MƏRKƏZİ BANKIN PUL BAZASI NİYƏ REKORD HƏDDƏ ARTIB? – "Böyük risklər yaradılıb"

Qulu İBRAHİMLİ, iqtisadçı

Azərbaycan ictimaiyyəti hazırda sosial şəbəkələrdə Mərkəzi Bankın yarım milyard manatlıq yeni inzibati binasını ciddi şəkildə müzakirə edərək, narazılığını bildirir. Halbuki indi ictimaiyyətin diqqətində olmalı əsas məsələ Mərkəzi Bankın pul bazasının və dövriyyədə olan nağd pulun bütün tarixin ən yüksək həddinə çataraq, rəsmi valyuta ehtiyatlarını üstələməsi, makroiqtisadi və maliyyə sabitliyi üzərində yaranmış təhlükə olmalıdır. Qısası, indi hər kəs sual verməlidir ki, milli valyutamızın arxasında hal-hazırda hansı dəyər dayanır?

Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Dövriyyədə olan nağd pul Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pullardır – yəni, dövriyyədəki manat əskinazlar və qəpik sikkələr.

Mərkəzi Bankın 2020-ci ilin noyabr ayında dərc etdiyi statistik bülletenə əsasən, rəsmi valyuta ehtiyatları 6411,5 milyon dollar (10899,6 milyon manat), pul bazası 11803,6 milyon manat, dövriyyədə olan nağd pul 10972,0 milyon manat olub.

2020-ci ilin dekabr ayı üzrə statistik bülleten hələ dərc edilməsə də, Mərkəzi Bankın rəsmi saytındakı monetar göstəricilərə görə, dekabrda rəsmi valtuta ehtiyatları 6369,4 milyon dollar (10828,0 milyon manat), pul bazası 13564,2 milyon manat olub.

Mərkəzi Bankın analitik balansı və pul bazası, göstəricilərinin təhlili ilə müəyyən olunur ki, 2020-ci ilin noyabr ayında dövriyyədəki nağd pul məbləği rəsmi valyuta ehtiyatlarının manatla ifadəsi məbləğindən artıq olub.

Xatırladım ki, 2012-ci ildən sonrakı dövrdə dövriyyədə olan nağd pulun rəsmi valyuta ehtiyatlarını üstələməsi halı 2015-ci ilin fevralında baş vermiş manatın kəskin devalvasiyasından əvvəlki aylarda, 2014-cü ilin dekabrı və 2015-ci ilin yanvarında ilk dəfə müşahidə olunmuşdu. Manatın kəskin devalvasiyaları (ucuzlaşdırılması) nəticəsində rəsmi valyuta ehtiyatlarının manat ifadəsində məbləği dövriyyədə olan nağd pulu yenidən üstələməyə başladı. 2015-ci ilin fevralından bu yana ilk dəfə 2020-ci ilin noyabr ayında dövriyyədəki nağd pul yenə valyuta ehtiyatlarını üstələyib.

Dekabr ayında və hal-hazırda da eyni halın davam etdiyi şübhəsizdir. Çünki dekabrda pul bazasının valyuta ehtiyatlarını ən yüksək həddə üstələdiyi müşahidə olunub. Dövriyyədə olan nağd pul göstəricisi pul bazasının əsasını təşkil edən komponentidir.

Dekabr ayında manatla pul bazası məbləği rəsmi valyuta ehtiyatlarının manat ifadəsinin 125,3%-ni təşkil etməklə, 2011-ci ildən bu yana valyuta ehtiyatlarını ən yüksək həddə üstələyib. Pul bazası, 2020-ci ilin mart-aprel ayları istisna olmaqla, 2019-cu ilin noyabr ayından indiyədək ardıcıl olaraq valyuta ehtiyatlarını üstələyib. Əslində isə, valyuta ehtiyatlarının pul bazasından, ən vacibi də, dövriyyədə olan nağd puldan artıq olması lazımdır. Əks halda, milli valyutanın dəyərinə və monetar şəraitə risklər yaranar ki, bu da öz növbəsində makroiqtisadi və maliyyə sabitliyinin pozulması ilə nəticələnər.

Mərkəzi Bank 2015-2016-cı illərdə manatın kəskin devalvasiyaları zamanı xarici valyutada aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi nəticəsində kapital ehtiyatlarında əks olunan 6,0 milyard manatadək mənfəət əldə etmişdi. Mənfəətin sərbəst qalığından 2017-ci ildə 4,88 milyard manat, 2019-cu ildə 1,97 milyard manat olmaqla, ümumilikdə 6,85 milyard manat dövlət büdcəsinə (o cümlədən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna) köçürülmüşdür.

Eyni zamanda, 2017-ci ildə makroiqtisadi vә maliyyә sabitliyinin tәmin olunması üçün Dövlәt Neft Fondundan Mәrkәzi Banka 2,26 milyard ABŞ dolları transfert edilmişdir və bu vəsait dövlәt borcu üzrә xarici öhdәliklәrin, elәcә dә strateji layihәlәrin vә iri dövlәt tәşkilatlarının xarici valyutada öhdәliklәrinin maliyyәlәşmәsinә yönәldilmişdir. Neft Fondundan daxil olan vəsait üzrә xarici valyutanın manatla mübadilәsi nәticәsindә Mәrkәzi Bank tәrәfindәn әldә olunmuş 3,95 milyard manat örtüyü mәnfәәt vә ya zәrәr hesabatında gәlir kimi qeydә alınmışdır. Deməli, Neft Fondundan daxil olan vəsaiti nəzərə alıb çıxsaq, mənfəətdən dövlət büdcəsinə ümumilikdə ödənən xalis məbləğ 2,9 milyard manat təşkil edir.

Pul bazasının 13,6 milyard manat və dövriyyədə olan nağd pulun 11,0 milyard olmaqla bütün dövrlərin rekord həddinə çatmasına, həmçinin valyuta ehtiyatlarının ciddi artımının qarşısının alınmasına səbəblərdən biri Mərkəzi Bankın devalvalvasiyalardan əldə etdiyi mənfəətin dövlət büdcəsinə, daha doğrusu, iri dövlət şirkətlərinin borcunun bağlanmasına yönəldilməsi olub.

Digər əsas səbəb isə Azərbaycan Beynəlxalq Bankının zərərli aktivləri müqabilində “Aqrarkredit” QSC-nin 10,0 milyard manatlıq qiymətli kağızlarının Mərkəzi Bankın aktivinə verilməsi olub. Mərkəzi Bankın bu aktivlər müqabilində Beynəlxalq Banka 7,0 milyard manat ödədiyi, 3,0 milyard manatək isə depozit hesabları üzrə borclu qaldığı görünür.

Mərkəzi Bankın mənfəətdən dövlət büdcəsinə ödənişləri və “Aqrarkredit” qiymətli kağızları müqabilində vəsait verməsi havadan pul emissiyası yaradıb, valyuta ehtiyatlarını əridib. Milli valyutamız manatın dəyər qazanmasının nəinki qarşısı alınıb, hətta gələcəyi üçün böyük risklər yaradılıb.

Cibimizdəki manat əskinazların və qəpik sikkələrin arxasında hansı dəyər durduğu sualına cavab olaraq “Aqrarkredit”in qiymətli kağızlarını, daha doğrusu, onun tabeliyinə verilmiş fəaliyyəti olmayan, heç bir iqtisadi fayda gətirməyən kağız üzərindəki müəssisələri görürük. Çünki Mərkəzi Bankın maliyyə aktivlərinin, az qala, yarısını bu qiymətli kağızlar təşkil edir.

Əvvəlki illərdə yazı və çıxışlarımda həyəcan təbili çalaraq, xarici valyutada aktivlərinin yenidən qiymətləndirilməsindən yaranan mənfəətin dövlət büdcəsinə köçürmə adı ilə iri dövlət müəssisələrinin borclarının bağlanmasına yönəldilməsinin, “Aqrarkredit”in qiymətli kağızlarının Mərkəzi Banka verilməsinin təhlükəli olduğunu vurğulamışdım. Hökumət Dövlət Neft Fondundan Mərkəzi Banka xarici valyuta köçürərək “Aqrarkredit”in qiymətli kağızlarını Mərkəzi Bankdan almalıdır. Eyni zamanda, mənfəətindən dövlət büdcəsinə vəsait köçürülməsinə son verməlidir.

Nəzərə almaq lazımdır ki, ƏDV ödəyicisi olan vergi ödəyicilərinin ƏDV subhesablarındakı vəsaitlər də pul bazasına daxil edilməli olduğu halda, Dövlət Xəzinədarlığı Agentliyinin vəsaitləri kimi baxılaraq, pul bazasına daxil edilmir. Mərkəzi Bankın Azərbaycan Beynəlxalq Bankına olan depozit borc qalığının yaxın gələcəkdə pul bazasının artımına təsirini də düşünmək lazımdır.

635x100

Şərhlər

Elşad 2021-01-16 00:20:01

Çox dəyərli yüksək professionallıqla yazılmış məqalə. Halal olsun Sizə.

Qoca Molla 2021-01-15 21:35:40

Yekunda bizi ne gozleyir? novbeti devalivasiya yoxsa infilyasiya?

Son yazılar