Menu

Büdcədə neftin qiyməti məlum oldu

13.10.2014, 19:48

27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollars“2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanmışdır”.

“Marja” xəbər verir ki, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.

Təqdimatda deyilir ki, Azərbaycan Respublikasının iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir. Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ın öz karbohidrogen hasilatını artırması (gündəlik 11,5 mln. barrel) və ölkəyə cari ilin əvvəlindən başlayaraq neft idxalını azaltmasıdır.

“Qeyd etmək lazımdır ki, ABŞ ötən il təbii qaz idxalını dayandırmış, hazırda isə neft idxalını da azaltmağa çalışır. Bununla yanaşı, Avropa Birliyi ölkələrində iqtisadiyyatın zəif inkişafı bu məkanda da neftə olan tələbatın aşağı düşməsinə səbəb olmuşdur. Belə olan halda, enerji resurslarının ixracının artmasına yönələn istiqamət Şərqi Asiya (Çin, Hindistan) ölkələridir.

Lakin bu ölkələrdə də iqtisadi artım sürəti ötən dövr ərzində proqnoz göstəricilərindən aşağı düşmüşdür ki, bu da son dövrlərdə neftin qiymətinin davamlı olaraq aşağı düşməsinə təsir edən amillərdən hesab olunur. Eyni zamanda, Yaxın Şərqdə və neftin hasilatı ilə məşğul olan bir sıra ölkələrdə geosiyasi stabilliyin olmaması (Qəzza bölgəsi, “İŞİD”in fəaliyyəti, Liviyada baş verən münaqişələr, Suriyada davam edən müharibə və s.), habelə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmaması neftin qiymətinin yüksək səviyyədə qalmasını şərtləndirməkdədir.

Lakin bu proseslərin tədricən stabilləşməsi neftin qiymətinin aşağı düşməsinə təsir edəcəkdir. Şübhəsiz ki, dünyada qeyri-stabil geosiyasi proseslərin davam etməsi, bəzi dövlətlərin qarşılıqlı surətdə tətbiq etdikləri sanksiyalar dünyada iqtisadi inkişafın sürətinin zəifləməsinə və dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycanın da xarici iqtisadi əlaqələrinə təsir göstərməyə bilməz”.

UKRAYNA HADİSƏLƏRİ AZƏRBAYCANA TƏSİR EDƏCƏK

Layihədə qeyd olunur ki, Ukraynada gedən proseslər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar MDB- nin üzvü olan ölkələrin iqtisadiyyatlarına, xüsusilə Rusiya ilə eyni ittifaqa daxil olan Belorusiya və Qazaxıstan iqtisadiyyatlarına mənfi təsir göstərməkdədir. Bu proseslər öz növbəsində MDB məkanına iqtisadi inteqrasiya olunmuş Azərbaycanın idxal-ixrac əməliyyatlarına da təsirsiz ötüşməyəcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol