Qaşqın və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP-ın sədr müavini Əli Həsənov son mətbu açıqlamasında şişmiş iqtidarı bir az da şişirdən, məqsədyönlü şəkildə zəiflədilmiş müxalifəti yerdən-yerə vuran bəyanatla çıxış edib. YAP sədrinin müavini vəzifəsi ilə mükafatlandırılan Ə.Həsənov özünütəsdiqə həmkarları kimi ənənəvi olaraq müxalifətə qurşaqdan aşağı zərbə vurmaqla başlayıb.

Tam başa düşüləndir. Onillərdir bir milyondan çox qaçqın və köçkünün haqqını yeyən, tutduğu vəzifədən istifadə edərək külli miqdarda sərvət və para əldə edən, bir nazirdən durub iqtidarın əleyhinə, müxalifətin xeyrinə hər hansı bir fikir səsləndirməsini gözləmək sadəlöhvlükdən başqa bir şey deyil.

Ə.Həsənov çoxsaylı vəzifələrlə ona görə görəvləndirilib, xüsusi imtiyazlarla ona görə təmin edilib ki, ağzını açanda iqtidarı tərifləsin, müxalifətə isə layiq olmadığı hədyanlar yağdırsın. Nə etmək olar?! Mövcud iqtidar təmsilçilərinin missiyalandığı bir iş var: Yalançı rəhbər sevgisi. Yalançı rəhbər sevgisini bayraq edib rüşvət yığmaq. Yığdığı rüşvətin müqabilində müxalifəti ucadan söymək.

Adam jurnalistlər qarşısında poza verib bəyan edir ki, “Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var. Biz güclü iqtidar qarşısında dayanaqlı müxalifət olmasını istərdik.” Nə qədər də bayağı və nə qədər də qeyri-ciddi bir yanaşma.

Əvvəla, güclü iqtidarı olan ölkənin torpaqları bu qədər zaman kəsimində işğal altında qala bilməz. İkincisi, dünyanın demokratik təcrübəsi göstərir ki, güclü iqtidarı olan ölkədə onu əvəzləyə biləcək güclü müxalifət olur. İqtidar öz gücünü xalqdan almalıdır. Bir hakimiyyət ki, faktiki olaraq seçkilərdə öz xalqından legitimlik haqqı almayıbsa, bir iqtidarın mövcudluğu səsini aldığı xalqdan deyil, siyasi, iqtisadi tələblərini kor-koranə yerinə yetirməyə məcbur edildiyi xarici güclərdən asılıdırsa, onun güclü olması ilə barədə fikrir irəli sürmək blefdir. Azərbaycanda ölkənin suverenliyini, müstəqilliyini qoruya biləcək deyil, talançı, qarətçi və bu talanlar hesabına güclənib, öz xalqını əzən “güclü” iqtidar var.

Baş Nazirin müavini müxalifətə “rüsvayçı” damğası yapışdırmaqdan belə çəkinmir. Sual olunur: Rüsvayçı kimdir; əli korrupsiyaya, rüşvətə bulaşanlar, yoxsa bu rüsvayçılığa qarşı var gücü ilə mübarizə aparanlar?! Bir ölkəni başdan ayağa hüquqsuzluq içində yaşadanlar, yoxsa ölkədə hüquqi, demokratk dövlət qurulması yolunda mücadilə verənlər?! Kimdir rüsvayçı, qaçqın və məcburi köçkünlərə ayrılan humanitar yardımları satdırıb yeyənlər, yoxsa ölkəni humanitar fəlakətlərdən xilas etmək istəyənlər?! Zopaçı hakimiyyət Azərbaycanı dünyada daha çox rüsvay edir, ya bu zopa siyasətinə qarşı dinc siyasi mübarizə aparan insanlar?!

Komitə sədri gərək danışanda bir az ehtiyatlı olsun və özünün də təmsil olunduğu bu hakimiyyətin beynəlxalq təşkilatların insan haqlarının pozulması, rüşvət və korrupsiya ilə bağlı təqdim etdiyi hesabatlarda rüsvayçı birincilik təşkil etməsini unutmasın. Hər şeyin - ləyaqətin, vicdanın, parlament kürsüsünün, nazir postunun, hərbi rütbənin, məhkəmə hökmünün, elmi dərəcənin, böyük tikinti projelərinin gerçəkləşməsi üçün elan edilən tenderlərin alqı satqı predmetinə çevrildiyi bir məmləkətdə bu rüsvayçılıqların baş müəllifinin hakimiyyət olduğunu hər kəs yaxşı bilir.

Rüsvayçılıq müxalifətin zəyifliyində deyil, zəngin bir ölkənin vətəndaşlarının misgin halda yaşamasıdır. Bəli, bu hakimiyyət millət üçün üz-qarasıdır və onun yapdığı hər bir əməl rüsvayçılıqdan xəbər verir. Mətbuata, azad fikrə, sərbəst toplaşmaya, özünü ifadəyə qarşı tətbiq edilən repressiya siyasəti də, siyasi plüralizmə, fərqli düşüncəyə, müxalif düşərgəyə, fərdi azadlıqlara avtoritar təpkilər də, iqtisadi azadlıqlara, sərbəst bazar iqtisadiyyatına qarşı yeridilən monopolist siyasət, vətəndaşların mülkiyyətinə edilən qəsd də bu hakimiyyətin rüsvayçılıq adına yazdırdığı qara səhifələrdir.

İndi nə baş verdi ki, ölkəni amorf vəziyyətə salanlar, insanlığı, ali dəyərləri aşağılayanlar, bir milləti tayfa siyasətinə boyun əydirənlər ”güclü” oldu, milli dəyərlər uğrunda mübarizə aparan, azadlıq, demokratiya yolunda mücahidlə verənlər “zəif” və “rüsvayçı”. Ölkənin qaçqın kütləsinin səsini zorən hakim komandanın birinci şəxsinin adına yazdıranlar, gərək bu ölkənin qaçqınlarının hakimiyyət qapılarının arxasında saxlanılmas faktını unutmasınlar. Qaçqını ehtiyac içində saxlayıb, onun “balasının ömründən kəsdirib” rəhbərlərə pay biçdirməyin adı ən böyük rüsvayçılıq deyilsə, bəs nədir?