Ağoğlan və Ağqız kilsələri

İlhami Cəfərsoy

filologiya elmlər doktoru

Ermənilərin Axtamar, Ağçinik, Amaras adlandırdıqları kilsələrin qədim adı Ağtamar, Ağoğlan, Ağqız olmuşdur. Həmin kilsələr xristianlıqdan əvvəl oğlan və qız məbədləri idi. O məbədlərdə ilahələrin mərmər bütləri saxlanırdı.

Xristianlığın ilk illərində Suriyadan, Fələstindən gələn keşişlər məbədləri dağıdır, bütləri sındırır, ağac pirləri kəsdirirdilər. Bu da insanların qəzəbinə səbəb olurdu. Ona görə də keşişlər kilsələri qədim məbədlərin bünövrəsi üzərində tikdirməyə başladılar. Bütləri sındırmayıb zirzəmilərə yığdılar.

Suriyalı keşişlər uzun müddət kilsələrə çevirdikləri məbədlərin adlarını da dəyişdirə bilmədilər. Albaniyanın, İveriyanın, Van gölü vadisinin yerli türk icmaları uzun illər öz kilsələrini xristianlıqdan öncəki məbədlərini adları ilə adlandırdılar.

Çox sonralar Xatun monastırına Mariya, Ağoğlan kilsəsinə Amaras adı verildi. Kür çayı boyundakı Almaz dağının ətəyindən tapılan bir qəbir daşına yazılıb: - Mən Mariya, Saltux övladı, əvvəlki adım Xatun idi (Меликсетбеков1938.s.73).


Elə bir erməni tapa bilməzsiniz ki, Xatun adının bizə aid olmadığı barədə mübahisəyə girişsin. Vladimir Yolçuyevin general babaları Qafqazı işğal edənə qədər katolikos Nikolayın (1676-1700) erməniləşdirdiyi Mariya qız məbədi Xatun adlanırdı (Мелuксетбеков 1938.1.66) Bundan əlavə , Sunik mahalında Məvari-Xatun adlı vilayət var idi (Шопен 1866.1.65). Məvazi-Xatun xatuna sitayiş edənlərin yurdu, məkanı deməkdir.

Bakirə Məryəmi Xatun adlandıran türklərin bir nəsli də Abxaziyada yaşayırdı. Bunu müasir gürcü tarixçiləri inkar etsələr də, fransız qafqazşünası Mari Brossenin 1828-ci ildə Parisin Asiya Cəmiyyətindəki məruzəsində görürük (Буаридзе 1983.1.224).

Qəbir daşları üzərindəki bu yazılar göstərir ki, yalnız Albaniyanın yox, Abxaziyanın, Acarıstanın, Van gölü vadisinin ilk xristian icmaları türk olmuşdur.

Qriqorinin Albaniyada sökdürdüyü məbədlərin biri Ağoğlan, biri Ağqız icmasına məxsus idi. Həmin icmalar indi Dağlıq Qarabağ adlanan Ağbağ mahalında yaşayırdılar. Ağbağ nəslindən Həsən Cəlalın atası Xaçın hakimi Vaxtanq çıxmışdır. Ermənilər Ağbağ nəslindən olan elm və din xadimlərinin soyadlarını Axbaxetsi, H`Axbaxetsi kimi yazmaqla uzun zaman tədqiqatçıların diqqətini yayındırdılar (КиракосГандзакеци 1946.s.135,273,280).

İudeya mənşəli ermənilərin – baqratunilərin iddialarına görə kilsələrin Amaras adı Ağoğlandan qədimdir. Guya Laçının Ağoğlan kəndinin əhalisi sonralar Amaras kilsəsini Ağoğlan adlandırmışdır. İstər Amaras olsun, istər Ağoğlan türk etnotoponimləridir.

1954-cü il idi. Zelik Yampolskinin Azərbaycan Tarix İnstitutunun əsərlərində məqaləsi çap olundu. Məqalədə göstərilirdi ki, Ağoğlan kilsə adları Amarasdan əvvəlki dövrə aiddir (Ямпольский 1954.s.100-108). Elmlər Akademiyasının beşinci, altıncı, yeddinci mərtəbələrində aləm bir-birinə dəydi, danos danos dalınca yazıldı.

Adı bizdən olanlar yevrey əsilli alimi türkçülükdə ittiham edirdilər. Ancaq gec idi. İosif Vissarionoviç Cuqaşvili bir il idi ki, ölmüşdü. Stalinizmin bizi Sibirə, yevreyləri Birobicana aparan qatarları sınaraq yolda qalmışdı.

Ağoğlan İsa məsihin, Ağqız bakirə Məryəmin arxaik türk variantlardır. Bizim mifik təxəyyülumüzdə o inanc xristianlıqdan çox qabaq, Musa peyğəmbər Misirdən Fələstinə köçüb gələndə var idi. Biz islamiyyətdən sonra o inancı unutduq. Yakutlar, tuvalar isə unutmadılar, yüz illərlə ürəklərində yaşatdılar.

Yakutların və uyğurların inancına görə Ağoğlan insanların ilk atası, Agqız insanların ilk anasıdır. Ağoğlan anadan olanda Ağ Ana -ağacdan doğulan qadın onu əmizdirir, əlinə od, su, dəmir verir (Bahaeddin Ögel 1971.s.55, 101-103).

Körpə oğlan uşağının əlinə od, su, dəmir vermək ona alplıq, ərənlik verilməsinə işarədir. Babalarımız dəmiri ocaqda qızdırıb suya salmaqla qılınc, xəncər düzəldirdilər, silahlanıb düşmənləri məğlub edirdilər.

Ağacdan doğulma inancının izləri epizodik olsa da, Dədəmiz Qorqudun kitabında qorunub qalmışdır. Basat ondan əsil-nəcabətini soruşan Təpəgözə deyir:

-Anam adın sorar olsan, qaba ağac (KDQ 1988.s.102). Qaba ağac gövdəsi hamilə qadın bədəni kimi qabarmış ağac deməkdir. Gövdəsi qabarmış ağaclardan alp ərənlər, ağoğlanlar çıxırdılar.

Vaxtilə Qarabağda Ağoğlu, Ağoğlan, Ağqız, Dağıstanda və Şirvanda Qızlar, Qızoğlu kəndlərinin varlığı göstərir ki, İsa məsihə Ağoğlan, bakirə Məryəmə Ağqız deyən əcdadlarımız Azərbaycanın qədim sakinləridir.

Molla Pənah Vaqifin Ağqız nəslindən Piri adlı dostu var idi. Vidadi ona xitabən yazır:

Quşçu Namazəli fərağındadır,

Ağqız oğlu Piri sorağındadır.

Ağqız oğlanları eradan əvvəl 782-ci ildə Urartu çarları ilə vuruşa-vuruşa Göyçə gölü vadisində Ağova şəhərini saldılar. E.ə. II minilliyə aid Xurrit yazılarında onların ölkəsi Akia, e.ə. I minilliyə aid Urartu kitabələrində Axiani adlandırılır ( Мещанинов 1929.s.56; Пиотровский 1939.s.11).

Biz Musa Xorenlinin, Yeqişenin kitablarının 150-200 il bundan əvvəlki nəşrlərini əldə edib (Хоренский 1808.izahlar,Хоренский 1893.s.292; Щопен 1852.s.296 ) Ağova nəslinin gerçək tarixini öyrənmək əvəzinə, internet saytlarında yerləşdirilən saxta məlumatlara inanırıq. Bir şeirdə deyildiyi kimi:

Yəhərlənmiş day gəzirik

Yalmanına yatmaq üçün.

Dayazlığa baş vururuq

Dərinliyə çatmaq üçün.

Ağoğlu nəslinin bir oymağı bayatlara, bir oymağı qaşqaylara qoşularaq Səfəvilər dövründə Şiraz mahalını tutmuşdu. 

Şirazdakı Ağoğlu nəslindən Hacı Məhəmmədsadıq Ağoğlu, Hacı Molla Abbas Ağoğlu, Axund Molla Rza Ağoğlu, Axund Fətəli Ağoğlu adlı elm və din xadimləri çıxmışdır (İbrahimov Şahin 1988.s.27,28,103).

Erməni naşirləri Ağova etnonimini rus dilində çap olunan kitablarda Axovit kimi yazmaqla (Хоренский 1893.s.292) tədqiqatçıların bir qisminin diqqətini yayındıra bildilər. 

Onlardan fərqli olaraq L.M.Meliksetbekov yazır ki, Axovit ağovalı deməkdir. Həm İrəvan çuxurundakı, həm Van gölü vadisindəki kəndlərin adı Axova olmuşdur (Меликсетбеков 1911.s.41 ).

İ.İ. Şopen yazır ki, Axova mahalının biri də Alagöz dağının ətəyində idi. Bundan başqa ermənilərin Ktayk adlandırdıqları Kitay mahalında Axberd adlı qala var idi (Щопен 1852.s.288,296).

Axberd Ağoğlu etnosunun qalası deməkdir. Baqrationlar İudeyada yaşayarkən hasarlanmış şəhərciklərə berit deyirdilər. Ərəblər indi Berit şəhərini Beyrut adlandırırlar.

Eradan əvvəl 782-ci ilə aid bir Urartu mixi yazısında deyilir ki, Akiani gölün o tərəfindəki 19 ölkədən biridir (Мещанинов 1929.s.56). Bu yazı onu göstərir ki, Ağova etnosunun bir hissəsi Urartuya tabe olmayıb, Van gölü vadisindən Göyçə gölünün şərqinə, Kəpəz və Murov dağlarının arasına çəkilmişdir.

Türkiyədəki Ağova ölkəsinin başçılarından biri eradan əvvəl IX əsrdə At totem adı daşıyırdı. Assuriya hökmdarı III Salmanasarın e.ə. 858-ci ildə yazdırdığı bir kitabədə deyilir: - Axini ölkəsinə qoşun yeridib dinqir Atbininin əsgərlərini məğlub etdim ( Пиотровекий 1939.s.11). Mətndəki dinqir Atbini totemi at olan etnosun patriarxı deməkdir.

Ağqız kultu xristianlıqdan öncəki h`ayların panteonunda Axçik də adlanır. Axçikin timsalında bakirə qızlara tapınan etnoslardan biri özünü Axçinik adlandırırdı (Хоренский 1893.s.292). Ərzincan yaxınlığında yaşayan axçiniklər türklər kimi iltisaqi dilli, Şumer mənşəli olduqlarından (İlhami Cəfərsoy 2020.s.3-64) anaya eq, bakirə qızlara aqcik, yəni anacıq deyirdilər.

Axçik sözü gənc qız anlamında indiki erməni dilində də vardır. Bu da onunla bağlıdır ki, 387-ci ildən sonra h`aylar məğlub olaraq erməniləşmiş, nəticədə aqcik sözü qarabardan aşxarabara keçmişdir.

İ.İ. Şopen kilsə salnamələrinin ilkin nüsxələrinə istinadən yazır ki, Van gölü ilə Sevan gölü arasındakı Axçik qalaları Gök də adlanır (Щопен 1852.s.58,296). Ona görə gök adlanır ki, axçiklər göydən gələn müqəddəs şüalardan hamilə olub, ağoğlanları doğurdular.

Xristianlıqdan öncəki Axçik yaşayış məskənlərinin çoxu Axçinik mahalında yerləşirdi (Хоренский 1893.s.292). Axçinik bakirə axçiklərin göbəyindən çıxanların ölkəsi deməkdir.

