20 yanvar həm də Çərkəz Qurbanlının ad günüdür – DEPUTAT YAZIR

Milli Məclisin üzvü, təhsil eksperti Etibar Əliyev 20 Yanvar anım günündə özünün “feysbuk” səhifəsində maraqlı bir paylaşım edib. Deputat 20 Yanvar qırğınından sonra Bakıdan Tiflisə piyada etiraz yürüşü edən, şəhid atası, dəyərli alim Çərkəz Qurbanlını xatırlayıb.

Deputatın paylaşımını təqdim edirik:

“Çərkəz Qurbanlı 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948-1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960-cı ildə M.F.Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsinə daxil olub və təhsilini 1965-ci ildə başa vurub. 1993-cü ildə Azərbaycan Dillər Universitetində Tərcümə fakültəsinin dekanı, daha sonra “Alman dilinin leksikası və üslubiyyatı” kafedrasının müdiri seçilib. 2004-2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

Çərkəz Qurbanlı 1990-cı ilin yazından “Şəhidlərdən – şəhidlərə” yol getmişdi. O, 20 yanvar qırğınına etiraz əlaməti olaraq həmfikirlərilə birlikdə Tiflisə piyada yürüş etmişdi. Çərkəz müəllimin həmin yürüşdən xatirələri: “İlk əvvəl qərara gəlmişdik ki, bu aksiyanı Bakıdan Tiflisə qədər əl-ələ tutmaqla, yol boyu insanlarla birgə keçirək. Və hər rayonun əhalisi yollara çıxmalı, əl-ələ tutub, düz Tiflisə gedib çıxmalı idi. Sonra aksiyanı özümüz həyata keçirdik, on beş günə Tiflisə çatdıq. Meydana çatanda insan axınının bizi necə qarşıladığı hələ də gözlərim önündən getmir. Bizimlə uzun illərin həsrətlisi kimi görüşürdülər. Həmin müddət ərzində artıq bu aksiyadan bütün dünya xəbərdar olmuşdu. Bu, SSRİ tarixində görünməmiş bir etiraz idi. Sonra “Azərbaycanfilm” kinostudiyasının rejissoru Xamis Muradov bu haqda kinofilm də çəkmişdi.”

Tale elə gətirdi ki, bir neçə il sonra Çərkəz müəllimin əziz oğlu Elçin 26 yaşında Qarabağda şəhid oldu. O, 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanmışdı. Elçin 1994-cü il yanvarın 6-da Qarabağda, Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Düz 22 il sonra – Aprel döyüşlərində Lələtəpə işğaldan azad edildi. Çərkəz Qurbanlı Elçinin nisgilini hər an ürəyində gəzdirirdi.

Böyük tərcüməçi alim Ç.Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” və "Məhəmməd Peyğəmbər" romanlarını alman dilindən Azərbaycan dilinə tərcümə edib.

Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb. Kafkanın “Qəsr” əsərini dilimizə çevirdiyinə görə Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən də mükafatlandırılmışdı.

Onun alman dilindən tərcümə etdiyi Stefan Svayqın bir neçə əsəri, o cümlədən “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” mükəmməl tərcümə nümunələridir.

5 may 2014-cü ildə vəfat etmişdir. Allah Rəhmət eləsin.”

“AzPolitika”

635x100

Şərhlər

Vidadi İbrahimov 2023-11-29 08:33:33

ALLAH rəhmət eləsin Çərkəz əmi.Məkanın cənnət olsun.

Son yazılar