənim prezidentliyim qurtarmalıdır. Mən bu barədə özümə gözəl hesabat verirəm”.
Amma hər halda o, gənc istedadları seçərək, onların içərisindən özünə varis yetişdirmək arzusunda deyil. Hələ prezident postundan gedəndən sonra hüquqi toxunulmazlıq məsələsi də var. Boris Yeltsin onun özünə hakimiyyəti bir şərtlə vermişdi ki, Yeltsinin ailəsi məhkəmə iddialarından və ya qisasdan qorunsun. Putin öz vədini yerinə yetirdi.
İndiki vəziyyətdə, əgər isteblişment əleyhinə olanlar və Navalnı kimi korrupsiya mübarizləri seçkilərdə qalib gələrlərsə, bəs, onda necə olacaq? Onda heç bir sövdələşmə gözlənilməməlidir.
Ona görə də Rusiya parlamenti keçmiş prezidentlər və onların ailələrinə qarşı hüquqi imunitet və məhkəmə toxunulmazlığı qanununu qəbul edib...
Beləliklə, Putin öncədən sığortlanmaya gedir. Bir tərəfdən o, ömrünün sonuna kimi hakimiyyətdə qalmaq üçün işlər görür. Bununla yanaşı, istefaya gedəndən sonra onun qapısını kiminsə döyməyəcəyindən arxayın olmaq istəyir.
Hazırda onun “mülkləri” sürətlə əriyir. Rusiyanın müttəfiqi Ermənistan ilə Türkiyənin dəstəklədiyi Azərbaycan arasında baş verən qısa müddətli müharibə Moskvanın vasitəçiliyi ilə sona çatdı. 2018-ci ildə Putinin böyük narazılığına baxmayaraq, Nikol Paşinyan baş nazir kimi hakimiyyətə gəldi. Ancaq indi çox güman ki, onun hakimiyyətinin son günləridir.
Vaxtilə SSRİ-nin tərkibində olan Moldova da özünə Avropaya meylli lider seçdi və o, Kremlin dəstəklədiyi namizədə qalib gəldi. Belarusda həyata keçirilən repressiyalar isə xalqı Rusiya ilə istənilən ittifaqdan çəkindirir.

Görünən odur ki, Rusiya hər yerdə geri çəkilir. Rusiya iqtisadiyyatı təkcə pandemiyaya görə yox, həmçinin “laxlayan” neft qiymətlərinə görə də sürətlə üzü aşağı gedir. Çox tezliklə rusiyalılar Putin sisteminin yıxılması və maskaların düşməsi ilə üzləşəcəklər”.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər
Cox deqiq ve duzgun tehlildir!!!
Bəs, Dünyada bu dəngələrin dəyşməsi bizə nə vəd edir. Öncə unutmayaq ki, tarixdə belə şəxsiyyətlər öldüyü və hakimiyyətdən gedəcəyini gördükləri halda daha da aqressiyalaşırlar və hər tərəfə saldırmağa başlayırlar. Yəni öz yoxluqları ilə zamanında edə bilmədiklərini daha hirsli şəkildə etməyə başlayırlar. Necə ki, uzun illərdir Azərbaycana qoşun yeritmə planlarını Azərbaycanın bu haqlı davasından istidfadə edib, Azərbaycana soxdu. Bəli bütün bu oxşar təcürbələr deyir ki, nə olur-olsun indiki Putin Rusiyası ilə münasibətlərdə ehtiyatı biz də əldən verməməliyik. Çünki, hər şeydən öncə o Rusiyadır və onun hansı yuvanın "quşu" olduğunu uzaq və yaxın tariximizdən bizlər də gözəl bilirik. Bunun üçün Qarabağa Rusiyanın razılaşdırılmış hərbi qüvvələrinin məhdud sayının aşmaması və oraya Moldavada olduğu kimi əlavə qüvvələrini cəlb etməməsi və qısacası bundan istifadə edib də Qarabağda özü üçn bir hərbi baza qurmaması üçün, nə olur -olsun Laçın koridorunda Türküyənin Sülməramlılarının da yer almasına nail olmalıyıq. Amma görünən o ki, Türküyənin məlum ilkin sazişdə, bizim də bilmədiyimiz səbəblərdən yer almaması (təssüf ki), məsələni zorlaşdırır. Bu səbəbdən dolayı da görünən o ki, Rusiya bunu əsas gətirib özünün illərdir ulaşmaq istədiyi, lakin bir türlü ulaşa bilmədiyi amacına ulşması üçün, Türklərin Xankəndində və ona bitişik ərazilərdə, o cümlədən də Laçın koridorunda görmək istəmir və Türküyə də hələ ki bununla razılaşmır və bu səbəbdən də danışıqlar uzanır ki, bu da Türklərin gəlişinin geciklməsinə nədən olur. Amma Putin unudur ki, O Erdoğandır. O Erdoğan ki, Tanrıdan başqa heç kmsəyə hesab vermir və onun özünün qoyduğu qırmızı cizgini də kimsənin pozmasına da, müsaidə etmir. Özü demişkən, Babası da olsa belə.