Ermənistan Rusiyanın REM sistemindən imtina edir - Məğlubiyyətin yeni “səbəbini” tapıblar

Qarabağda və ətraf rayonlarda davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın ordu quruculuğunda çox ciddi irəliləyişlər əldə etdiyini bir daha sübut etdi. Azərbaycanın qalibiyyəti ilə yekunlaşan müharibə Ermənistan ordusunun müasir dövrdə hətta hərbi yenilikləri mənimsəmədiyini də ortaya qoydu.

Ermənistan rəşadətli Ordumuz tərəfindən sarsıdıcı zərbələr aldıqca, bütün mənalarda qüvvələr nisbətinin fərqini anladılar və nəhayət, 10 noyabr kapitulyasiya sənədini imzalamağa məcbur oldular. Məğlub ordu isə indi bunun səbəbləri haqda ən müxtəlif iddialar irəli sürür.

Ermənistanın məğlubiyyətinin yeni “səbəbi”

Son günlər Ermənistanın internet seqmentində Rusiyanın Ermənistan ordusunun arsenalına verdiyi (əlbəttə ki, pul qarşılığında) radioelektron mübarizə vasitələrinin (REM) effektiv olmadığı barədə müzakirələr açılıb. Bildirilir ki, Ermənistan Rusiya istehsalı olan REM-lərin istifadəsindən imtina edərək, Almaniya ilə bu barədə danışıqlara başlayıb, hətta ilkin müqavilələr bağlayıb. Rəsmi İrəvan REM-in xüsusilə Türkiyə pilotsuz təyyarələrinə qarşı effektiv olmamasını bəhanə edir. 

Mövzuya diqqət çəkən Rusiyanın gazeta.ru saytı Ermənistanın internet seqmentində yayılmış xəbərləri “şişirdilmiş” hesab edir. Amma müharibədə bütün cəbhələrdə uduzan İrəvana ironiya etməyi də unutmur. “Hələ heç kim düşməninə REM sistemlərinin köməyi ilə “hücum” etməyi bacarmayıb. Düşmənin radioelektron vasitələrini sıxmaq mümkündür, ancaq "hücum" etmək mümkün deyil” deyə, sayt ironik ifadələrlə İrəvanın narazılığına cavab verib.

Aprel döyüşlərində REM üstünlüyünü göstərib

Hələ 2016-cı il aprel döyüşlərində də ordumuzun arsenalında olan REM vasitələri düşmənin bir cox elektron sistem həmlələrini dəf edə bildi. Son müharibədə isə erməni qoşunlarının komanda qərargah mərkəzlərini, rabitə və idarəetmə strukturlarını, qoşunların radio idarəolunma qurğularını da məhv etdi. Azərbaycan heç şübhəsiz ki, bu gün Qafqazda ən müasir ordu olmaqla yanaşı, ən keyfiyyətli REM potensialına malikdir.

REM-lərin müasir hərbdə rolu

Əgər II dünya müharibəsi dövründə REM yalnız rabitə vasitələrinə müdaxiləni nəzərdə tuturdusa, bu gün mərmilərin, raketlərin, uçan aparatların idarə olunması, onların hərəkət xarakteristikalarının təyini birmənalı olaraq radiodalğalar vasitəsi ilə həyata keçirilir.

İstər sülh, istər müharibə şəraitində dövlətlər özlərinin radioelektron qorunma və mübarizə sistemlərini işləyib hazırlayırlar ki, bu zaman belə sistemlərin vəzifəsi əsasən qarşı tərəfin qoşun növlərinin idarəetmə sistemlərinin əngəlləmək, onların elektron silah sistemlərinin idarəsini mənimsəmək və özünün bu kimi sistemlərini aktiv olaraq qorumaqdan ibarət olur.
Radioelektron mübarizə özündə bir cox aspektləri birləşdirməkdədir. Məsələn: radioelektron kəşfiyyat, qoşun növlərinin elektron qurğu və silahlarını əngəlləmək, idarəetməni ələ almaq, uzaqdan idarəedilən vasitələri caşdırmaq və məhv etmək və s.

