Menu

Çinə qarşı peyvənd diplomatiyası - Hindistan qonşularını peyvəndlə “ələ alır”

22.01.2021, 17:54
Çinə qarşı peyvənd diplomatiyası - Hindistan qonşularını peyvəndlə “ələ alır”

Hindistan yaxın bir neçə həftə ərzində Cənubi Asiya ölkələrinə milyonlarla doza COVID-19 peyvəndi verəcək. Dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistan Serum İnstitutu tərəfindən istehsal olunan "AstraZeneca" peyvəndinin bir hissəsi Maldiv, Butan, Banqladeş və Nepala yola salınıb.

Hindistanın ötən gün Nepala bir milyon doza AstraZenecanın “Covishield” peyvəndi göndərməsi qonşular arasındakı gərginliyin aradan götürülməsinə və əlaqələrin yenidən qurulmasına kömək edəcək bir hədiyyə kimi dəyərləndirilir.

“AzPolitika.info” Qətərin “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, Nepal Səhiyyə naziri Hridayeş Tripathi peyvəndin tibb işçilərinə və bu sahədə çalışan digər işçilərə bir həftə və ya 10 gün ərzində vurulacağını söyləyib. O, Nepalın daha dörd milyon doza almaq arzusunda olduğunu bildirib və Hindistan hökumətindən bu məsələdə kömək istəyib.

Hindistanın bu jesti, onun Nepalla ərazi mübahisəsi və Asiyanın nəhəngləri arasında sıxışan bir Himalay ölkəsində, yəni Nepalda Çinin siyasi və iqtisadi nüfuzunun genişləndirilməsi fonunda baş verir. 

Pandemiya ilə mübarizə aparmaq üçün Nepala yardım vəd edən Çin, “Sinofarm” inyeksiyaları üçün Nepaldan icazə gözləyir. Nepal Narkotik İdarəetmə Departamentinin sözçüsü K.Santoş isə deyib ki, onlara icazə vermədən əvvəl əlavə sənədlər və məlumatlar təqdim etmələri xahiş edilib.

Qeyd olunur ki, Banqladeş Çinin “Sinovac Biotech” firmasından pulsuz olaraq 110.000 doza peyvənd almalı idi. Lakin rəsmi Dakka həmin peyvəndin inkişaf etdirilməsi üçün maliyyə ayırmaqdan imtina edib və bu, münasibətlərdə böhrana gətirib çıxarıb. 

Bunun əvəzində, Banqladeş təcili təchizat üçün Hindistana üz tutub və ötən gün hədiyyə olaraq iki milyon doza peyvənd alıb . Hökumət gələn həftə 168 milyonluq əhaliyə peyvənd vurulmasına başlamağı planlaşdırır. Səhiyyə naziri Zahid Maleke Banqladeşin əlavə 30 milyon doza peyvənd satın aldığını və aylıq beş milyon doza alacağını söyləyib. Yoxsul ölkə olan Banqladeşdə bu günə kimi koronavirusdan 8000 insan dünyasını dəyişib.

Hindistan Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsi olaraq limanlar, yollar və elektrik stansiyaları inşa etdiyi Şri- Lanka, Nepal və Maldiv adaları kimi ölkələrdəki Çin investisiyaları ilə ayaqlaşmaq üçün illərdir mübarizə aparır. Siyasətçilər bildirir ki, turizmdən asılı iqtisadiyyatlarını canlandırmağa can atan bu ölkələrdə peyvəndə olan tələbat, Hindistan hökumətinə həmin ölkələrə geri qayıtmaq üçün şans yaradıb.

Hindistan yaxın üç-dörd həftə ərzində ilk yardım dalğasında qonşularına 12 milyondan 20 milyona qədər vaksin verməyi planlaşdırır. Dehli bu ölkələrin bəzilərində səhiyyə işçilərinin yetişdirilməsinə və peyvəndlərin istehsalı üçün infrastrukturun qurulmasına kömək etməyi də düşünür. Və bütün bunların Hindistanın regiondakı siyasi nüfuzuna, eləcə də Çinlə rəqabətdə mövqelərinə xeyli müsbət təsir edəcəyi gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol