2015-ci ildə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün Azərbaycan İpoteka Fonduna 50 milyon manat vəsait ayrılır.
“Marja” xəbər verir ki, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.
“Sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50,0 mln. manat vəsait ayrılmışdır ki, bu da 2014-cü illə müqayisədə 10,0 mln. manat və yaxud 25,0 faiz çoxdur”,- təqdimatda bildirilib.
Təqdimatda qeyd olunur ki, fəaliyyətə başladıqları dövrdən (2015-ci il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan Respublikasının İpoteka Fondunda 266 milyon manat məbləğində kreditlər verilmişdir.
50 MİLYONA ƏN ÇOXU 1000 MƏNZİL ALMAQ OLAR
Qeyd edək ki, sosial ipotekanın maksimum məbləği 50 min manatdır. Bu hesabla hesablasaq ayrılan 50 milyon manata ən çoxu 1000 məzil almaq olar.
SOSİAL İPOTEKA KİMLƏRƏ VERİLİR?
Sosial ipoteka krediti 30 il müddətinə, illik 4%-lə verilir. Kreditin maksimal həcmi yanvarda edilən dəyişikliyə görə artıq 50 min manat olub. Bu dəyişikliyə qədər bu rəqəm 35 min manat olub. İlkin ödəniş 15% təşkil edir. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna gənc ailələr, şəhid ailələri, milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət qulluğunda çalışan şəxslər, elmlər namizədi və ya elmlər doktorları, idman sahəsində xüsusi xidməti olan şəxslər malikdir. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin ən azı 3 ildir hərbi xidmətdə olan hərbçiləri də bu kateqoriyaya aid şəxslərdir. Güzəştli kreditlər vətəndaşa yalnız 1 dəfə verilir. Bu iş 21 bankda həyata keçirilir.
Sosial ipotekanı almaq üçün borc alanın şəxsiyyət vəsiqəsinin surəti, nikah və ya nikahın pozulmasını təsdiqləyən sənədin surəti, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin, həmçinin yaş kağızlarının surəti, əmək müqaviləsinin və borc alanın əmək kitabçasının surəti, iş yerindən arayış və sair sənədlər tələb olunur.

Şərhlər