DÖVLƏT RƏHBƏRLƏRİNİN ÜŞTƏRƏFLİ GÖRÜŞÜ BAŞA ÇATDI - Qarabağla bağlı yeni birgə bəyanat imzalandı + MƏTN/VİDEO (Yenilənib)

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başa çatıb.

Görüş təxminən 4 saat davam edib.

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşün nəticəsi olaraq üç ölkə arasında Qarabağın inkişafı üzrə birgə bəyanat imzalanıb.

AZƏRTAC-a istinadən Bəyanatın tərcüməsini təqdim edirik:

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

11 yanvar 2021-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları İşçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti

İ.H.Əliyev

Ermənistan Respublikasının baş naziri

N.V.Paşinyan

Rusiya Federasiyasının Prezidenti

V.V.Putin”. 

***

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, hazırda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

Görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli Nikol Vovayeviç.

Sizi Moskvada salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifimizi qəbul etmisiniz.

Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb.

Hörmətli həmkarlar, sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmisiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparıblar. Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq.

Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən, xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.

Bu halda xüsusi qeyd etmək istərdim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı.

Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.

Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.

Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.

Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.

Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.

Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.

Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.

Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrup məşğul olacaq.

Hörmətli həmkarlar, ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işgüzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız bunda maraqlıyıq.

Hazırda görüş ictimaiyyətə qapalı şəkildə davam edir.

***

Dağlıq Qarabağ bölgəsində aparılacaq bərpa işləri ilə bağlı üçtərəfli komissiya yaradılır. Bu barədə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı bildirilib.

"Xüsusi diqqət, bölhənin iqtisadi, ticarət və nəqliyyat kommunikasiyalarının açılmasılna xidmət edəcək"-deyə Putin açıqlamasında deyib.

Üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri daxil olacaq.

Onlar bölgəyə dəymiş zərərin hesablanması və bərpa işlərinə nəzarət edəcəklər. Həmçinin, nəqliyyat kommunikasiyalarının açıqlması ilə bağlı detalları müəyyən edəcək.

***

Putin, Əliyev və Paşinyanın görüşü başlayıb. Putin Qarabağda sülhməramlıların nəzarəti ilə sərhəd xətlərinin nizamlanmasının müəyyən edilməsinin lazım olduğunu bildirib.

Qarabağda yenidənqurma ilə hər 3 ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun məşğul olacağını bildirib.

Putin hər iki liderlə qucaqlaşıb görüşüb, Əliyevlə Paşinyan isə əllə yox, sadəcə baş hərəkəti ilə salamlaşıblar. 

***

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

“Report” xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir.

Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Azərbaycan Prezidenti Moskvaya çatıb, onu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb. Hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb”, - o qeyd edib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüç keçiriləcək.

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

635x100

Şərhlər

Oxucu 2021-01-12 10:03:25

Putin Azərbaycan ərazisinə soxduğu qoşunlarına Azərbaycandan status almaq istəyir. Ayının oynadığı armud oyunu bundan ibarətdir.

Cəmşid Dərələyəzli 2021-01-12 09:41:27

11 yanvar 2021-ci il. Moskovada Rusiya, Ermənistan və Azərbaycanın üç tərəfli görüşü. Bu görüşün keçirildiyi ortaqdakı masada dövlət başçılarının masa arxasındakı oturuşları Rüsiyanın “böyüklüyü” qədər kiçikliyini də tam çılpaqlığı ilə ortaya qoyub. Belə ki, Putinin bu masa pozu və bu pozda sanki o bərabər səviyyəli iki ölkənin dövlət başçıları ilə görüşmür. Hələ başqa protolol qaydalarını saymıram. Budur Rusiyanın kimliyi. Budur onun eqosu. Əslində Rusiyanı böyüklüyündən bir bu pafosu qalıb. Bu isə Rusiyanın sadəcə bir hava şarından ibarət olduğu və bu şarın en və ya gec partlayacağının əyani qanıtıdır.Bu şarın iynəsini batıran isə Rusiya xalqlarının özündən olacaq. Bu səbəbdəndir ki, Rusiyanın bu ədasından dolayı ona heç bir dünya dövlətinin inamı qalmamışdır. O cümlədən də Azərbaycan ictimayyətinin. Amma biz sonrakı dövlət siyasətimiz və xüsusən də Qarabağda qarşıya qoyduğumuz hədəflərə ulaşmamız üçün, bütün bu məsələlərdə Ölkə Başçısı qədər səbrli olmalıyıq. Biz istəsək də istəməsək də Rusiya kimi bir dövlətlə qonşuyuq və onu da nəzərə alaq ki, Rusiya xalqının öz içərisində belə dövlət başında duranların bu eqaistliyi heç də bir mənalı qarşılanmır. İnşallah biz cənab Ali Baş Komandanın rəhbərliyi ilə bütün bu riyakarlıqlara qalib gəlib, sonda öz məqsədimizə çatacağıq. Çünki, indi biz nə 30 il qabaqkı Azərbaycanıq, nə də tək deyilik.

Səbuhi - yə və Murtuz - a 2021-01-11 23:39:00

YALTAQLIQ və TROLLUQ edənlər................

B.Qarabağlı 2021-01-11 23:19:52

Qısa, aydın və faydalı görünən bəyanatdır. Dağlıq Qarabağ da təbiətən onun zirvəsi olaraq qalır.

Türk 2021-01-11 21:17:07

Türkiyəsiz heç bir danışıq stolunda oturmamalıyıq

Səlim 2021-01-11 20:36:15

Bəs kompensasiya? Bəlli idi ki, işğaldan azad olmuş yerlərin bərpasını onsuzda özümüz edəcəydik. Sülhməramlıların nəzarətində olan torpaqlarda bizimdi, onlarıda biz bəepa edəcəyik.....Kəlbəlayı demişkən:gözləyək görək bu kolxoz oyununun axırı nə olur...?

Xalx 2021-01-11 20:28:29

9 -10 noyabrda imzalanan kağızda 9-cu bənddən başqa bəndlər nə üçün icra olunmur?..

Özgür 2021-01-11 20:21:05

deyərdilər ki, bəyənatı müzakirə edəndən sonra baxarıq, bəyənata imza atılmamalı idi!

vuqar 2021-01-11 19:59:34

HAQQIMIZI LAZIMINCA BASA DUSMELI VE ONA DOGRU OZ USULLARIMIZLA ONA TEZ CATMAGA CALISMALIYIQ!CEKILEN EZIYYET YOX OLUB GETMEMIS!

Murtuz 2021-01-11 19:55:05

Obyektiv reallig deilen bir wey var ve bununla razilawmag ve buna uygun hereket etmek lazimdi . Bu sebebden duwunurem ki cenab prezident cox uzag goren ve rasional siyaset ireli surur.

Ali 2021-01-11 19:51:45

Putin çox tələsir...... Ki, i hər şeyi öz xeyrinə həll edib qurtarsın....

Azər 2021-01-11 19:31:02

“Dağlıq Qarabağ bölgəsində aparılacaq bərpa işləri ilə bağlı üçtərəfli komissiya yaradılır.” ....Qarabağ Azərbaycandır , oradakı işlərin, olsun bərpa, abadlaşdırma ya başqa, ermənilərə y ruslara nə dəxli var? yerevanda ,ya rusiyada hansısa iş görəndə Azərbaycanın da iştirakı ilə kommisiya yaradırlar?.. .....

Rasim Turançı 2021-01-11 19:26:04

Burdan bütün oxuculara sual ünvanlayıram- Azərbaycanda rus ayısı ilə erməni donuzunun nə işi var ki,komisiya yaradırlar ? Biz niyə ata-baba yurdumuz olan Zəngəzur,Göyçə mahalını,irəvan xanlığı olan ərazimizi niyə tələb etmirik ?

Səbuhi 2021-01-11 18:55:59

ALLAH CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ KÖMƏK OLSUN AMİN İNŞAALLAH.

Cəmşid Dərələyəzli 2021-01-11 16:26:07

11 yanvar 2021-ci il. Moskovada Rusiya, Ermənistan və Azərbaycanın üç tərəfli görüşü. Her şeydən öncə Putinin masa pozu və bu pozda sanki o bərabər səviyyəli iki ölkənin dövlət başçıları ilə görüşmür. Budur Rusiyanın kimliyi. Budur onun eqosu. Ona görə də artıq ona həddinin bildirməyin zamanı gəlib. Sanıram bu görüşdən sonra, növbəti görüşlərdə Türküyənin masada yer alması şərt olaraq irəli sürülməlidir. Çüki, Rusiya Qarabağda olan indiki davranışlarında da tarafsız deyil. Sanki o oraya tərəflər arsında durmağa yox, ermeninin terefini saxlamaqla, itinə sahib çıxmağa gəlib.

Oxucu 2021-01-11 15:46:39

Müharibə başlayanda Kremlin ruporu və təlxəyi Jirinovski elan etmişdi ki, Rusiya Stepanakertdə öz hərbi bazasını yaratmalıdır v....

Son yazılar