ŞƏHİDLƏR VƏTƏN ƏMANƏTİ...

 Şəmsəddin Əliyev, hüquqşünas

“Türklər savaşa başlasa, şeytanı cəhənnəmdə əsir götürər” 

Çingiz xan

Şükr, Vətən uğrunda döyüş bitdi. 44 gün ərzində 2783 şəhid verdik. 2783 nəfər vətən uğrunda özlərini qurban etdi. 1245 nəfər isə yaralanan və əlil olanlardı... 

Dünya, canını fəda edən qəhrəman döyüşçülərimizin gücü qarşısında ermənilərin Hitler Almaniyası kimi kapitulyasiyaya necə məruz qaldığını gördü...

Müasir dünyanın mərkəzi yoxdur. Sivilizasiya ilə barbarlıq arasında sərhədlər itdiyindən, bəşəri dəyərlər də vecsiz bir şeyə çevrilib. Hər şeyin qiyməti artdığı bir vaxtda, insanın dəyəri hər gün devalvasiyaya uğrayır.

Dünya həddən artıq səs-küylü bir meydana çevrilib. Bu meydanda cılız dövlətlər də at oynadır. Dünya çönüb, indi dovşanlar aslanlara gülür, əl-qol atır... Arxalı köpəklər qurd basır, çoxalıblar...

Covid-19-un dünyanı əsir aldığı bir vaxtda Ermənistan Azərbaycan xalqının tarıma çəkilən əsəblərilə oynamağa, nasistsayaq addımlarını təkrarlamağa başladı. Tarix heç vaxt Almaniyanın yəhudilərə və SSRİ vətəndaşlarına, Fransanın bir əsrdən çox müddət ərzində müsəlmanlara qarşı vəhşiliyini, ermənilərə isə havadarlığını unutmayacaq. Ermənilər tarixin ləkəli səhifələrindən bac alıb “müəllimlərinin” nəsihətləri ilə ərazilərimizdə milli qürurumuzu tapdalayıb, qaysağ bağlamamış yaralarımıza ayaq basdı...

Amma unutdular ki, qisas qiyamətə qalmaz! Dövlətin artan gücünü, iqtisadi potensialını görmədilər. Tarixən güclü dövlətlər müharibələrdə qalib çıxıb. Məğlub tərəf həmişə zəif dövlətlər olub. Süqut etmiş imperiyaların nekroloqları tarixin səhifələrində belə xatırlanır...

XXI əsrdə dünya Azərbaycan ordusunun modern hərbi texnikasının və taktikasının, döyüşçülərimizin cəsarət və şücaətinin, əsgər məharətinin və qəhrəmanlıqlarının, Hitlersayaq manevr edən ermənilərin isə Hitler kimi də rüsvayçılıqla təslim olmağının şahidi oldu!

Döyüşən hər bir zabitin və sıravi əsgərin boyuna qurban. Döyüşə başlamasaydılar o əbləh və lənətə gəlmişlər ocaqlarımızda hələ çox oturacaqdılar.

Sizə qurban! Vətənə sədaqət andı içdiyinizə görə biz də adınızı VƏTƏN - deyə çağırdıq. Xalqdan ruh aldınız, Komandanlığın çağırışlarına və tapşırıqlarına yüksək məsuliyyətlə yanaşdınız, göstərilən etimada və etibara canınızla, qanınızla dəyər verdiniz.

Bu gün hər biriniz vətənin Xan Döyüşçüsü, Xan Əsgəri kimi ürəklərdə yaşayırsınız və yaşayacaqsınız. Duydunuz ki, döyüş o qədər də çətin deyil, uzağı ölüm var - düşündünüz. Vətən, qeyrət və iffət yolunda ölməyi şərəf sanıb, vətənə əmanət olaraq mübarək bir qələbənin sahibinə çevrildiniz!

“Qarabağ Azərbaycandır” hayqıran səsinizə qurban! Torpaqlarımız özümüzünküləşdi! Sayənizdə “Mülkiyyət sahibi” olduq...

Eşq olsun Azərbaycanın Ali Baş Komandanına, hərbi komandanlığa, döyüşçülərimizə - Sizə! Qeyrətiniz və igidliyinizlə başımızı Sidrətül Müntəhaya-Ən uca üfüqə ucaltdınız (Quran kəlamı).

Tarixdən bəllidir ki, adımız “Odlar Yurdu” - deyə çağırılıb. Siz həm “od“ oldunuz, həm də “ocaq”. Tanrı mükafatınızı inşəallah verəcək. Hər birimizin varlığı vətənlə bağlıdır. Bu varlığın ürəyi də, bədəni də döyüşən ordu - Sizsiniz! BOYUNUZA QURBAN əziz DÖYÜŞÇÜLƏR! Qoy meydan həmişə qoç igidlərin olsun. Qorxaqlar və ürəksizlər isə yorğan-döşək düşkününə çevrilsinlər.

Yadıma Çingiz xanın bir deyimi düşdü: “Türklər savaşmağa başlasa, şeytanı da cəhənnəmdə əsir götürər”. Azərbaycan döyüşçüləri əsrlər öncə deyilən bu müdrik kəlamın həqiqiliyini dünyaya, daha çox ermənilərə və onların “dayılarına” əyani şəkildə, canı və qanı bahasına sübut etdilər .

Ya Rəbbi! Sənə məxsus gözəl adlar hörmətinə Səndən istəyir və Sənə yalvarıram: Fəryad edənlərin imdadına yetiş, düşmənlərimizi qəhr et! Torpaq, Həqq uğrunda şəhid olanların qəbrini müşkü ənbər qoxusuna qərq et, ağrılar içində olan qazilərimiz Sənə möhtacdırlar, ruzilərini ver, ehtiyaclarını ödə, süfrələrinə İlahi süfrəyə bənzər bərəkət gətir, ağrılarına Özün məlhəm qoy! Ölümü də həyatı da Sən yaratdın! Güc və qüvvətin də həqiqi sahibi Sənsən!

Ya Rəbbim! Döyüşən ordumuyzun əziyyətini zay etmə, mükafatlarını Özün ver!

Ey mükafatı şərəfli olan Allahım! Sənə yalvarıram: Şəhid analarını, atasız qalan mələk balaları, yaralı qazilərimizi rəhmətinlə qucaqlayıb onlara rahatlıq ver! Onları Özünə çox yaxın bil!

Ey hər şeyi elmi ilə əhatə edən Rəbbim! Bunları Səndən istədim. Sən xalqımızı naümid buraxma!

Sənə sonsuz sevgi və duaları ilə...

635x100

Şərhlər

Xalq 2020-12-09 21:11:44

Şəmsəddin müəllim! Bu gözəl yazınıza görə çox sağ olun. Biz də sizin Allahdan arzularınıza amin deyirik!

Son yazılar