“MƏNDƏN NİGARAN QALMA, ŞƏHİD OLSAM ÜZÜLMƏ...” - 21 yaşlı Şəhidimizin həyat hekayəsi +FOTO/VİDEO

Qəhrənamlıq simvolu Şəhidlər - bu günümüzün qeyrət salnaməsi , sabahımızın örnək məbədi . Qısa ömrünü Vətən uğrunda fəda edərək Azərbaycanın ən yeni tarixinin bu qeyrət salnaməsini qanı ilə yazanlardan biri də 21 yaşlı müddətdən artıq hərbi qulluqçu Sabir Hikmət oğlu Salahovdur. Sabirin həyat hekayəsini qələmə almaq üçün onların Salyan şəhərində yerləşən, girişində Azərbaycan və Türkiyənin qoşa bayraqları asılmış evlərinə baş çəkdik. Qapını şəhidin atası Hikmət açdı. Başsağlığı veririk və şəhidimiz haqda söhbətə başlayırıq.

...Sabir Salahov 1999-cu ildə Salyan şəhərində sadə bir ailədə dünyaya göz açıb. Atası şəhərdə taksi xidməti göstərməklə ailəni dolandırıb. Ailədə 2 qardaş olublar. Qardaşı Vüsal hazırda Tərtərdəki hərbi hissələrdən birində xidmətini başa vurmaq üzrədir. Anası evdar qadındır. Sabirin anası Sevgül xanım deyir ki, Sabirin hələ uşaqlıqdan idmana xüsusi həvəsi var idi. Şahmat və güləş hazırlıqlarına gedirdi. Ona şahmat yarışlarında qələbəsi münasibəti ilə təqdim olunmuş stolüstü saat və at fiquru hələ də evimizin ən əziz bəzəyidir. Sevgül xanım deyir ki, Sabir kişik yaşlarından qorxmaz və mərd idi.

Sabir Salahov 2016-cı ildə Salyan şəhərindəki 3 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini cəbhə xəttində yerləşən Ağcabədi rayonunun Qiyamadınlı kəndində yerləşən ən təhlükəli nöqtə olan “Qartal” postunda edib. Hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə bildirib ki, vətən torpaqları işğalda olduğu halda mən Salyanda qala bilmərəm. Qərara gəlmişəm ki, Vətənin müdafiəsinə yollanım. Bu məqsədlə də 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətə başlayıb. Fizuli rayonunda, təmas xəttində xidmət keçib.


“Sentyabrın 27-də, müharibə başlayan günü Sabir zəng vurdu, dedi ana, məndən nigaran qalma. Şəhid olsam üzülmə, təki Vətən sağ olsun...”,-şəhid anası göz yaşları içində bunları deyir.

Atası söhbətə qoşulur: “Sabir zəng vuranda dedi ata, darıxma. Müharibə hökmən bizim qələbəmizlə başa çatacaq, mən bu sözü sənə döyüşçü kimi deyirəm. Düşmən qabağımızda duruş gətirə bilmir, qaçır...”

Hərbi əməliyyatlar başlayandan bir neçə gün sonra, oktyabrın əvvəllərində Salyanda xəbər yayılır ki, Sabir şəhid olub. Amma tezliklə bu xəbər yalan çıxır. Məlum olur ki, Sabir döyüşlərdən birində öz “buşlat”ını şəhid olmuş yoldaşı Səyyadın üstünə örtüb və döyüşü davam etdirib. Döyüş meydanından şəhidlərin meyitlərini yığanda Səyyadın üstünə örtülən “buşlatda” Sabirin ad-soyadını oxuyublar və onun şəhid olduğunu deyiblər.

Atası danışır ki, Sabir və döyüş dostları Fizuli rayonun Horadiz kəndinin işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərin qəhrəmanlarından biri idi. Horadizə Azərbaycan Bayrağını da onlar sancmışdılar. Oktyabr ayının 5-də Sabir Fizuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Buqra dərəsi deyilən yerdə şəhid olub. Sabir Salahov oktyabr ayının 6-da Salyan şəhərində torpağa tapşırılıb.

“Mənim üçün Sabir kimi balanı itirmək çətindir, çox çətin. Onun bütün sirri-sözü mənimlə idi, ürəyi arzularla dolu idi balamın. Amma mənə təskinlik verən odur ki, Sabir Vətən torpaqlarının azad edilməsi uğrunda qurban getdi. Hərbçi peşəsni özü seçmişdi və bütün çətinlikərinə baxmayaraq həmişə deyirdi ki, bu yolu tutduğuma qəti peşiman deyiləm. Deyirdi ki, şəhid olsam da özümdən sonra sizə şərəfli bir ad qoyub gedəcəm...”,-anası yenidən göz yaşlarına boğulub bunları deyir.

Anaya təsəlli vermək üçün başqa söz tapa bilmirəm və bir daha Allahdan bütün şəhidlərə rəhmət diləyib şəhid evini tərk ediriəm...

Emil Məmmədov, Salyan (virtualaz.org)




635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar