Hollivud ulduzu və Kaliforniyanın qubernatoru Arnold Şvartsnegger Parisdə qlobal istiləşmə ilə bağlı beynəlxalq konfrans təşkil edib.
Konfransın sonunda beynəlxalq rəsmilər və biznes liderləri iqlim dəyişkənliyi ilə bağlı ambisiyalı plan həyata keçirilməsini tələb ediblər. Bu barədə "Radio France İnternationale" xəbər verir.
İqlim dəyişkənliyi üzrə regionların 2 günlük sammitində biznes sektorunun səfərbər olunması ilə bağlı səylər nümayiş olunub. Qeyd edək ki, gələn il dünya liderləri karbon emissiyasının azaldılması üçün bir araya gələcəklər.
Konfransda regionların və şəhərlərin ümumi konkret fəaliyyətə keçməsi təklif olunub. Xatırladaq ki, 2009-cu ildə BMT-nin Kopenhagen konfransından sonra iqlim dəyişkənliyi üzrə beynəlxalq səylər havada qalmışdı.
Paris konfransında BMT-nin iqlim dəyişkənliyi üzrə xüsusi nümayəndəsi Meri Robinson çıxış edib. O bildirib ki, razılıq əldə olunsa, iri sənaye ölkələrinin üzərinə daha böyük məsuliyyət düşəcək. "Karbon emissiyasını 2050-ci ilədək sıfıra çatdırsaq, mədən yanacaqlarından istifadə edən digər ölkələr dərhal hərəkətə keçməli və bərpa olunan enerji mənbələrinə keçid üçün çox iş görməlidirlər", - o deyib.
Qeyd edək ki, Afrika və Cənubi Asiyanın yoxsul ölkələri iqlim dəyişkənliyinin təsirlərindən əziyyət çəkirlər. Buna baxmayaraq, onların kömür asılılığını azaltmaq üçün heç bir texnologiyaları yoxdur.
"Hələ ki, zəngin ölkələrdə həmrəylik görünmür. Əsas məsuliyyəti onlar üzərilərinə götürməlidirlər", - Robinson deyib.
Oktyabrın 10-da Şvartsnegger Fransa prezidenti Fransua Ollandla görüşüb. Oktyabrın 11-də xarici işlər naziri Loran Fabius deyib ki, döyüş filmi qəhrəmanı Arnold Şvartsnegger indi "terminator" ("dağıdıcı") yox, "visionator" ("baxıcı") olub.


Şərhlər