Oktyabrın 14-dən etibarən, Liberiya, Sierra Leon və Qvineyadan Londonun Hitrou (Heathrow) hava limanının 1-ci terminalına gələn sərnişinlər Ebola virusunun simptomlarını üzə çıxarmaq üçün yoxlamadan keçəcəklər.
İngiltərə parlamenti qarşısında çıxış edən səhiyyə üzrə dövlət katibi Ceremi Hant (Jeremy Hunt) bildirib ki, rəsmi məlumata görə 8399 nəfərin yoluxduğu Ebola virusu artıq 4033 nəfərin həyatına son qoyub.
Hitrou hava limanının 1-ci terminalına Liberiya, Sierra Leon və Qvineyadan gələn sərnişinlər xüsusi ərizə doldurmalı, həmçinin bədən temperaturlarını yoxlamalıdırlar. Eyni yoxlamalar Hitrou hava limanının digər 4 terminalında və Qetvik (Gatwick) hava limanında, həmçinin Brüsseli Londona bağlayan "Eurostar" qatar vağzalında da başlayacaq.
Hant deputatlara müraciətində deyib ki, "növbəti 3 ay ərzində" İngiltərədə çoxlu Ebola yoluxmasının olacağı gözlənilir.
Britaniyalı viroloq Ben Nyuman (Ben Neuman) "The Telegraph" qəzetində dərc olunan məqalədə yoxlama ölçülərinin qeyri-effektiv olduqlarını deyir və qripp və soyuqdəyməsi olan şəxslərin Ebola daşıyıcıları ilə səhv düşəcəyini bildirir.
"Əgər hava limanı yoxlamaları daha çox soyuqlama kimi mövsüm xəstəliklərinə tutulmuş və sadəcə təzəliklə Afrikada olmuş sərnişinləri saxlasa, təəccüblənmərəm", - Nyuman qəzetə bildirib.
London Ebola yoxlamaları tətbiq edən ilk Avropa paytaxtıdır. Fransa da oktyabrın 13-də xüsusi tədbirlər görəcəyini bildirib.
Bununla yanaşı, oktyabrın 16-da Avropa İttifaqı (Aİ) səhiyyə nazirləri Brüsseldə toplanaraq Aİ üzv dövlətlərinin Ebola virusuna əlavə ölçülər götürməli olduqlarını müzakirə edəcəklər.
Bu arada isə, Brüsseldə Qvineyadan təzəlikcə qayıtmış şəxs oktyabrın 13-də yüksək hərarətlə xəstəxanaya, daha sonra isə karantinə yerləşdirilib.
"Pasientin Ebolaya yoluxması mümkündür, ancaq böyük ehtimalla bu malariyadır", - Belçikanın səhiyyə üzrə federal xidmətinin nümayəndəsi yerli mətbuata bildirib.
Xatırladaq ki, İspaniyada ötən həftə tibb bacısı Ebolaya yoluxub. Həkimlər onun vəziyyətini hələ də ağır hesab edirlər. İspan hökuməti virusun nəzarət altında olduğunu bildirir. "Hal hazırda İspaniyada nəzarətdə olan pasientdən başqa Ebola virusunu ötürə bilən başqa şəxs yoxdur. Biz tam sakitlik vəziyyətindəyik", - hökumət nümayəndəsi "El Pais" qəzetinə bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan (Margaret Chan) bildirir ki, hökumətlər çaxnaşmanın qarşısını almalı və ictimaiyyəti sakit saxlamalıdırlar. Çan deyir ki, Ebola yayılmasının iqtisadiyyata vurduğu zərərin 90%-i insanların yoluxmanı qaçırmaq üçün atdıqları düşünülməmiş addımlar nəticəsində olur.
Qərbi Afrikada ən çox yoluxan bir-neçə ölkədən başqa, "yoluxma qorxusu dünyada virusun özündən daha çox yayılıb", - Çan deyib.
(Reuters, AP, euobserver.com, El Pais, Le Soir, The Telegraph) /eunews.az


Şərhlər