Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov şəxsi elektron poçtu vasitəsilə mediaya bəyanat ünvanlayıb.
Emin Hüseynov bəyanatında jurnalist Xədicə İsmayılı müdafiə edərək ona qarşı olan təzyiqlərə son qoyulmasını tələb edib.
Bəyanatda bildirilir ki, RATİ jurnalistə qarşı təzyiqləri qətiyyətlə pisləyir, hökuməti jurnalistə qarşı başladılan kampaniyanı dərhal dayandırmağa çağırır:
"Belə ki, Xədicə İsmayılın diffamasiya maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə verilməsi, hökumətyönlü mediada jurnalistin ermənilərə əməkdaşlıq edilməkdə günahlandırılması, hava limanında saxlanılması onun üçün həbs təhlükəsi olduğunu göstərir.
Son olaraq, Xədicə İsmayılın ölkəni tərk etməsinə qadağa qoyulub. Bunun nəticəsində jurnalist oktyabrın 12-də “Forum2000” konfransında iştirak üçün Praqaya yola düşə bilməyib. Bakının Heydər Əliyev adına hava limanının sərhəd məntəqəsinin rəsmiləri ona bildiriblər ki, Baş Prokurorluq onun ölkədən çıxışına qadağa qoyub. Lakin qadağanın səbəbləri Xədicə İsmayıla bildirilməyib.
Xədicə İsmayılın ölkədən çıxışına qanunsuz əsaslarla qadağa qoyulması jurnalistin peşə fəaliyyətinə maneə və Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hərəkət azadlığı hüququnun kobud pozuntusudur."
Xatırladaq ki, avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb. Avqustun 11-də prokurorluq əməkdaşları ofisin qapısını möhürləyib. Bundan sonra "yoxa çıxan" Emin Hüseynov və qardaşı Mehman Hüseynovun harada olduğu bilinmir.
* * *


Şərhlər