Natiq Cəfərli: «Kredit tarixçələri sisteminə keçid, xarici bankların ölkəyə buraxılması, kredit faizlərinin aşağı salınması problemi həll edə bilər»

Artıq xəbər verildiyi kimi, Mərkəzi Bank istehlak kreditləri ilə bağlı yeni sərt qərar verib. Belə ki, Mərkəzi Bankın yeni hazırladığı “Məsuliyyətli kreditləşmə” sənədinə əsasən istehlak kreditlərinin verilməsi bir qədər də çətinləşəcək.

ANS TV-nin məlumatına görə, sənədin əsas məqsədi- bankların kredit verərkən daha məsuliyyətli olmasını təmin etməkdir. Mərkəzi Bankın banklardan əsas tələbi kredit verərkən müştərinin aylıq gəlir həcminin nəzərə alınmasıdır. Qurum konkret bir nisbət müəyyən edəcək ki, müştərinin aylıq gəlirinin aylıq kredit ödənişinə nisbəti bu rəqəmdən artıq olmasın.

Mərkəzi Bankın rəsmisi Nəbi Əliyev bu sənəd daxilində ümumilikdə borcun gəlirə nisbəti əmsalına hazırda Mərkəzi Bankda baxıldığını söyləyib. Onun sözlərinə görə, əhalinin aylıq gəlirləri onların aylıq kredit ödənişinə nisbəti riyazi hesablanır:"Hazırda bu əmsalın tətbiqi perspektivləri, bu əmsalın göstəricinin müəyyən olunması istiqamətində beynəlxalq təcrübə araşdırılır. Müxtəlif ölkələr özlərinin iqtisadi və sosial şəraitindən asılı olaraq müxtəlif nisbətdən istifadə edir. Bu hesablamalar hər ölkədə əhalinin gəlirlərinin iqtisadi tsikllərinə baxaraq aparılır. Bəzi ölkələr hesablamaları 50% götürə bilər, bəzi ölkələr 40, bəziləri 60%. Hazırda araşdırmalar bu istiqamətdədir ki, bu göstərici olmalıdırmı və əgər olarsa hansı səviyyədə olmalıdır".

Banklardan sosial məsuliyyətin artırılması, onların müştəriyə uyğun məhsul təqdim etməsi, müştərinin istəyindən daha çox onun imkanlarının nəzərə alınması tələb edilir. Müştərinin imkanlarının necə və hansı üsullarla qiymətləndirilməsi də konkret göstəriləcək. Hesab olunur ki, hökumətin bu addımlarının əsas məqsədi problemli kreditləri azaltmağa yönəlib. Çünki banklara qaytarılmayan kreditlərin həcmi artıq 1 milyard manata yaxınlaşır.ÿ

Iqtisadçı-ekspert Natiq Cəfərli yeni qərarı azadlıq.info-ya şərh edərkən istehlak kreditlərinin miqyasını xatırladıb. Ekspert söyləyir ki, bank sektorunun ümumi həcmi o qədər böyük deyil və həmin vəsaitin qaytarılmasında problemlər yaşanırsa, kreditləşmə şərtlərinin sərtləşməsi gözlənilən idi:“Lakin hansı həddə qədər sərtləşmə gedəcəyi müəyyənləşməlidir. Yəni onun insanların qazancı və yaxud kredit tarixçəsiylə ölçüləcəyi barədə dəqiq qərar verilməyib. Çünki Avropa ölkələrində, ABŞ-da əsasən kredit tarixçəsi götürülür. Hansısa bir şəxsin kredit tarixçəsi təmizdirsə, bankdan götürdüyü krediti vaxtında ödəməyə qadirdisə, kredit tarixçəsi əsasında digər banklardan da kredit götürə bilir. Yəni bir-biriylə inteqrasiya olunmuş bank sistemi mövcuddur”.

Azərbaycanda belə bir məlumat bazasının yaradılmasının gündəmdə olduğunu deyən Natiq Cəfərli, onun da reallaşacağını mümkün sayır. Ekspertə görə ölkənin maliyyə-kredit sistemində mövcud olan problemlərin ciddi islahatına ehtiyac var.Azərbaycanın bank sisteminə xarici böyük bankların buraxılmadığını yada salan ekspert, nəticədə rəqabətli mühitin yaradılmasında problem yarandığını bildirir:“Irihəcmli bankları Azərbaycan bazarına buraxsaydılar, onda rəqabətli mühit artardı və kredit faizlərinin aşağı düşməsi də gündəmə gələ bilərdi. Ölkədə kredit faizləri digər ölkələrə nisbətən xeyli yuxarıdır. Bunun özü isə problemli kreditlərin həcminin artmasında çox önəmli yer oynayır. Yəni insanlar krediti qaytara bilmir və problemli kreditlərin sayı ildən-ilə artır”.

Ekspert söyləyir ki, məsələni kompleks şəkildə həll etməyi düşünürlərsə, onda, problemin həlli yolları var. Bazarın daha da liberallaşdırılması, xarici bankların ölkəyə buraxılması, kredit tarixçələri sisteminə keçilməsi və faizlərin aşağı enməsi yolunda addımların atılması problemi həll edə bilər. Bu məsələlərin kompleks olacağı təqdirdə, müvafiq effekti verə bilər. Lakin hər şeyi sərtləşdirmək yoluyla kreditləri azaltmaq istəyirlərsə, bunun nəticəsi gözlənilən kimi olmayacaq.