Menu

DÜNYAYA YENİ BİR AZƏRBAYCAN TƏQDİM EDƏ BİLƏCƏYİKMİ?

04.01.2021, 08:50
DÜNYAYA YENİ BİR AZƏRBAYCAN TƏQDİM EDƏ BİLƏCƏYİKMİ?

Azərbaycan xalqı, cəmiyyəti, vətəndaşı birmənalı şəkildə tarixi addımlar üçün Prezident İlham Əliyevə kart-blanş verib 

Zaur İbrahimli

2021-ci ilə Azərbaycan xalqı, dövləti parlaq zəfərlə qədəm qoydu. 44 günlük Vətən Müharibəsi göstərdi ki, Azərbaycan xalqı döyüş ruhu, əzmi, fədakarlığı, birliyi, şücaəti ilə üstün oldu. Həmçinin iqtisadi imkanları və gücüylə də düşməni üstələdi. 2021-ci ildə əsas strategiya məhz bu üstünlükləri qorumaq və yeni naliyyətlər əldə etməkdən ibarət olmalıdır.

Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malikdir, lakin bu gücü neft buruqlarından, təbii qaz yataqlarından alır və zaman keçdikcə bu güc tükənməkdədir. Bütün əcnəbi ekspertlər gələcək ssenarilərdən söz açarkən bu amili qabardırlar. Azərbaycan nə dərəcədə neft və qazdan asılılığı azalda biləcək, dayanıqlı, xarici investorlar üçün cəlbedici iqtisadiyyata malik olacaqdır? Azərbaycan dövlət idarəçiliyində, iqtisadiyyatın tənzimlənməsində, demokratikləşmə proseslərində nə dərəcədə uğurlu olacaq? Azərbaycan müharibədə qalib gəldiyi kimi daha dayanıqlı, liberal iqtisadiyyat, demokratik cəmiyyət quruculuğunda rəqabətdə də üstün olacaqmı? Bütün bunlar Azərbaycan dövlətçiliyinin əsaslarının möhkəmlənməsi, ölkəmizin, dövlət-vətəndaş birliyi və etimadının güclənməsi üçün zəruri şərtlərdir. Əgər Vətən Müharibəsində qələbənin verdiyi güclü impulsdan iqtisadiyyatda, dövlət idarəçiliyi, vətəndaş cəmiyyəti, KİV, demokratikləşmə, dayanıqlı daxili siyasi münasibətlər sisteminin qurulması sahəsində islahatların aparılmasında istifadə edilməyəcəksə tarixi bir fürsəti, üç əsrin şansını qaçırmış olacağıq.

44 günlük müharibənin ən möhtəşəm nəticələrindən biri də Prezidentə çox böyük etimad və inamın formalaşmasıdır. Azərbaycan vətəndaşı birmənalı şəkildə tarixi addımlar üçün Prezident İlham Əliyevə kart-blanş verib. Eyni zamanda böyük gözləntilər də var. Vətəndaşlarımız bu tarixi qələbəmizin bütün ölkəmizi yeniləməsini vətəndaş-dövlət münasibətlərində yeni səhifə açmasını arzulayırlar. Prezident İlham Əliyev bütün böhran məqamlarında sübut edib ki, siyasi hakimiyyət, dövlət və cəmiyyət maraqları arasında tarazlığı tapmağı bacarır və cəmiyyətin nəbzini tuta bilir. İstər “Ərəb baharı”, istər “Narıncı inqilab”, istər 2015-ci il devalvasiya proseslərində bu tarazlığı qoruya bildi. Şübhəsiz ki, kompleks islahatların həyata keçirilməsində də yaranmış münbit şərait diqqətdən kənarda qalmayacaq və qalmamalıdır. Vətəndaşlarımızın əsas gözləntisi budur ki, Prezident müharibədə sərgilədiyi qəti, mübariz mövqeyi islahatlarla bağlı ortaya qoyacaq.

Tarixi təcrübə göstərir ki, müharibədə qələbələrdən sonra fərqli strategiyalar seçilir və buna uyğun müvafiq nəticələr də ortaya qoyulur. Birinci Dünya Müharibəsindən sonra Fransa, İngiltərə obrazlı ifadə etsək, qalib ədası ilə mürgüləməyə üstünlük vermişdilər, islahatlar əvəzinə ənənəçilik ön plana çıxmışdı. Bu isə artıq İkinci Dünya Müharibəsində böyük itkilərə səbəb oldu. Fransa hökuməti ümumiyyətlə, müharibə başlayanda fəaliyyət və vəziyyəti adekvat qiymətləndirmək qabiliyyətini itirmişdi. Məhz İkinci Dünya Müharibəsindən sonra İngiltərədə keçmişdən dərs çıxardılar, qalib Baş nazir Çörçill seçicilərdən səs ala bilmədi. İngilislər müharibə yox, qurub-yaratmaq, islahatlar ab-havasına köklənmişdilər. Osmanlı Türkiyəsinin də ən strateji səhvi islahatlar, modern dünya ilə ayaqlaşmaq yolunda ləngiməsi, böyük səhvləri oldu. Son illər Ərdoğan Türkiyəsində də müəyyən qədər ifrat mühafizəkarlaşma müşahidə olunurdu. Artıq Ankarada bunun fərqinə varıblar və 2021-ci il üçün prezident Ərdoğan “Demokratikləşmə paketi”ni açıqlayıb. Həmçinin, Ankarının Avropa İttifaqı ilə münasibətlərində yenidən baxılması vədini verib.

Azərbaycan üçün 2021-ci ildə, Vətən Müharibəsindən sonra beynəlxalq arenada mövqelərin möhkəmləndirilməsi, Cənub və Şimaldan yönəlik geosiyasi təhdidlərin aradan qaldırılması, xarici siyasətdə manevrlər üçün imkanlar yaradılması baxımından aparıçı Qərb ölkələri, Qərb institutları ilə əlaqlər inkişaf etdirilməlidir, dünyaya yeni bir Azərbaycan təqdim etməliyik. Bunun üçün islahatlar və islahatlar gərəkir, yorulmadan, çətinliklərə baxmadan islahatlar yolunda irəliləmək vacibdir. Çətinliklərimiz bəllidir, bu iqtisadiyyatın neft və qaz resurslarından asılılığı, korrupsiyanın yüksək səviyyəsi, inhisarçılıq, qeyri-effektiv ədalət mühakiməsi sistemi, demokratikləşmə ilə bağlı problemlər, səmərli olmayan dövlət idarəçiliyi, institutlatın işləməməsi və s. 44 günlük müharibə göstərdi ki, Azərbaycan xalqı, dövləti tarixi qələbələr əldə etməyə qadirdir. Buna enerjisi və bacarığı da vardır, ölkənin siyasi rəhbəri də kifayət qədər təcrübə və səriştəyə malikdir. Bütün bu fürsət və imkanları əldən vermək böyük yanlışlıq olardı.

Müasir Almaniyanın qurucularından biri, əfsanəvi kansler Konrad Adenauer dövlət başına keçdikdən sonra tez-tez vurğulayırdı ki, almanların və Almaniyanın nicat yolu çox işləmək və qanunlarla idarə olunan dövlət qurmaqdır. Onun idealı xristian etikasına əsaslanan sosial yönümlü bazar iqtisadiyyatına malik, dürüst idarəçiliyi olan dövlət modeli idi. O xeyli dərəcədə öz arzusunda çatdı, onun niyyəti bütün Alman xalqının missiyasına çevrildi. Onun çox tarixi bir kəlamı var, məqsədləri barədə danışanda deyirmiş ki, “Alman xalqı dövlətdən qorxur, mən isə istəyirəm ki, qanundan qorxsun”. Düşünürəm ki, bizim üçün əsas məqsədlərdən biri bu olmalıdır: Çox çalışmaq, yaxşı işləmək və qanunlardan qorxmaq. Dövlət də bunun üçün üzərinə düşəni etməlidir.

Şərhlər

Vətənpərvər 2021-01-04 12:44:26

Çox gözəl məqalədi. Fikitlərinizlə tamamilə razıyam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol