Menu

"Ucarda iki nəfərin evi Qaz İdarəsinin günahından yanıb” - “Gecə qaz söndürülür, səhər tezdən qəfil verilir...”

11.01.2021, 14:06
"Ucarda iki nəfərin evi Qaz İdarəsinin günahından yanıb” -  “Gecə qaz söndürülür, səhər tezdən qəfil verilir...”

Bir qrup Ucar rayon sakini Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyevə Ucar rayon Qaz İdarəsindən şikayət ediblər. 

Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən şikayət məktubunda rayon qaz idarəsinin qanunsuz və insanların həyatı üçün təhlükəli fəaliyyətindən söz açılır: “Xahiş edirik Ucar rayon Qaz İdarəsinin rəisi İkram Məhərrəmovun və qəza xidmətinin rəisi Seymur Məmmədovun barəsində təcili tədbir görülsün. Əks təqdirdə rayonda hər gün vətəndaşlara məxsus evlər yanıb kül olacaq. İkram Məhərrəmov "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidməti sahəsinə 17 dekabr 2020-ci il tarixdə rəis vəzifəsinə təyin olunan kimi, ilk işi qazı məhdudiyyətlə vermək və şişirdilmiş sərfiyat qəbzlərini evlərə göndərmək oldu. Qazın təzyiqi azaldılır, bir neçə saatdan sonra isə qəfil çoxaldılır. Nəticədə 8 yanvar 2021-ci il tarixdə Ucar şəhərində 2 nəfərə məxsus ev tamamilə yanaraq kül oldu, çoxlu sayda vətəndaşın evində qazla işləyən qızdırıcı qurğular partlayıb sıradan çıxdı.”

Şikayətçilər qeyd edirlər ki, yanğın hadisələrinə görə qaz idarəsinə rəhbərlik edənlər günahkar olsalar da, həmin şəxslər məsuliyyətdən yayınmağa çalışırlar: “Rəis İkram Məhərrəmov və qəza rəisi Seymur Məmmədov baş vermiş bu cinayəti saat 08.00- da növbəni təhvil almış şəxsin üstünə atmaq istəyirlər. Ancaq yanğın axşam saat 19.30 radələrində baş verib. Yanğının videosu, fotosu var və həmçinin yanğın barədə FHN-nin Yanğından Mühafizə Xidmətinə edilən zəng saatları var.”

Rayon sakinləri bildirirlər ki, qaz idarəsi təbii qazın verilməsi zamanı tətbiq etdiyi qrafiklə insanların həyatını təhlükə altında qoyur. Şikayətçilər idarənin fəaliyyətilə bağlı müvafiq orqanların zəruri hüquqi addımlar atmasını xahiş edirlər: “Ucar rayonunun kəndlərində gecələr əhali yuxuda olan zaman qaz söndürülür, səhər tezdən qəfil verilir. Bu isə evlərdə yanğın baş verməsinə gətirib çıxara bilər. Buna görə insanlar qorxu və həyacan içində yaşayırlar.
Həmçinin, rəis İkram Məhərrəmov abonentlərin evinə şişirdilimiş sərfiyat qəbzləri göndərib əhalinin cibini soymaqla məşğuldur. Hansı ki, 1 ay ərzində sərfiyata görə 30 manat ödəyən şəxsin evinə 20 gün üçün 60 manatlıq qəbz göndərilir. Bu, açıq-aşkar talançılıqdır. Təmir adı ilə hər gün rayonda qaz verilişi dayandırlır. Ancaq heç bir təmir aparılmır. Bir küçədə və ya bir kənddə təmir gedirsə bütün rayona qazın verlməsi dayandırılır...
Hörmətli Prezident, hörmətli Mehriban xanım və cənab Ruslan Əliyev! Sizdən xahiş edirik, müraciətimizdə göstərdiyimiz məsələləri yerində araşdırıb,müvafiq ölçülər görülməsinə dair tapşırıq verəsiniz.”

İmza; Ucar rayon sakinləri

1. Purqafari Azər Ələsgər oğlu
2. Ağalarov Nəsimi Akif oğlu
3. Şirinov Raqif Ayaz oğlu
4.Məmmədov Vilayət Mövsüm oğlu
5. Əliyeva Zeynəb Nəbi qızı
6.Salmanova Məhluqə Yasin qızı
7.Məmmədova Nisə Dadaş qızı
8. Tağıyeva Maisə Hüseyn qızı

“AzPolitika.info” şikayət məktubunda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Tahir

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol