Bosniyanın üçlü prezidentliyi uğrunda seçkilərdə millətçi namizədlər liderdir. Etnik olaraq parçalanmış Balkan millətində korrupsiya və işsizlik baş alıb gedir. Bu barədə "Deutsche Welle" xəbər verir.
Oktyabrın 12-də keçirilən seçkilərin ilkin nəticələrinə görə, müsəlman bosniyalı, katolik xorvat və ortodoks serb icmalarının millətçi namizədləri liderdir. Bu isə Bosniyada çıxılmaz siyasi vəziyyətin davam etməsinə səbəb ola bilər.
Bazar ertəsi açıqlanan nəticələrə görə, 80% səs toplayan Bakir İzetbeqoviç ikinci dəfə müsəlman bosniyalıların prezidenti olacaq. Bakir İzetbeqoviç 1992-1995-ci illərin qanlı vətəndaş müharibəsi dövründə Bosniyaya rəhbərlik etmiş Alija İzetbeqoviçin oğludur.
Xorvat və serblər arasından aparıcı namizədlər müvafiq olaraq Draqan Çoviç və Zeljka Çvijanoviçdir. Draqan Çoviç Bosniya daxilində xorvat muxtar vilayətinin yaradılmasını istəyir. Zeljka Çvijanoviçin təmsil etdiyi partiya isə serblərin Balkan ölkəsindən ayrılmasını tələb edir.
Oktyabrın 12-də Bosniyada 3,3 milyon seçicidən 54%-i səsvermədə iştirak edib. Bu göstərici sonuncu 2010-cu il seçkilərindən 2% azdır.
"Durğunluğa son"
Təkcə İzetbeqoviç vahid Bosniya dövlətinin qurulması üçün kampaniya aparıb. O, digər prezidentləri fikir ayrılığını kənara qoymağa, Aİ və NATO-ya üzvlüyü seçməyə çağırıb.
"Artıq durğunluğa son qoymağın vaxtıdır. Məncə, siyasətçilər artıq bu çıxılmaz vəziyyətə son qoyacaq qədər yetkinləşiblər. İstərdim ki, ölkəni tənəzzüldən və çıxılmaz vəziyyətdən çıxarmaq, eləcə də Avro-Atlantik inteqrasiya yoluna qaytarmaq üçün gələcəkdə yaradılacaq koalisiyanın öz planları olsun", - bazar günü İzetbeqoviç deyib.
Korrupsiya və işsizlik
Qeyd edək ki, Bosniyada 3 il davam edən vətəndaş müharibəsi 100 min nəfərin ölümünə səbəb olmuşdu. Nəticədə ABŞ-ın vasitəçiliyi ilə Bosniyada 2 muxtar dövlət yarandı - müsəlman xorvatların federasiyası və Serbiya respublikası. Bu ayrılma sülhə kömək etsə də, ölkəni iflic vəziyyətdə qoydu.
Ötən ilin fevralında isə bosniyalılar korrupsiyaya və 50%-lik yüksək işsizlik səviyyəsinə görə küçələrə tökülmüşdülər. Bosniyada orta aylıq əmək haqqı 419 avrodur.
Xatırladaq ki, oktyabrın 12-də bosniyalılar milli parlament üçün, eləcə də hər 2 muxtar dövlətin parlamentləri və Serbiya respublikasının prezidenti üçün səsvermə keçiriblər. Yekun nəticələr bu gün (13 oktyabr) açıqlanmalıdır. /eunews.az/


Şərhlər