"Oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edəcək qonaqlar nəzarətsiz ölkəyə daxil olmayacaq”. Bunu Lent.az-a açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov deyib.
Onun sözlərinə görə, xarici vətəndaşların hamısı sərhəd keçid məntəqələrində Ebola virusuna qarşı yoxlanıldıqdan sonra ölkəyə buraxılacaqlar: “Bütün Sərhəd Keçid Məntəqələrinə Sanitar Karantin Müfəttişliyinin mütəxəssisləri tərəfindən nəzarət edilir. Nəzarətçilər müşahidə aparır. Sərhədi keçənlər sorğu-sual olunur, onların temperaturu ölçülür. Şübhəli hal olarsa, həmin şəxs haqqında Respublika Taun Əleyhinə Stansiyaya məlumat verilir.
Həmin şəxs Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq Ağciyər Xəstəlikləri İnstitutuna göndəriləcək. Orada yaradılmış xüsusi palatalarda yerləşdiriləcək. Xüsusi qaydalar əsasında həmin şəxsdən qan nümunəsi götürülüb stansiyaya analiz üçün göndəriləcək. Bu nəzarət tək foruma gələcək qonaqlar üçün deyil, Ebola təhlükəsini nəzərə alaraq ölkəmizə gələn hər kəs üçün edilir”.


Şərhlər