ŞÜCAƏTİ DÜŞMƏNİ LƏRZƏYƏ SALAN ŞƏHİD LEYTENANTIMIZ - Fotolar

44 günlük Vətə müharibəsinin minlərlə şəhidlərindən biri, leytenant Əsədov Emil Balaqardaş oğlu. Digər şəhidlər kimi onun da hekayəsi həm kədərlidir, həm qürurludur. Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açan, ikinci Qarabağ müharibəsi başlayanda cəmi 22 yaşı olan və zabit paqonlarının qürurunu doyunca yaşamağa imkan tapmayan Emil də Qarabağ uğrunda atalarının yolunu davam etdirən oğullardan idi. 

Onun atası hərbçi olub. Balaqardaş Əsədov birinci Qarabağ savaşında iştirak edib. 1994-cü ildə ordudan tərxis olunaraq Yanğından Mühafizə Xidmətində işləməyə başlayıb. 2005-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. 

Anası Təranə xanım ixtisasca baxça müəlliməsi olsa da öz uşaqlarına qulluq etdiyi üçün işləməyib, evdar qadındır. Onların iki övladı olub-Emil və böyük bacısı Emiliya (hazırda ailəsi ilə birlikdə Rusiyada yaşayır).

Emil Əsədov doğulduğu kənddə natamam orta təhsilini başa vurduqdan sonra C.Naxçıvanski adına Hərbi Litseydə oxuyub. Litseyi bitirdikdən sonda H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə motoatıcı ixtisası üzrə qəbul olub. 2019-cu ildə həmin Ali Hərbi Məktəbi bitirən Emil Əsədov Qusarda yerləşən hərbi hissədə zabit kimi xidmətə başlayıb . 

Silahlı Qüvvələrimizin leytenantı , tank əleyhinə taqımın komandiri Emil Əsədov sentyabrın 27-də müharibə başlayan kimi döyüşlərə atılıb, Füzuli, Qubadlı, Zəngilan , Hadrut, Xocavənd uğrunda döyüşlərdə iştirak edib.

Emil ağır döyüşlərin gedişində düşmənin 92 canlı qüvvəsini , 3 tankını , 2 BMP-ni, 9 yük maşınını və başqa xeyli sayda texnikasını şəxsən vuraraq məhv edib. Emil Əsədov iki dəfə yaralansa da, hospitaldan öz təkidi ilə çıxaraq döyüşlərə qayıdıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə ona vaxtınan əvvəl baş leytenant rütbəsi verilib. Müharibə zamanı məxfilik qorunsun deyə çağırış adı “Qaya 11” olub. Döyüşçü yoldaşları deyirmiş ki, onun çağırış adını eşidən düşmən təşvişə düşürdü.

22 yaşlı Emil Əsədov müharibənin Qələbə ilə başa çatmasına bir gün qalmış, noyabr ayının 7-də Xocavənd uğrunda gedən döyüşdə aldığı qəlpə yarasından şəhid olub və ertəsi gün valideynlərinin yaşadığı Salyan rayonunun Çuxanlı kəndində böyük izdihamla torpağa tapşırılıb.

“Balamı noyabrın 8-də gündüz dəfn etdik, gecə Qələbə müjdəsi eşitdik. Sevindik ki, balalarımızı qanı yerdə qalmadı. Biz onları çox çətinliklə böyütmüşdük .Bacısı Emiliya da Emil də çox savadlı və intizamlı şagird olublar. Emil çox istedadlı idi. Cəmisi 2 ay repetitor müəllim yanına getməklə Hərbi Liseyə qəbul olundu. 

Oğlum düz 7 il hərb sənətini oxumuşdu...hərbi xidmətində o qədər intizamlı idi ki, imkan tapıb yeganə bacısının toy məclisində də iştirak edə bilməmişdi... bu yaxınlarda bizə gələn döyüş dostları dedilər ki, düşmənə qan uddurduğu üçün ermənilər onun başına pul qoyublarmış. Dostlarının dediyinə görə, Emil elə komandir olub ki, özü şəhid olsa da onun taqımından 35 nəfər əsgərin hamısı sağ-salamat qalıb...”,-şəhid zabitin anası oğlu haqda qürurla danışır.

Atası söhbətə qoşulur, deyir ki, oğlu həmişə Vətən uğrunda şəhid olmağın şərəfli ölüm olduğunu deyərdi.

“Həmişə mənə deyirdi ki, gəlib mülki həyatda 55-60 il yaşayıb ölməkdənsə döyüş meydanında şəhid olmaq şərafətlidir. Amma mən plan qururdum ki, onu evləndirim, qismət olmadı...”-Balaqardaş kişini qəhər boğur.

Valideynləri deyirlər ki, Emil şəhid olmasından 1 gün əvvəl, noyabr ayının 6-da evlə əlaqə saxlayıb. “Tanımadığımız bir nəfər bizə zəng vuraraq Emildən nigaran qalmamağımızı deyəndə qorxduq. Atası da , mən də elə bildik başına iş gəlib. Ona görə telefondakı tanımadığımız adamı sorğu-suala çəkdik. Bu vaxt Emil özü ratsiya ilə telefona qoşularaq döyüşdə olduğunu, ona mane olmamağımızı istədiyini deyəndə sakitləşdik”-anası söhbətə davam edib deyir.

Həyatda yeganə oğullarını itirən Təranə xanım da, Balaqardaş kişi də deyirlər ki, Emildən sonra sanki onlar da bu dünyadan köçüblər, yaşamırlar.

“Komandirləri dedi ki, Emil döyüşlərdə göstərdiyi rəşadətə görə daha yüksək fəxri ada layiq görülməsi üçün təqdimat verilib. İndi bizim ən böyük arzumuz bu təqdimatın təsdiqini görməkdir”,-şəhid anası bildirir.

Baş leytenant Emil Balaqadaş oğlu Əsədov ölümündən sonra “Qarabağ” ordeni , “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

635x100

Şərhlər

Xalq 2021-01-16 20:20:16

Allah şəhidə rəhmət eləsin! Valideynlərinə səbr diləyirik!

Son yazılar