XXI əsrin hərbi göstərir ki, radioelektron mübarizə artıq vacib spektorlardan birinə cevrilib. Belə ki, düşmənin ərazisindən cox uzaqda yerləşdirilən REM avadanlıqları həm müvəqqəti olaraq (radiomüdaxilə vasitəsi ilə), həm də uzunmüddətli olaraq (yerləşməsi təyin edildikdən sonra atəş vasitələri ilə məhv etməklə) qarşı tərəfin bir sıra həyati vacib idarəetmə sistemlərini məhv edə bilərlər.

Avqust müharibəsində gürcü ordusu Rusiya REM-lərin “yemişdi”, amma...

Yaxın müharibələrin tarixinin tədqiqi göstərir ki, REM sistemləri böyük bir dövlətin müdafiə sistemlərini nəinki iflic edə, hətta onun infrastruktur idarəetməsini də məhv edə bilər. 2008 ci ildə Rusiya- Gürcüstan müharibəsi dövründə bir cox NATO ölkələrində tədris almış gürcü mütəxəssisləri ilk anlarda Rusiyanın bütün radioelektron vasitələrini aldadıb, “kor edə” bildilər. Əvvəldən müəyyənləndirilmiş dağ hündürlüklərində yerləşdirilmiş REM stansiyaları rusların bütün kəşfiyyat məlumatlarını əldə etməklə yanaşı, Rusiya ordusunun bu kimi vasitələrinə də böyük maneə yaratdılar. 

Qori, Tiflis və Marneulidə yerləşdirilmiş REM sistemləri hətta Rusiyanın AN 12 PP kimi nəhəng REM təyyarəsinin işini də əngəlləyə bilmişdi. Ərazinin dağlıq olması, REM ucuş texnikasının zenit kompleksləri qarşısında tam müdafiəsiz qalması, münaqişənin əvvəl günlərindən rusların böyük sayda ucuş texnikasının itirilməsinə, əməliyyatda iştirak edən qüvvələr arasında əlaqənin olmamasına və hücuma kecən ordunun sıx atəş altına düşməsinə zəmin yaratdı. Gürcülər ilk günlərdə REM vasitələri ilə Cənubi Osetiyada və Abxaziyada olan rus sülhməramlılarının istifadəsində olan elektron vasitələri, mobil qurğuları nəzarətdə saxlayan və həmin qurğuların yerini və istifadəcisini təyin edərək danışıqları izləyən qurğunun köməyi ilə rus komandanlığının bütün danışıqlarını nəzarətə götürdü. Rusiyanın iddiasına görə, Tiflis yaxınlığında yerləşdirilmiş ABŞ-ın xüsusi REM tədris mərkəzinin mütəxəssisləri də bu zaman özlərinin təcrübəsindən istifadə edərək Gürcüstanın məhz radioelektron müharibəsində bir addım Rusiyadan öndə olmasına şərait yaratmışdılar. Münaqişənin sonrakı hissəsində ruslar öz REM sistemlərinin zəifliyini anlayıb, bölgəyə yeni radiotexniki hissələr cəlb etməklə üstünlüyü ələ ala bildilər. Bunun sayəsində münaqişənin son fazasında Gürcüstan REM və idarəetmə sistemlərini iflic edə bildilər.

Ermənilərə REM-dən əvvəl...

1992-ci ildə yaradılmış Ermənistanın HHM qoşunları sovet dövründən qalan sistemlər ilə silahlanıb. Bundan əlavə, Ermənistan ərazisində Rusiya Federasiyasının 102-ci hərbi bazasına aid HHM sistemləri və 426 aviasiya qrupu (Erebuni aerodromu) mövcuddur. Ermənistan HHM qoşunları və HHQ Rusiyanın hərbi aviasiya bazası ilə birlikdə fəaliyyət göstərir, onların təmir və texniki xidmət imkanlarından istifadə edir, mütəxəssis dəstəyi və birgə təlim keçmə imkanlarına malikdirlər.
Rəsmi İrəvan hələ 2013-cü ilin əvvəllərində HHM sistemində əsaslı modernləşmə proqramına başlandığını elan etmişdi. Vətən müharibəsi isə sübut etdi ki, Ermənistan ordusu bütün sahələrdə Azərbaycandan çox zəifdir və bunun günahı heç də təkcə REM sistemlərində deyil...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar