Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

Bu barədə "Report"a Federasiyanın Mətbuat katibi Sərxan Musayev məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd elədilər ki, üzürlü hesab edin, bu daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə problem olsaydı, bizim komandalara viza verməzdilər, iştirakına problem yaradardı. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci ildə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar