“Azərbaycan Bayrağı” ordenli xüsusi təyinatlı şəhidimiz - FOTOLAR

Vətən müharibəsi Azərbaycanın qəhrəman oğulları üçün əsl sınaq dövrü oldu. Xalqımızın neçə-neçə igid oğlu işğal altındakı ərazilərimizin geri qaytarılması uğrunda ağır döyüşlərdə canlarından keçərək qanları ilə qəhrəmanlıq salnaməsi yazdılar. Belə qəhrəmanlarımızdan biri də Məcidzadə Saleh Nəriman oğludur.

Müharibənin ilk günündən Xüsusi Təyinatlı Qüvvələrin sırasında ön cərgədə vuruşan qəhrəmanımız düşmənin diversiya qruplarının məhv edilməsində xüsusi şücaət göstərib. “Report”un Muğan bürosu şəhidimizin evində olub, onun doğmaları ilə söhbət edib.

Saleh Məcidzadə 1994-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. O, 2011-ci ildən idmanla məşğul olmağa başlayıb. Ölkə çərçivəsində keçirilən bütün idman yarışlarında birincilər sırasında olan Saleh hərbi xidmətdə də ön sıralarda olub.

O, 2016-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. İlk döyüş yolu həmin ilin Aprel döyüşlərində başlayıb. Aprel döyüşlərində və 2020-ci ilin iyulunda Tovuzda düşmən diversiya qruplarının məhv edilməsində xüsusi məharət göstərərək komandanlıq tərəfindən təltif edilib. O, habelə ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə ilk gündən qatılıb və ən çətin tapşırıqların öhdəsindən bacarıqla gəlib.

Atası Məcidov Nəriman deyir ki, oğlu ilk döyüşlərə Murov dağı uğrunda hərbi əməliyyatlardan başlayıb. Murovdan sonra digər rayonların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Saleh Məcidzadənin son döyüş yolu Cəbrayılda tamamlanıb. O, oktyabrın 10-da şiddətli döyüşlərin birində qəhrəmancasına döyüşərək şəhid olub.

Şəhid oktyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhid Saleh Məcidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Özgür 2021-01-14 18:44:15

Allah qardaşımıza rəhmət eləsin!

Son yazılar