Menu

“Dedi nə fərqi var, şəhid, ya qazi, istənilən halda qalib kimi qayıdacam” - Şəhid Yüksəl Əlizadənin hekayəsi

07.12.2020, 15:57
“Dedi nə fərqi var, şəhid, ya qazi, istənilən halda qalib kimi qayıdacam”  - Şəhid Yüksəl Əlizadənin hekayəsi

Qəhrəmanlığı dillərdə dastana çevrilmiş daha bir igidimiz Yüksəl İlqar oğlu Əlizadə ömrünün 24-cü ilində adı kimi yüksəkliyə - şəhidlik zirvəsinə ucaldı.

Dostları deyirlər:” Yüksəl hələ məktəb illərindən davranışı, əxlaqı, nizam-intizamı, savadı ilə hamıdan fərqlənirdi. Məsuliyyətli idi, qarşısına qoyduğu məqsədinə çatmaq üçün çalışırdı. Ən əsası isə vətənpərvər idi”.

Bir də onu deyirlər ki, Yüksəl cəbhəyə yollanarkən “mütləq qayıdacam, nə fərqi var, sağlam, yaralı, yaxud şəhid kimi bayrağa bükülmüş tabutda qayıdım. Əsas odur ki, qalib kimi qayıdacağıq”- söyləyib.

Müharibənin bitməsinə saatlar qalmış şəhadətə qovuşub

Özündən böyük iki qardaşına səfərbərlik və hərbi xidmətdən çağırış gəldiyini, cəbhəyə yola düşəcəyini bildirib. Yalnız şəhid olandan sonra qardaşları öyrəniblər ki, Yüksəl cəbhəyə könüllü gedib. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində ağır döyüşlərə qatılıb. Füzulinin, Cəbrayılın kəndlərinin alınmasında xidmətləri olub. İki yaralı əsgərimizi döyüş meydanından təkbaşına çıxarıb. Döyüşçü yoldaşları ilə erməni səngərinə girib, hətta əlbəyaxa vuruşublar. Yüksəl 19 güllə yarası alıb. Noyabrın 9-da müharibənin bitməsinə saatlar qalmış şəhadətə qovuşub.

Atasının yolunu davam etdirib

Qardaşı Əli Əlizadə virtualaz.org-a Yüksəl haqda danışıb. Onun sözlərinə görə, mərhum ataları İlqar Əliyev 25 ildən artıq prokurorluq orqanlarınıda müxtəlif vəzifələrdə çalışıb. Daşkəsən rayon prokuroru, Gəncə şəhər prokurorunun müavini, Baş Prokuroluqda şöbə müdiri işləyib. Üç oğul da atalarının yolunu davam etdiriblər. Hazırda iki qardaş hüquq mühafizə orqanlarında çalışır. Yüksəl isə Gəncə şəhər prokurorluğunun baş inspektoru olub.

“Məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin tarxi fakültəsinə qəbul oldu. Qiyabi təhsil aldığından Gəncə İnzibati İqtisad Məhkəməsində, sonradan isə Gəncə şəhər prokurorluğunda işlədi. Təhsilini tamamlayıb ikinci təhsil kimi hüquq fakültəsinə daxil olmuşdu, birinci kursda oxuyurdu. Arzuları vardı, amma torpaqlarımızın işğaldan azad olunması arzusu bütün istəklərini üstələdi” – Əli Əlizadə bildirib.

O, əlavə edib ki, Yüksəl tarixi yaxşı bildiyindən torpaqların işğalı ilə barışmayıb. “Müharibə xəbəri eşidəndən rahatlıq tapmırdı. Ailəmizin sonbeşiyi olsa da, hamının imdadına yetişirdi. Dəfn mərasiminə gələn dostları onun sadəliyindən, mehribanlığından danışırlar. Özünə hörmət qazanmışdı. Kaş onu tanısaydınız, heç vaxt lovğalanmazdı, böyük-kiçik yerini bilən idi. Yaşının az olmasına baxmayaraq hörmət qazanmaq, hamının sevimlisinə çevrilmək, şəhidlik zirvəsinə yüksəlmək hər kəsə qismət olmur”.

Cəbhədən gələn sonuncu zəng...

Noyabrın 8-də qardaşı Əli ilə əlaqə saxlayan Yüksəl ağır döyüşlərin başladığını deyib və zəng edə bilməsə narahat olmamağı tapşırıb. “Sentyabrın 27-dən ön cəbhədə idi. Hər iki gündən bir danışırdıq. Amma son on gündə ancaq qısa danışıqlarımız olurdu, sağ olduğunu bilirdim. Sonuncu dəfə danışığımızdan sonra evdəkiləri heç nə demədim ki, onlar narahat olmasınlar. Gücüm dua etməyə çatdı”,- qardaşı gözyaşları içində davam edir.

Noyabrın 9-da qardaşları Yüksəlin döyüşçü dostları ilə əlaqə saxlasalar da, heç kimdən onun haqda məlumat öyrənə bilməyiblər. Ailənin narahat günləri başlayıb: “Güman edirdik ki, əsir düşüb, ya yaralıdır. Amma ayın 14-də artıq şəhid olduğunu bildik”.

Yüksəl Əlizadə noyabrın 20-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb: “Qəbul etmək çətindir, hələ də inana bilmirik. Dəfn mərasimində döyüşçü dostları onun iki yaralı əsgəri təkbaşına döyüş meydanından çıxarılmasından danışdılar. Özünün səs yazılarında da var, yaralıları necə çətinliklə çıxardığını deyib. İki dəfə mühasirəyə düşüblər, düşmənin içinə sızıb zərbə vurublar”.

“Yüksəl bizim üçün örnək idi...”

Dostları Yüksəlin xatirəsinin əbədiləşdirilməsi üçün kampaniyaya başlayıblar, yaşadığı məhəlləyə, yaxud təhsil aldığı məktəbə şəhidin adının verilməsi təklif olunur. Yüksələ həsr edilmiş kliplər çəkilib: “Yüksəl bizim üçün örnək idi, yaddaşımızda vətəni sevən, torpaq üçün canından keçən qəhrəman də kimi qalacaq”.

Şərhlər

Xalq 2020-12-07 18:32:35

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol