Vanetsyan fərarilikdə ittiham olunur - Sabiq MTX şefinin Şuşadan qaçdığı təsdiqlənir

44 günlük müharibənin bitməsindən 2 aydan artıq vaxt keçsə də, Ermənistanın siyasi elitasında məğlubiyyətlə bağlı qarşılıqlı ittihamlar və kompramat savaşı davam edir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Nikol Paşinyanın ən qatı rəqiblərindən və onun yerinə ən iddialı namizədlərdən biri kimi tanınan Artur Vanetsyanın müharibə dövründə fərarilik etməsinə dair məlumat yayılıb. Özü də bu məlumat Vanetsyanın xələfi, ondan sonra 2019-2020-ci illərdə MTX şefi olmuş Arqişti Karamyanın açıqlamaları əsasında dərc edilib.

Karamyan deyib ki, Şuşa uğrunda döyüşlər gedən zaman Vanetsyan öz başının dəstəsilə şəhərə gəlib. Həmin vaxt Xocalı qatili Seyran Ohanyanın rəhbərlik etdiyi hərbi qərargah oradan Ağdərəyə getmək istəyən Vanetsyandan öz dəstəsilə Şuşada qalmasını və şəhəri müdafiə etməyə yardım göstərməsini istəyib: “Gecə azərbaycanlıların hücumu başladı. Komandanlıq Vanetsyana müdafiə nöqtələrinin birində mövqe tutmağı təklif etdi. Lakin Vanetsyan dedi ki, onlar təzə gəliblər və döyüşə girməyə hazır deyillər.”

Karamyan Vanetsyanın bir neçə saatdan sonra Ohanyanın təkidilə müdafiə mövqelərindən birinə getdiyini bildirib. Lakin sonradan məlum olub ki, onun dəstəsi səngər qazaraq, mövqe tutmaqdan yayınıb. 

Daha sonra Karamyan öyrənib ki, Vanetsyan Şuşadakı qərargaha qayıdıb. Bundan qısa müddət sonra isə məlum olub ki, Vanetsyan faktiki olaraq, ümumiyyətlə Şuşadan qaçıb və Xankəndiyə yollanıb. Onun gətirdiyi dəstə isə döyüşə girməkdən imtina edib: “Şuşada Vanetsyanın dəstəsindən cəmi 20 nəfər qalmışdı. Sonra məlum oldu ki, bir neçə saatdan sonra onlar da ərazini tərk ediblər.”

Göründüyü kimi, Paşinyanı və onun hakimiyyətini fərarilikdə, satqınlıqda ittiham edənlər - Seyran Ohanyan, Artur Vanetsyan və digərləri özləri imkan olan kimi “dabanlarına tüpürüb” döyüş meydanından, Azərbaycan əsgərinin qarşısından çaqqal sürüsü kimi qaçıblar. 

Sabiq MTX şefinin açıqlaması isə bir daha “qəhrəman erməni xalqı”nın generallarının fərari, onun ordusunun “yenilməzliyi” barədə deyilənlərinsə nağıl olduğunu təsdiqləyir.

Cəlal

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar