"Fransa tərəfkeşlik edərsə, həmsədrlikdən getməli olacaq" - Monteskyu

Fransa senatının fəxri senatoru: “BMT-nin tanıdığı sərhədləri özbaşına necə-gəldi dəyişmək mümkün deyil“

“Fransada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe dini ayrı-seçkilik zəminində baş verir".

Bunu "Report"un yerli bürosuna açıqlamasında Fransanın fəxri senatoru Aymeri de Monteskyu (Aymeri de Montesquiou) bildirib.

O, Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədin qanun olmadığını deyib: “Bu, sadəcə, bir qətnamədir. Parlamentdə səsvermə keçirilən zaman insanlar istər-istəməz söhbətin qanundan getdiyini düşünürlər. Bu sənəd isə ictimai fikrə əsaslansa da, qanunla heç bir əlaqəsi yoxdur. Senatda sənədin qəbulu vaxtı hökumətdə bu məsələ ilə məşğul olan şəxsin müxalif qüvvələrdən olmasına heç bir şübhəm yoxdur. Sənədin Fransa Milli Assambleyasında səsverməsi Senatdakından tamamilə fərqli olacaq“.

A.Monteskyu Fransada Dağlıq Qarabağ münaqişəsində ictimai fikrin yalnış olaraq ermənilərə haqq verməsinin səbəblərinə də toxunub: “Fransada dini ayrı-seçkilik baş verməsi səbəbindən ictimai fikir xristian olan ermənilərə üstünlük verir. Səhvən Ermənistanla Azərbaycan arasında baş verən bu münaqişəyə də dini aspektdən yanaşılır. Fransalılar xristian olan erməniləri müdafiə etməyə çalışırlar. Bu məsələdə Fransadakı ədalətsiz mövqe məhz dini ayrı-seçkilik zəminində baş verir. Lakin bununla bərabər unutmayaq ki, bu məsələdə söhbət beynəlxalq hüquq normalarından gedir və BMT-nin tanıdığı sərhədləri özbaşına dəyişmək mümkün deyil".

Sabiq senator Fransada hökumətin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədi nəzərə almayacağına əmin olduğunu vurğulayıb: “Bu sənədi siyasiləşdirmək yanlış olar. Çünki Fransa hökuməti münaqişədə olan tərəflərin birinin, yaxud digərinin tərəfini saxladığını nümayiş etdirən bir hala hələlik yol verməyib. Əgər hökumət iki ölkədən birinin tərəfini tutarsa, Minsk qrupunun üzvlüyündən getməli olacaq. Hökumətin bu qətnamənin arxasınca getməyəcəyinə əminəm".

635x100

Şərhlər

Seyid Ənhu 2020-12-02 15:55:48

FRANSA ARTIQ TƏRƏFKEŞLİK EDİB VƏ HƏMSƏDRLİKDƏN GETMƏLİDİR.

Roma 2020-12-02 13:44:19

Fransa bizi ya avam hesab edir, yada ələ salır. Prezident səviyyəsində tülküsayağı dəstək və eləcə də parlamentin hansısa təbəqəsində Dağlıq Qarabağın müstəqilliyinin tanınması tam birmənalı dəstəkdir və Fransa Minsk qrupundan kənarlaşdırılmalıdır...

Son yazılar