İstanbul arxiyepiskopu Malaxiya Ormanyan I Dünya müharibəsi ərəfəsində nəşr etdirdiyi "Erməni kilsələri" kitabında yazır ki, patriarx I Komitas (-628) Axçik nəslindən çıxmışdır (Оpманян 1913.s.198). Xüsusilə maraqlıdır ki, ilk Aramey mətnlərində Axçik nəsli Eqlon adlandırılır (Эpнст Pенан 2750.s.197 ). Eqlon eqlilər, yəni ağoğlanlar deməkdir. Bu barədə “Eçmiadzin, yoxsa Eq+miadzin” əsərində bilgi veriləcəkdir.

Biz yalnız kilsələri öz əvvəlki görkəminə qaytarmaqla kifayətlənməməliyik. Monastırlarda yaratdığımız dini və dünyəvi ədəbiyyatı elmi tədqiqatın obyektinə çevirməliyik.

Ermənilərin H`Ovanes Yerzinqatsi adlandırdıqları Ərzincanlı Uvanın Məryəm anaya həsr etdiyi bir şeirdən nümunə verirəm:

Սենսենարի, գըզՄարիամ,

Յազըխլարըմադերման.

Թանկրիդիրսենդենդողան,

ԹանկրիմանարսըՄարիամ.

Sensin, ari qız Mariam,

Yazıxlarıma derman.

Tanqridir senden doğan,

Tanqrim anası Mariam.

Nizami Gəncəvi öz poemalarını farsca yazanda Ərzincanlı Uvan şeirlərini türk dilində yazırdı. Biz Nizamini müsəlman Azərbaycan şairi kimi tanıyırıq, Uvanı xristian türk şairi kimi tanımırıq.

Akademik M.X.Abeğyan yazır ki, Uvan erməni şairidir, ancaq nədənsə öz şeirlərini türk dilində yazırdı. Uvan şeirlərini Ərzincanın müsəlman türkləri üçün yazmırdı, xristian türkləri üçün yazırdı. Bunu Manuk Xaçaturoviç yaxşı bilir. Biz isə pis bilirik və ya heç bilmirik.

28 il gecikmiş olsa da, bizim Mədəniyyət Nazirliyimizin “Xristian irsimizi tanıyaq” təşəbbüsü alqışa layiqdir. Bu istiqamətlə yeni tədqiqat əsərləri yazılmalı, kilsələr, monasırlar əvvəlki görkəminə qaytarılmalıdır. Sübuta yetirilən tarixi bilgilır Təhsil Nazirliyi tərəfindən dərsliklərə salınmalıdır

635x100

Şərhlər

Pərviz Əliyev 2021-01-30 22:17:37

Çox sağ olun İlhami müəllim çox geniş və əhəmiyyətli araşdlrmadır

Veteran 2021-01-27 10:21:24

"düzdanışana"deyəsən sənin dığalarla qohumluğun var?

Veteran 2021-01-26 17:06:40

Növbəti tarixi-elmi yazılarınızı səbirsizliklə gözləyirik çox hörmətli alimimlz.Çox sağ olun!

Düzdanışan 2021-01-25 21:33:47

Barıtını bir az bol eləmisən deyəsən

Xalq 2021-01-25 18:42:56

İlhami müəllimə dərin təşəkkürümüzü bildiririk bu gözəl yazıya, tədqiqatlarına görə. Müəllifin dediyi fikirləri dəstəkləyirik! İlhami müəllimin fikirləri ermənilərin indiyə qədər tutduqları mövqeyləri param-parça edir. Deməli erməni hər şeyi bizdən yəni Albanlardan oğurlayıb!

Seyid Ənhu 2021-01-25 18:35:41

Çox sanballı elmi məqaləyə görə müəllifə dərin təşəkkürümü bildirirəm. İllər boyu deməkdən yoruldum ki, biz öz kilsə və monastrlarımıza sahib çıxmalıyıq.Bu gün guya kilsə təəssübkeşliyi altında üstümüzə gələnləri fakt qarşısında qoymalıyıq. Onlara anlatmalıyıq ki, bu kilsə və məbədləri biz onlardan da çox sevirik.

Son yazılar