TORPAĞI ÖPMƏK VƏ UĞRUNDA ÖLMƏK SƏADƏTİ

Xalid Niyazov


“Qoy Uca Tanrı hər bir azərbaycanlıya

müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının

Birinci vitse-prezidenti

Nə gizlədim, ilk dəfə 1992-ci ildə, bir qədər obıvatelsayağı səslənsə də, baş redaktor vəzifəsini, xidməti maşını, yaxşı məvacib və imkanları atıb Müdafiə Nazirliyindəki yeni vəzifəmdə cəbhə bölgəsini qarış-qarış gəzəndə bu cür qürurlu olmuşdum, bir də 2020-ci ilin 27 sentyabrından bəri – şanlı Ordumuzun, rəşadətli əsgərlərimizin qələbə müjdələrini aldığımız günlərdə.

Özüm öz gözümdə böyümüşəm; hərdən mənə elə gəlir ki, sanki bu yaşdan sonra boyum da artıb və tez şalvarımın balağına baxıram ki, ayıbdır, birdən topuğum bayırda qalar.

Bu şadman, içdən, güvən duyğuları son günlər hər bir azərbaycanlı kişisi, vətəndaşı yaşayır.

Sinənin qabarması, qürurun kükrəməsi, addımın şəstlə atılması, qamətin dik tutulması ... nə şirin bir şeymiş, İlahi! Necə də qəribsəmişdik belə bir fəxarətli duruş üçün!

Bütün bunları bizə Azərbaycan Silahlı Qüvvələrinin, hər bir əsgər və zabitin rəşadəti, şücaəti, qətiyyəti, qələbə iradəsi bəxş etdi.

Kim nə deyir-desin, yalnız bu son günlər, Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, Azərbaycanlı olduğumla fəxr etdim.

* * *

Felən Bakılı olsam da, ruhum Azərbaycanın hər bir guşəsi ilə, Zəngəzurla nəfəs alır.

Təsəvvür edin ki, doqquzuncu sinfədək yay tətillərində hara getsək də – Moskva, Leninqrad, Kiyev, Kislovodsk ... mütləq azından bir ayı kəndimizdə keçirməliydim. Ağdamı ötüb, Xankəndindən Şuşaya qalxıb ordan Laçının dolanbac yollarıynan aşağı enib Zabuxu arxada buraxdınmı, elə bil təbiət də dəyişirdi. Gorusun üstündən adlayan bu yol bizi alıb Qarakilsənin (Sisian) Sofulu kəndinə aparırdı.

Sonuncu dəfə o yerlərə bir də 1987-ci ilin payızında gedə bildim. Artıq universiteti bitirmişdim. Qəzetdə işləyirdim. Söylədilər ki, getməyin, yollar təhlükəlidir. Erməni “QAİ”-ləri Azərbaycana aid dövlət nömrə nişanlı “06”-nı hər saxlayanda tünd zoğalı cildli “SSRİ Jurnalistlər İttifaqı”nın üzvü “knijka”sını göstərib keflərinə soğan doğrayırdım. Ancaq ki, aranın yavaş-yavaş qarışdığını ermənilərlə söhbətin “temperatur”undan, baxışlarındakı qeyzdən, təkəbbürdən hiss edirdim (bəndəniz o vaxtlar ermənicəni pis bilmirdi - !).

Və uşaqlıqda çayda çimməkdən sonra ən cevimli oyun yerimiz olan “kəndin qabağı”na çıxıb artıq boşalmaqda olan kəndə sarı boylananda içimdə nəsə qırılmışdı, qəhər boğmuşdu məni. Anlamışdım ki, bəli, bu son gəlişimizdir. Gözün gördükcə, yaddaşın saxladıqca bax, oğlan!

O ilin payızından sonra mən kəndimizə bir də yalnız yuxularımda gedə bildim.

* * *

Füzuli-Tərtər-Ağdərə-Kəlbəcər!

Müharibədə keçdiyim yolların kiçik bir xəritəsi!

1992-də o torpaqlar bizdə idi. Avqustun əvvəllərində Füzulinin Yuxarı Veysəlli kəndinin üstündəki səngərə sinib Mobilin yerli könüllülərdən ibarət batalyonunun əsgərləri ilə söhbət əsnasında, eləmə tənbəllik, qarşıdakı bağlı-bağatlı erməni kəndində özümüzə “bağ evi” seçməyə də macal tapmışdıq.

Tərtərdən Ağdərəyə adlayıb ordan da əsgərlərinmizin yenicə aldığı Çıldırana qalxanda bu gözəllikdə yerləri hansı ağılla ermənilərə verdiyimizə yamanca qəzəblənmişdim.

Oktyabr günəşinin adamın təpəsini dəldiyi bir saatda Kəlbəcərin Vardenislə burun-buruna ən ucqar postunda əsgərlərlə qartopu oynamağın ləzzətini sonralar heç bir qış verə bilmədi. Əksinə, çovğun-borana çevrilib ovqatımıza, könlümüzə, ürəyimizə çökdü.

* * *

Tale Laçını, Şuşanı, Xankəndini, İrəvanı, Zəngəzuru görməyi bir də 2001-in payızında qismət elədi. 15 jurnalist ATƏT-in himayəsi ilə Ermənistana və Dağlıq Qarabağa səfər etmişdik. Görənlər bilir; Ermənistanın öz ərazisi (Vallah, “öz ərazisi” deyirəm, ancaq bu binəsillərin məskunlaşdıqları ən yaxşı yerlər də elə bizim tarixi torpaqlarımızdır - !) relyefinin kasıblığı, təbiətinin çılpaqlığı və yeknəsəqliyi ilə istənilən yolçunu bezdirir. Hərdən adama elə gəlir ki, Allah dünyanın bütün daş-kəsəyini yığıb bu torpaqlara səpələyib ... erməninin başı dura-dura. Çılpaq dağlara tamaşa etdikcə yadıma İlyas Əfəndiyevin uşaqlıqda ağız ləzzəti ilə oxuduğum “Dağlar arxasında üç dost” romanı düşmüşdü. İçimdə pıcıldamışdım da: - Hayk müxənnət çıxdı, İlyas müəllim!

Bəli, ermənilərin Naxçıvanda, Zəngəzurda, Bakıda, Qubada, Şamaxıda, Lənkəranda törətdikləri vəhşiliklər, insanlığa xas olmayan qanlı aksiyalar, xəyanət unudulmayıb, bu gün də lənətlə xatırlanır, öz miqyası və nəticələri ilə mədəni bəşəriyyəti heyrətləndirib sarsıtmaqdadır.

Bəli, insan unutqan ola bilər, tarix heç vəchlə! Əvvəllər özünün “velikorus şovinizmi”nə, sonralarsa məhz ermənilərə görə çar Rusiyası və rus-sovet hakimiyyəti 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə deportasiya və soyqırımı siyasətini həyata keçirmişdi.

Bizləri unutqanlıqda qınayırlar. Bilsəniz, bu ürəyiyuxalığımız tarix boyu bizlərı hansı qada-balalara, məhrumiyyətlərə ürcah etməyib?!

Bir Allah şahiddir ki, Azərbaycan dostluqda bivəfa, etibarsız, dönük olmayıb. Təknəmizin son tikəsini, suyumuzun son damlasını, ocağımızın son kösövünü də qapımıza gələndən əsirgəməmişik. Elə bu qonaqpərvərliyimiz, məğrurluğumuz, ləyaqət, şərəf, namus sahibi olmağımız başımızın “əngəl-kələfinə” çevrilib. Nə okeanın o tayında, nə də bu tayında bir kimsəyə boyun əymədiyimizdəndir ki, sovetlər çökəndən, çox sular axıb durulandan sonra da başı dik, vüqarla gəzirik, heç kimin “forpost”una (oxu – qapısının tulasına!) çevrilməmişik.

Bütün dünya bilir ki, Azərbaycanın cəmi bəlaları Ermənistanla bağlıdır. Cümlə aləm agahdır ki, Azərbaycanın Ermənistan adlı bir problemi yoxdur. Bu iki ölkənin imkanlarını müqayisə etmək ən azı fəzanı tərəzidə çəkməyə, yaxud karlara simfonik musiqi dinlətməyə cəhd göstərmək kimi absurd bir məşğuliyyət olardı. Təxminən 200 il əvvəl də, ötən əsrin əvvəllərində və 80-ci illərin sonunda da erməniləri üstümüzə qısqırdan Rus imperiyası və həmin ideologianın xələfləri olmuşlar.

* * *

1994-dən sonra doğulanların 26 il əvvəlin qanlı səhnələri ilə bağlı göz yaddaşı yoxdur. Necə ki, bu gün böyüməkdə olan bir nəsil beşiklərinin başında Şuşa, Ağdam, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın haqqında ən şirin laylaları, ən qəmli bayatıları ürəkləri torpaq həsrətindən çərləyib çökən nənələrindən eşidiblər. Və bu ötən illərin başında çox gözəl, müdrik bir cümlə yarandı: – 26 il əvvəl Qarabağdan qundaqda, qucaqda ayrılanlar geriyə tank belində döndülər!

Və sentyabrın 27-dən başlayan ötən 44 gündə Ali Baş Komandan içimizi riqqətə gətirən, illərdir tamarzı qaldığımız zəfər dolu səslə azad olunan rayonların, kəndlərin adını çəkdikcə bir daha xəyalən həmin günlərə, yerlərə, xatirələrə qayıdırdım.

Hələ o vaxt Kəlbəcərdən ayrılanda içimdə möhkəm bir ümid vardı – az keçməz ki, bu dağları qaranəfəs top səsləri deyil, çobanların ney səsi titrədər.

Barıt dumanında görünməz olmuş yamaclar Qarabağ Dilbozlarının dırnağından qopan toz dumanına bələnər.

Şəhid qanıynan suvarılmış torpaqlar bundan sonra yalnız lalə-bənövşə bitirər.

Bəli, əvvəl-axır ilahi ədalət yerini alacaqdı, qəsb olunmuş torpaqlarımız sahibinə qayıdacaqdı.

Hər şey qayıdacaqdı ... tək bircə Vətən yolunda canını fəda etmiş say-seçmə oğlanlarımızdan savayı!

Amma böyük türk şairi Midhət Camal Kuntay demişkən – Torpaq, uğrunda ölən varsa, Vətəndir.

Azərbaycan oğulları bu müqəddəs torpağın da, ulu Vətənin də borcunu “uf!” demədən, canları bahasına ödədilər.

Torpaq!.. Bu gün düşmən əsirliyindən xilas olmuş torpaqlarınmızın canı əkilmək, becərilmək, nazlanmaq istəyir. Güllədən, mərmidən, qəlpədən param-parça olmuş bağrı günəş bənizli sünbül, şəhd-şirəli meyvə yetişdirmək istəyir.

Kim deyir ki, torpaq canlı deyil?! Onun da hissiyyatı, duyğuları, arzuları, ürəyi, beyni var. Hər bir qadının ən böyük arzusu ana olmaq, dünyaya uşaq gətirmək olduğu kimi, torpaq da hamilə qalmaq, dünyaya nemət gətirmək istəyir. Az qalıb!

* * *

“Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!”

Bu cümlələr Vətən müharibəsi günlərində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial media hesabındakı paylaşımda yer almışdı. Müəllif fikirlərinə davam edərək yazırdı: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”

Elan olundu; Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olub. Azərbaycan tarixində yeni bir səhifə yazmış bu igid oğulları xalqımız heç bir vaxt unutmayacaq!

* * *

Noyabrın 10-da üç ölkə başçısı arasında imzalanmış sənəd müharibənin sona çatdığını bəyan etdi. Üç onillikdən bəri davam edən siyasi-diplomatik səylərin deyil, məhz Azərbaycan əsgərinin və silahının möhtəşəm Zəfəri sayəsində ortaya çıxmış bəyanatın şərtlərinə əsasən Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan, qada-bəlasız erməni işğalından azad oldu.

Bəli, bu gün həmin razılaşmanın bəzi məqam və müəmmalar bizi qane etməyə bilər və etmir də. Amma gəlin geriyə boylanaq; biz harada idik, haralara gəlib çıxdıq?! Geosiyasət meydanı “flirt”, şıltaqlıq yeri deyil; sinəsinə döyən ən “baz-burutlu”, əzələləri qabarmış güclər belə bəzən bu meydanda “reverans”etməyə məcbur qalırlar... edilirlər. 30 ildir ki, hər bir az-çox əlamətdar bayramda “İnşallah, gələn il Şuşada, Cıdır meydanında, öz yurd-yuvamızda qeyd edərik!” demirdikmi? Deyirdik və yanında da bəzən bu istəyin bir də heç vaxt həqiqətə çevrilməyəcəyi, eləcə arzu-xəyal kimi qalacağı ilə bağlı vəhşi bir şübhə də içimizə girib iliyimizi-qanımızı dondurmurdumu? Geridə qaldı!

“Qarabağ” kəlməsi geridə buraxdığımız bu neçə onillikdə onu söyləməkdən dili qabar bağlamış yüz minlərlə insanımızdan kimisi üçün dərd karvanına, kiminə içində qəzəbi vulkan kimi püskürən həsrət dağına, kimi üçün də meşəsi, dağı, suyu, səması ilə adi Vətən torpağına, namus və qeyrətin girov qaldığı mənəvi-coğrafi bir məkana çevrilmişdi. Bu bir həqiqətdir ki, hər bir qarabağlının Vətən sevgisinin, yurd nisgilinin ölçülərini özündən başqa bir kimsə duya, təsəvvür edə bilməz. Çünki nə Bakıdakı yataqxanaların, nə də ki, onlar üçün salınmış şəhərciklərdəki abad mənzillərin pəncərəsindən səma oralardakı qədər əngin və təmiz görünmür, havası oralarınkı kimi dadlı və şəfaverici deyil...

Bu gün həmin torpaqlar düşmən əsarətindən xilas edilib. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı bizimdir!

Kəlbəcər, Ağdam, Laçın bizimdir!

Qeyrət və mənəviyyat, kişilik və mərdlik Qalası – Şuşa bizimdir!

Şəhidlərimiz, qazilərimiz bizimlədir!

Təqvimə daha bir əlamətdar gün əlavə olundu – 8 noyabr ZƏFƏR günü!

Var ol, Azərbaycan!

635x100

Şərhlər

Vüqar Məmmədov 2020-12-08 02:10:24

Var olun Xalid müəllim! Çox gözəl məqalədir.

Babək YUSİFOĞLU 2020-12-04 20:30:20

Təşəkkürlər, yazıya görə. Çooox bəyəndim. Allahımız qələmini əlindən düşürməsin, gözəl insan,Xalid!

Son yazılar